Newscenter.az.28.06.2021. Bir neçə gündür sosial şəbəkələrdə sentyabrdan Naxçıvanda keçiriləcək toyların sadələşdirilməsi, israfçılığın qarşısının alınması üçün yalnız şirniyyatın olacağı xəbəri müzakirə olunur.
Naxçıvan iməciliklər keçirilərək hər il böyük sahələrdə meşə salınması, yaşıllaşdırmada, yas mərasimlərinin sadələşdirilərək yas sahiblərinin xərcinin azaldılmasında, qəbirüstü abidələrin sadə formada düzəldilməsi zamanı mərhumun yaxınlarının büdcəsinə qənaət edilməsində, məktəb və universitetlərə həm şagird-tələbə, həm də müəllimlərin vahid formada gəlməsi, ilboyu quruculuq-təmir işlərinin aparılması, əsgərə yardım aksiyalarının tez-tez təşkil edilməsi və digər bütün sahələrdə hər zaman nümunə olub.
Paytaxt Bakıda 10-15 min manata başa gələn yas mərasimləri Naxçıvanda 800-1000 manatla yekunlaşır. Sadələşdirilən yas mərasimi mərhumun ailəsini əlavə xərclərdən, borcdan, sıxıntıdan azad edir.
Toy mərasimlərinin təşkili, toylarda adət-ənənənin pozulması, israfçılıq son zamanlar əndazəsini aşmışdı. Ona görə də toy mərasimlərinin sadələşdirilməsi və israfçılığın qarşısının alınması vacibdir. Əminəm ki, bu gözəl nümunə də ilk dəfə Naxçıvanda tətbiq olunaraq paytaxta çatacaq. Qardaş Türkiyədə uzun illərdir ki, toylar sadə formada, şirniyyat süfrələri ilə keçirilir. Toyun belə sadə süfrə ilə keçirilməsi yeni ailə quran cütlüklərin toydan sonra borc-xərcə düşməsinin, illərlə kredit ödəməsinin, toyda alınan qızılların satılmasının da qarşısını alacaq. Bu da bəzən borc-xərcə görə narazılıq yaranaraq boşanmalara aparıb çıxaran dava-dalaşın da qarşısını alacaq.
Toyların sadələşdirilməsi, sadə süfrəylə keçirilməsi vacibdir, vətəndaşların ailə büdcəsinə xeyirlidir. Süfrədə çoxsaylı yeməklər olsa da çoxu ya zibilliyə, ya da köhnə yemək kimi növbəti toya verilir. İsrafçılığın qarşısı mütləq alınmalıdır. Sadə toyların keçirilməsi təklifini dəstəkləmək və tətbiq etmək lazımdır.
Elyar İslamoğlu-siyasi ekspert