Newscenter.az.30.06.2021. Hər bir insan dünyaya gələndə Uca Yaradandan ona bir bəxt yazılır. Bu bəxti normal yaşamaq insanın ixtiyarına verilir. Kim bu həyatını Uca Yaradana hizmət edə-edə yaşayarsa, onun taleyində nə qədər çətinliklər olarsa, həmişə üzüağ çıxar. Çünki Allah-taala qoruyan şəxsi kimsə ləkələyə, məhv edə bilməz.
Ömrüm boyu ibadət əhli olmuşam, Uca Yaradanı atəşlə sevmişəm, bəşəriyyətə göndərdiyi peyğəmbərləri, övliyaları, Əhli-beyti, on dörd məsumu hədsiz məhəbbətlə yad etmişəm, ən ağır dəqiqələrimdə onlardan imdad istəmişəm. Onların türbələrini ziyarət edəndə Uca Yaradanla aramda vəsilə olmalarına yalvarmışam ki, Uca Yaradan dualarımı qəbul etsin...Uşaq yaşlarından böyüklərimdən eşidərdim ki, əlinə Qurani-kərimi götürdüyündə şeytan hirslənər, Qurani-kərimi açanda ağlayar, Bismillahir-Rəhmanir-Rəhim deyəndə qaçar, oxuyanda huşunu itirər. Bir də böyüklərim deyərdi ki, həmişə ümidini Uca Yaradana bağla, çünki səni çətinliklərə salıb oradan sağ-salamat çıxarıb, yenə yüksəldən Odur! Necə ki, qul kimi satılan Həzrəti Yusifi dərin quyudan çıxarıb Misirin əzizi etdi... Bunları elə-belə misal çəkmədim...Ona görə bu misalları çəkdim ki, həyatım boyu bu meyarlarla yaşamışam. Əgər Allahın kölgəsi bir adamın üzərində varsa, onu Həzrət Yusif kimi düşdüyü ən dərin quyudan çıxarıb, həyatını çıraqban edər...
Bu həssaslığı mənə Yaradan verib və hesab edirəm ki, hər bir insan ona Tanrının verdiyi hissləri qorumalıdır. Fikrimi belə ifadə edim, bu cür olmaq həm çətindir, həm də rahat.dünyada bioloji varlıqların çox olmasına baxmayaraq duyğular ancaq insana məxsusdur. İnsan bununla fəxr etməlidir. Əgər o bütün yarananlardan fərqini bir an durub düşünsə görər ki, dünyaya gəlişi səbəbsiz deyil. Bu duyğular da eləcə. Sadəcə onu öz içində axtarıb tapmalıdır. İnsan natamam şəkildə gəlir dünyaya. Fikir verin, biri incəsənətə meyillidir, o biri fizikdir, biri yaxşı sənətkardır o biri başqa bir sahədə uğurlar qazanıb. Amma ümumilikdə hamı eyni məqsədə xidmət edir.Musiqi dinləyəndə gözəl səsli xanəndənin yerinə elə bilirik ki, biz oxuyuruq. Əslində də belədir. Sadəcə bizim hisslərin o cür gözəl ifadəsi məhz ona bəxş olunub. Ya da əksinə, məndə olan yazarlıq istedadı onda yoxdur. Ona görə də mən hesab edirəm ki, insan fəlsəfi cəhətdən natamamdır və hər zaman, hər an öz axtarışında davam edir....
Həyatda insanın bir çox kredoları var və bunlar müxtəlif olur. Kiminsə kredosu yaxşılıq etməkdir, kiminsə kredosu elmə qurşanmaqdır və s. Mənim üçünsə ən düzgünü səhv etməməkdir. Həyat çox qısadır. Gözümü açıb bağladım, bir də baxdım ki, ömrümün yarisini keçmişəm. Kim zəmanət verə bilər ki, bir də gözümü açıb bağlayanda görməyəcəm ki, həyat bitib. Təbii ki, səhvsiz insan yoxdur.Amma həyatın mənasını anlamaqdan çox yardımçı olan etdiyimiz səhvlər olub. “Heç vaxt səhv etməkdən qorxma, sən mükəmməl deyilsən, ola da bilməzsən, sən İnsansan, düz yolla getmirsən, enişi-yoxuşu var bunun, sən həmişə rahat işlərin başında olmayacaqsan, asanı-çətini var bunun, həmişə üzün gülməyəcək ki, sevinci, kədəri var bunun. Əgər belədirsə, ağ-qara zolaqlar içərisində sən necə səhvsiz yaşaya bilərsən. Etdiyin səhvlərlə bir gün böyüdüyünü görəcəksən.Mütləq!” – bu fikirlə yaşayıram. Bununla özümü səhvlərə kökləmirəm, əksinə reallığı görməkdə özümə kömək edirəm. Və o yolun sonunda hədəflərimə çatacam. Bəzən özünün belə özünə bağışlamayacağın səhvlərin olacaq, amma sən hər dəfəsində o səhvlərdən aldığın dərslərlə kamilləşəcəksən. Bir də ən önəmlisi bütün hisslərini səninlə ortaq yaşayan ailən olacaq, sən onlarla nəfəs alacaqsan. Bəzən həyatına elə bir insanlar qonaq olacaq ki, xoşbəxtliyi onların varlığında tapacaqsan. Beləcə yaşayacaqsan. Bütün bunlar sənin həyatının bir parçasıdır və həyatın mənası onlarda gizlidir.Bəzən yıxılacaqsan, amma olsun, ayaqların üstündə dim-dik durduğun anın qədrini biləcəksən, qalxdığında ətrafını dərk edəcəksən, dostunu düşmənini seçəcəksən.Özünü hədəflərinlə, məqsədlərinlə birgə kəşf etdiyin gün həyatın mənasını anlayacaqsan. Düşün ki, uzun bir yolla gedirsən, əgər həmin yolda nə üçün, hansı ünvana çatmaq üçün addımladığını bilmirsinsə, o zaman o yolun sənin üçün bir mənası yoxdur. Və yaxud düşün ki, mismarı çəkiclə boş bir yerə vurursan, əgər mismarı hara və niyə bərkitdiyini bilmirsənsə, sən çəkicin mahiyyətini necə açıqlaya bilərsən, ona necə anlam verə bilərsən..Əslində bunlar bəsit nümunələrdir, amma həyat təməli öncə bəsitlər üzərində qurulur. Sonra mürəkkəbləşir, hətta bəzən düyünlənir. Bəlkə də biz çətinləşdiririk….......
Mənim mənimlə birgə böyüyən arzularım var. Hər gün onlar gerçəkləşsin deyə nələrsə edirəm. Demək ki, mənim sabahdan hansısa gözləntilərim var. Demək ki, boşuna yaşamıram. Gələcək günləri maraqla gözləməm üçün hansısa səbəbim var. Məndən ötrü həyatın daşıdığı məna budur. İnsanın çatmaq istədəyi pilləni birdən fəth etməsi, mümkünsüzdür, mümkün olmuşsa belə, demək ki, öz gücünə olmayıb, o halda mənasızdır bu, çünki sən ondan əsla zövq almazsan. Həmişə düşünürəm ki, günün birində insan özü üçün yaxşıya doğru “hardaan-hara” deməlidir. Aşağı pillələrə baxdıqda bu gün qərar tutduğu yuxarı pilləni həqiqətən qazandığını düşünməlidir, aşağı pillələrdən əsla utanmamalıdır, əksinə qürur duymalıdır həmin ilk pillələrlə, o pillələrdəki zəhmətiylə.Həyatda öz ağılına, savadına və gücünə inanmayan adam kiminsə mərhəmətinə möhtacdır.
İstənilən halda həyat mənasız deyil. Özündən böyük məna daşıyır HƏYAT..Biz hamımız həyat adlı bir gəminin sərnişinləriyik. Kiminsə öz payına bu gəmini zədələmə haqqı və iхtiyarı yoхdur. Çünki bir zədəli gəmi hamımızın batmasına səbəb ola bilər. Yaşlı nəsil "gəminin" kapitanı olsa da, bosmanı gənclikdir! Və gəncliyin real həyatda, sosial şəbəkələrdə yalnız qüsurlarından danışmaq və bunu onun başına qaхınc etmək heç də əsas məsələ deyil . Əsas məsələ həyatı gənclərə bu kimi dərin düşündürən fəlsəfi fikirlərlə sevdirməkdir...... Bu barədə hamımız düşünsək yaхşıdır.
Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı