Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Azərbaycana mənəvi-psixoloji yardımı əvəzolunmazdır



Newscenter.az.6.07.2021. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında imzalanan “Şuşa bəyannaməsi” iki qardaş ölkə arasında olan strateji münasibətləri yeni bir inkişaf mərhələsinə keçirmiş oldu. İmzalanan bəyannamə həm Şuşanın, həm Qarabağın, ğhəm də regionun gələcək inkişafı üçün yeni üfüqlər açmış oldu. Şuşa bəyannaməsi yaxın gələcəkdə öz yurdlarına qayıdacaq olan şuşalılarla yanaşı burada yaşayacaq erməni əsilli Azərbaycan vətəndaşlarına da sülh və əminamanlıq vəd edir. Şuşa bəyannaməsinin imzalanması çox böyük tarixi hadisədir. Bu Türkiyə-Azərbaycan münasibətlərinin dahada inkişaf edəcəyinin və bu dostluğun daha da dərinləşəcəyinin müjdəsidir.

Hazırda Ermənistanda baş verən hərc-mərclik, xüsusən də Qarabağ ermənilərinin digər ermənilər tərəfindən sıxışdırılması, müharibənin baş vermə və məğlub olma səbəbi kimi onların göstərilməsi ermənilərin regionda inteqrasiyası üçün zəmin yaradan amillərdəndir. Artıq erməni cəmiyyətinin aşağı təbəqəsi ilə yanaşı siyasətçilər və digər zümrə nümayəndələri də regionda inkişafın yeganə yolu kimi Azərbaycanla mehriban münasibətlərin yaradılmasında görürlər. Buna misal olaraq Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanı və onun xarici işlər üzrə müşaviri Jirayr Liparidyanı göstərmək olar. Onlar Dağlıq Qarabağın hüquqi baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Həmçinin bloger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan da müharibənin öz ölkələrinə heç bir yaxşı gələcək vəd etmədiklərini dilə gətirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin inkişafının, iqtisadiyyatının dirçəlməsinin və sülhün yeganə yolu kimi sülh müqaviləsinin imzalanmasında və mehriban qonşuluq şəraitində yaşamaqda görür.

Görünən odur ki, Ermənistandakı bütün revanşist qüvvələrin səylərinə baxmayaraq ölkə əhalisinin əksəriyyəti sülh şəraitində yaşamağın, torpaqların həqiqi sahiblərinə qaytarmağın düzgün yol olduğunu anlaya bilirlər.

Erməni lobbisi, xüsusən də ABŞ-da fəaliyyət göstərən qüvvələr müəyyən yollarla hər zaman Türkiyə və Azərbaycana Amerikanın əli ilə təsir göstərməyə çalışır. 2021-ci il iyunun 8-də ABŞ senatının xarici əlaqələr komitəsində prezident Baydenin 2022-ci il maliyyə ili ilə bağlı dinlənmələrində bir neçə senator xüsusilə Nyu Cersi ştatını təmsil edən demokrat Bob Menendes Dövlət departamentini Azadlığa Dəstək Aktına “907”-ci düzəlişi dayandırmaqla Azərbaycana yeni imkanlar tanımaqda günahlandırıb. O erməni əsirlərin qanunsuz saxlandığını bildirib. Senatorlar Bred Şerman(demokrat-Kaliforniya)və Barbara Li(demokrat-Kaliforniya) da 907-ci düzəlişin qüvüvədə saxlanılmasını bildirdilər. Dinləmələrdən əvvəl Amerikanın Erməni Milli komitəsinin icraçı direktoru Aram Hamparyan ermənilərə vəd edirdi ki, 907-ci düzəliş yenidən qüvvəyə minəcək. Lakin ermənilərin gözləntiləri yenə də özünü doğrultmadı.

907-ci düzəlişdən əllərini üzən ermənilərin növbəti gözləntisi iyunun 14-də keçirilən NATO Sammitinə idi. Bu sammit çərçivəsində ABŞ prezidenti Co Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında görüş baş tutdu. Ermənilər Baydenlə Ərdoğan arasında olan görüşün o qədər də yaxşı keçməyəcəyinə və Baydenin Ərdoğana, Ərdoğanın da İlham Əliyevə ciddi reaksiya verəcəyinə inanırdılar. Bu dəfə də ermənilərin xəyyalları puç oldu. Görüşdən sonra Bayden Türkiyə və ABŞ-ın münasibətlərinin tərəqqiyə nail olacağına ümid etdiyini vurğulaması və Ərdoğanın görüşü “məhsuldar və səmimi” olaraq xarakterizə etməsi və hətta bu görüşdən bir gün sonra Şuşaya gəlməsi və burada bəyannamə imzalaması erməniləri daha çox fiaskoya uğratdı.

Artıq NATO Sammitindən sonra Ərdoğanın Şuşaya gəlməsi və burada hərbi əməkdaşlıq haqqında müqavilənin imzalanması NATO-nun Türkiyənin simasında regiona daxil olması deməkdir. Bu isə regionda öz gücünü daima göstərməyə çalışan Rusiyanın sıxışdırılması deməkdir. Rusiyanın son zamanlar Əfqanıstanda, Suriyada, Liviyada və digər regionlarda hərbi əməliyyatlar aparılması, ordunun bu regionlarda saxlanılmasını təmin etməsi iqtisadiyyatında “laxlanmalar” yaradır ki,bu da onun zəifləməsinə, bütün gücü əlində saxlaya bilməməsinə gətirib çıxarır. Erməni toplumu da anlayır ki, Qarabağdan rus sülhməramlılarının çıxması ilə onlar azərbaycanlılarla üzbəüz qalacaqlar. Bu durumda isə iki seçim yaranır:sülh şəraitində mehriban şəkildə yaşamaq və ya müharibə. Müharibə yolunun nə qədər əlverişsiz olması cəmi 44 gün ərzində özünü göstərdi. Hər halda məntiqli düşünməyi bacaran hər bir erməni savaşın onlar üçün nə ilə nəticələnəcəyini artıq yaxşı bilir. İqtisadi blokadada olan, böyük işsizlik problemi yaşayan bir ölkə üçün ən gözəl seçim günü gündən inkişaf etməkdə olan, öz istehsal etdiyi malları dünya bazarına çıxarmağı bacaran, zəngin sərvətlərə malik olan qonşu ölkələrlə sülh şəraitində yaşamaq, onlarla iqtisadi əlaqələr yaratmaqdır. Bunu əsaslandıran ən önəmli amillərdən biri də əraziyə sərmayə yatırımının olmasıdır. Zamanla Şuşa və Xankəndi kimi şəhərlər inkişaf etmiş zonalara çevriləcəklər. Ərazinin relyef və təbiətinin turizm potensialı vasitəsilə bu şəhərlərdə yeni kurort zonalar, turizm mərkəzləri yaradılacaqdır.

30 illik işğala son qoyan Vətən müharibəsinin gedişi zamanı Türkiyənin mənəvi-psixoloji yardımı əvəzolunmazdır. Müharibəyə qədər də Türkiyə istər siyasi arenada, istərsə də digər sahələrdə daima qardaş Azərbaycanın yanında olduğunu hiss etdirməyi ən yüksək səviyyədə bacarmışdır. 15 iyun Şuşa bəyannaməsinin imzalanması isə artıq bu mübasibətlərin daha da yüksəlməsinə yol açdı. Bu bəyannamə 13 oktyabr 1921-ci ildə imzalanmış Qars müqaviləsinə olan sadiqliyin təcəssümüdür. Şuşa bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqaviləni” və “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokolun”,eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri və Ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri artıq hər iki ölkə vətəndaşları üçün müqəddəs bir şüara çevrilmişdir. Elə bir şüar ki, daima dillərdədir və birliyimizin mənəvi bağlarını daha da artırmaqdadır.

İmzalanan bəyannamə təkcə iqtisadi və hərbi sahələri deyil, mədəniyyət, təhsil, maarif, sosial, səhiyyə və digər sahələri də əhatə edir. İki ölkə arasında imzalanan bu bəyənnamə təkcə Türkiyə və Azərbaycana deyil, Qafqaza və hətta bütün dünyaya böyük faydalar verəcək.
Bəyannamənin hərbi əməkdaşlıq haqqında olan hissəsi hər iki ölkənin ordu quruculuğunda yeni bir dövrü qarşılamış olur. Türkiyə ordusunun modeli əsasında Azərbaycan Silahlı Qüvvələri demək olar ki, yenidən qurulmuş olacaq. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə zabitlərin ixtisasının artırılması üçün Onlar Türkiyəyə göndərilirdilər. Bu iş bu günə qədər davam edir və bir ənənə halını almışdır. Zəngin döyüş təcrübəsinə malik olan Türkiyə ordusu dünyada öz sözünü deyən ordulardandır. Türkiyənin təcrübəsindən yararlanmaq isə bizim silahlı qüvvələrimizin daha da inkişafına gətirib çıxaracaqdır.

Xarici siyasət sahəsində əldə olunan anlaşmalara əsasən hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü üçün bir təhdid yaranarsa, müstəqilliyi üçün maneələr yaranmış olarsa və ya üçüncü dövlət tərəfindən müdaxilə yaranarsa tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin əlaqələndirilmiş hərəkəti təşkil olunacaq.
Türkiyə regionda sülhün təminatçısı olaraq çox böyük addımlar atmaqdadır. Vətən müharibəsindən sonra Qarabağda yaradılan Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün və əminamanlığın təminatçısı rolunu oynayır. Bizə göstərdiyi dəstəyə görə bir daha qardaş Öölkə Türkiyəyə öz dərin minnətdarlığımızı bildiririk! Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!

Eldəniz Səlimov-Milli Məclisin deputatı
Xəbəri paylaş