Newscenter.az.29.06.2021. Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı.
Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.
Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu.
Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə, milli faciə idi. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Ölkəmizin iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi.
Torpaqlarımızın işğaldan azad edilməsi ədalətin təntənəsi, eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyi oldu. Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, şəhidlərimizin qisasını aldı.
Möhtərəm Prezident cənab İlham Əliyev Müzəffər Ordumuzun Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında - Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”.
Ölkəmizdə ordu quruculuğu prosesinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, müstəqil Azərbaycanda peşəkar, nizam-intizamlı, vahid komandanlıqdan idarə olunan Silahlı Qüvvələrin formalaşdırılmasına şərait yaratdı, qısa müddətdə güclü ordu yaradıldı.
Ölkə başçısının Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hərb quruculuğu sahəsində ciddi nailiyyətlər əldə olundu, ordu müasir hərbi texnika və silahlarla təmin edildi. Bu sahəyə xüsusi diqqət, aparılan davamlı islahatlar Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu siyahısında yer tutmasını şərtləndirdi.
Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə idi. Yorulmaz fəaliyyətin nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi.
Dövlət başçısına olan inamın qaynaqlandığı ünvanların sayı gündən-günə artmaqdadır. Avropalı diplomatları da heyran qoyan məhz xalq-hakimiyyət vəhdəti, amal və məqsəd birliyidir. Heç də əbəs yerə dünyanı iqtisadi, siyasi, humanitar burulğana düşmüş bir okeana, Azərbaycanı isə ortasında sabitlik, əmin-amanlıq, dinclik hökm sürən adaya bənzətmirlər. Doğrudan da, ölkəmizin inanılmaz dərəcədə inkişafını əsaslandıran bir sıra amillərin arasında xalq-iqtidar birliyinin əsas götürülməsi təsadüfi deyil.
Artıq düşmən ölkə anlamalıdır ki, dövlətimi bundan sonra da güclənəcək, hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verilib, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır.
2016-cı ilin aprelində Azərbaycan Ordusunun qazandığı uğur Sarkisyan rejiminin sonu idisə, 2020-ci il Vətən müharibəsindəki məğlubiyyət revanşistlərin hakimiyyətə qayıdışı ümidinin üzərindən birdəfəlik xətt çəkdi. Artıq sadə insanlar yaranmış reallıqları qəbul etmək məcburiyyətində qaldıqları üçün Ermənistanda revanşistlərin heç bir siyasi perspektivi yoxdur. Ermənistanda seçki günü yaşanan gərginliklər, edilən rüsvayçı müdaxilələr bu ölkədə ictimai-siyasi böhranı bir qədər də dərinləşdirdi. Artıq Azərbaycan güclü iqtisadiyyata sahibdir və regionda güc mərkəzidir. Qalib ölkə olaraq da diktə edən tərəfdir. Ermənistan isə regionda yaranmış yeni reallıqları qəbul etmək məcburiyyətindədir.
Şanlı Zəfər azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Beynəlxalq aləm gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Möhtərəm Prezident cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi dövlət başçımızın ətrafında birləşəcək.
Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi