Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mühəndislik Universitetində ADPU-nun 100 illik yubileyinə həsr edilən tədbir keçirilib



Newscenter.az.30.06.2021. Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, ölkəmizin təhsil tarixində xüsusi yerə, zəngin ənənələrə malik olan Pedaqoji Universitetin 100 illiyi ölkə ictimaiyyəti üçün əlamətdar bir yubiley olaraq qeyd edilməkdədir. Prezident cənab İlham Əliyevin bu ilin aprel ayında ADPU-nun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncam imzaladığını xatırladan Havar Məmmədov bildirib ki, sənəddə yarandığı vaxtdan etibarən universitetin üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirməsi, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirməsi, eyni zamanda, Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında bu ali təhsil ocağının çox sayda məzunlarının olması xüsusi vurğulanıb.

Böyük tarixi inkişaf yolu keçən ADPU-nun tarixindən ətraflı bəhs edən BMU-nun rektoru vaxtilə bu ali təhsil ocağının formalaşmasında və inkişafında görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovla yanaşı, xalq maarif komissarı Dadaş Bünyadzadənin, dövrün görkəmli ziyalıları - Üzeyir Hacıbəylinin, Vəli Xuluflunun, Bəkir Çobanzadənin və sair ziyalıların əvəzsiz xidmətlərinə toxunub.

ADPU-nun qazandığı uğurların bilavasitə Ümummilli liderimiz Heydər Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə bağlı olduğunu vurğulayan Havar Məmmədov Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtlarda, 5 dəfə ADPU-da olduğunu, universitetin, onun kollektivinin qayğıları ilə yaxından maraqlandığını, bu təhsil məbədinin inkişafı üçün müvafiq qərarlar verdiyini qeyd edib. Rektor bildirib ki, daim ADPU-ya ən yüksək qiymət verən müdrik siyasi xadim, görkəmli dövlət rəhbəri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə də dəyərli tövsiyələri ADPU-da ciddi nailiyyətlərin qazanılmasında həlledici rol oynayıb.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin də müəllim adına, müəllim əməyinə yüksək qiymət verdiyini deyən rektor ölkə başçımızın ADPU-nun inkişafına daima öz dəstəyini göstərdiyini fikirlərinə əlavə edib.

Ötən 100 il ərzində ADPU-nun 160 mindən çox yüksək ixtisaslı müəllim kadrları yetişdirən, zəngin ənənələrə malik elm və təhsil müəssisəsi kimi tanındığını deyən Havar Məmmədov söyləyib ki, Pedaqoji Universitet Azərbaycanda elm və təhsilin inkişafına dəyərli töhfələr verən tanınmış alimlər ərsəyə gətirib, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb, inkişaf edib. Yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadiminin ADPU-da təhsil aldığını qeyd edən rektor universitetin məşhur məzunlarının adını sadalayıb.

BMU-nun rektoru bildirib ki, ADPU son illərdə daha da inkişaf edərək ciddi uğurlar əldə edib. ADPU-nun dünyanın 52 nüfuzlu ali təhsil ocağı ilə əməkdaşlıq müqaviləsinin mövcud olduğunu, 34 xarici universitetlə əməkdaşlıq etiyini, tələbə mübadiləsi həyata keçirdiyini diqqətə çatdıran Havar Məmmədov əlavə edib ki, ADPU və ABŞ-ın Vaşinqton şəhərində yerləşən Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanması da mühüm nailiyyətdir.

Bu gün uğurlu fəaliyyəti ilə seçilən, nüfuzlu təhsil ocaqlarımızdan olan ADPU-nun qabaqcıl elmi nailiyyətlər, innovativ təlim-tədris texnologiyalarından yararlanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi işinə öz töhfələrini verməkdə olduğunu bildirən Havar Məmmədov Pedaqoji Universitetin kollektivini yubiley münasibətilə təbrik edib, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində göstərdikləri yorulmaz fəaliyyətlərində onlara müvəffəqiyyətlər, daha böyük uğurlara imza atmalarını arzulayıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov deyilən xoş sözlərə və təbriklərə görə BMU-nun rektoruna öz dərin minnətdarlığını bildirib.
Rektor çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin ADPU-nun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamını xatırladıb. Bildirib ki, ixtisaslaşmış ali təhsil müəssisəsi kimi Pedaqoji Universitetin müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmədiyi Sərəncamda öz əksini tapıb. Bununla yanaşı, Sərəncamda ADPU-da qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atıldığı da qeyd olunur.

Cəfər Cəfərov 1921-ci ildə cəmi 6 tələbə ilə fəaliyyətə başlayan Pedaqoji Universitetdə hər il 4 mindən çox yüksəkixtisaslı tələbənin məzun olduğunu diqqətə çatdırıb. ADPU-nun ölkənin ən böyük ali məktəblərindən biri olduğunu söyləyən rektor universitetin ölkəmizin 5 rayonunda filiallarının, Bakıda 4 kampusun və 2 kollecin fəaliyyət göstərdiyini vurğulayıb.

Universitetin uğurlu nəticələrini diqqətə çatdıran rektor tələbələrin 70 %-ə qədərinin təqaüd aldığını bildirib. Müəllimlərin işə qəbul imtahanlarında ADPU məzunlarının göstərdiyi nailiyyətlərin də çox sevindirici olduğunu deyən Cəfər Cəfərov bununla yanaşı, həm MİQ imtahanlarında, həm də magistratura səviyyəsi üzrə keçirilən imtahanlarda iştirak edən tələbələrin qəbul göstəricilərinin də yüksək olduğunu sözlərinə əlavə edib. Rektor universitetin qəbul planının həm keyfiyyət, həm də kəmiyyət baxımından artdığını, son illərdə 98-99% təşkil etdiyini söyləyib.

Cəfər Cəfərov ADPU-nun beynəlxalq əməkdaşlıq sahəsində son illərdəki böyük uğurlarından biri kimi ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramının uğurla davam etdiyini söyləyib. O, yeni tədris ilindən etibarən ADPU-da bakalavr səviyyəsində iki ixtisas üzrə ingilis bölməsinə qəbul aparılacağını da tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Emin Ağayev çıxış ediblər. Çıxışlarda ADPU-nun yaranma tarixindən və keçdiyi inkişaf yolundan ətraflı danışılıb.

Arzu
Xəbəri paylaş