Newscenter.az.29.06.2021. Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda “EUROPA 2021” poçt markalarının buraxılışına qərar verib.
Newscenter.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu mövzuda Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbiri (Panthera Pardus Ciscaucasica), Muflon (Ovis Orientalis) və Cənubi Qafqaz kərtənkələciyinə (Eremias Pleskei) həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb.
Belarus Respublikasının Bobruysk şəhərində 350 min tirajla çap olunan markaların müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.
Qeyd edək ki, Qafqaz bəbirinə həsr edilmiş poçt markası “EUROPA 2021” poçt markaları müsabiqəsində ölkəmizi təmsil edir. Qaliblər səsvermə yolu ilə müəyyən ediləcək. Mayın 9-da başlamış səsvermə 9 sentyabr tarixində başa çatacaq. Hazırda ölkəmizi təmsil edən markaya dəstək olmaq imkanımız var.
Xatırladaq ki, səs vermək üçün bu linkə (https://europa2021.posteurop.org/#/my-vote:Azerbaijan%20) daxil olaraq “Your vote” xanasından Azərbaycanı seçir, sonra isə müvafiq xanalara adınızı, soyadınızı, elektron poçt ünvanınızı qeyd etmək və “Privacy Policy”ni təsdiqləməklə “Submit my vote” düyməsini sıxırsınız.
Məlumat üçün bildirək ki, zəngin bioloji müxtəlifliyə malik Zəngəzur Milli Parkı nəsli kəsilməkdə olan heyvanların sayının qorunub saxlanılması məqsədilə yaradılıb.
Sevinc