İranın Azərbaycana qarşı EKOLOJİ TERRORU-FAKTLAR
Tarix: 10-10-2021, 10:00
Newscenter.az.10.10.2021. İranın bölgəmiz üçün zərəri təkcə dini-ideoloji təfriqə salmaq və hərbi-siyasi konfliktlər yaratmaqla istiqrarı pozmaq deyil. Ondan da dəhşətlisi bölgəni və ətrafını ekoloji terrora məruz qoyması, ekosistemi bərpa olunmayacaq şəkildə dağıtması, suları, o sularla suvarılan torpaqları sürətlə çirkləndirməsidir. Və ən pisi də bunu bilincli şəkildə, qəsdən etməsidir.
Bu yaxınlarda çevrə mühəndisi bir güneyli dostumuz mənə bəzi faktları açıqladı, ayağımın altından sanki yer qaçdı, eşitdiklərimdən dəhşətə gəldim.
Dostumuz özü əslən muğanlıdır, Muğanın Arazdan cənubda qalan ən böyük şəhəri, yüz minə yaxın əhalisi olan Parsabaddandır.
Parsabad təxminən bizim Mingəçevir böyüklükdə bir şəhərdir, Arazın cənub kənarında, bizim İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinin o tayında, Arazın qarşı qısıyındadır.
Dostum yuxarıda yazdığım kimi çevrə mühəndisidir, danışdığı mövzunun mütəxəssisidir. Deyir, öncələr Parsabad şəhərinin çirkli suları öncə xüsusi qurğular və texnologiya ilə təmizlənər, bir hissəsi şəhər təsərrüfatında istifadə edilməsi üçün yenidən dövriyyəyə qaytarılar, qalanı isə təmizlənmiş şəkildə borularla Araza axıdılardı. İndi yüzminlik şəhərin tullantı suları təmizlənmədən, bütün zərərli atqılarıyla borularla birbaşa Araza axıdılır. Özü də Arazın sərhədd boyundan əyilib ölkəmizin içərəsinə, Kürlə görüşməyə döndüyü yerə, Arazın məhz bizim olan, bizə gələn hissəsinə. O yerə ki, oradan o yana Araz artıq Azərbaycanın daxili çayına çevrilir.
Mənim İmişli rayonuna bağlılığım var. Uşaqlığımın bir hissəsi o rayonda keçib, oradan çox dostum var və demək olar ki, kənd-kənd tanıdığım rayondur. Öncələr rayonun içməli və suvarma üçün su təhcizatı həm artezian quyularından, həm də əsasən Arazdan götürülmə su ilə təmin olunardı. Ən təmiz, təbii su bulanıq olsa da Arazın suyu sayılardı. Xüsusi çənlərə, iri çəlləklərə doldurardın, az keçmiş tərkibindəki bulanıqlıq verən gil, torpaq dibə çökər, durular, içməli hala gələrdi. Yüzillərdən bəri formalaşmış inanca görə Arazın suyu daha təmizdir. Yerlilər belə deyirdilər. Rayon əhalisinin əksəriyyətini təşkil edən "Arazqıraxlılar" Arazın saf suyundan içdikləriylə iftixar edərdilər. İndi bir vaxtlar daha təmiz, Tiflisin ortasından, Yevlaxın sol, Zərdabın sağ yanından keçən Kürlə müqayisədə daha təmiz olan Arazın suyu ekologiya, təbiət və ümumən insanlıq düşməni qonşumuzun (ən azı) yanlış, əslində isə qəsdli xain siyasəti sayəsində ən çirkli, zərərli kimyəvi atıqlarla "zənginləşdirilmiş" təhlükəli suya çevrilib. Güneyli dostumun anlatdığına görə, bəzən yay aylarında Arazın suyu o qədər azalır ki, borulardan çaya axıdılan tullantı suları çayın öz suyundan iki dəfə çox olur. Arazın Bəhrəmtəpədən əyilən yerindən yuxarı axan hövsəindəki suyun bəzən 70 faizi Parsabad şəhərinin tullantı sularından, başqa sözlə zəhərindən ibarət olur. Araz boyunca yaşayan əhali həm içmək, həm də irriqasiya üçün bu zəhərli sudan istifadə etməli olur. Bununla da tək insanlar, çaydan su içən digər canlılar yox, bitki örtüyü, torpaq da təmizlənməsi yüzillər çəkən zərərli kimyəbi tullantılarla zəhərlənir, sıradan çıxarılır. Dostum mütəxəssis diliylə, kimyəvi terminolojiya və formulların ətraflı izahıyla məsələni elə anlatdı ki, sinəmdə ağır bir yük hiss etdim, nəfəsim daraldı. Burada sizə bəhs etdiyim onun söylədiklərindən sadəcə təəssüratlarım, yadımda qalanlardır.
Hazırda planetdə su çatışmazlığı problemi getdikcə dərinləşən, özünü hərbi-siyasi müstəvidə büruzə verən, ölkələrarası münaqişələrə yol açacaq qədər ciddi məsələdir. "Su müharibələri'deyilən tarixi dövr artıq başlanıb, onun ilkin nümunələrini müxtəlif bölgələrdə, konkret olaraq bir neçə ay öncə Orta Asiyada Qırğızıstanla Tacikstan arasında yaşanan qanlı qarşıdurma timsalında müşahidə etdik. Suların çirkləndirilməsinin qarşısını almaq, içməli suya olan təlabatın təmin edilməsi qlobal səviyyətə gündəmdə olan məsələdir. Belə bir vaxtda qonşuluqda olan qeyri-insanı rejimin bölgənin ekoloji tarazlığını pozacaq, ya bilərəkdən, ya da səhlənkarlıqdan (ki, buna ehtimal vermək çətindir) dəngəsizlik etməsi, bütün bölgənin gələcəyini təhlükəyə atması yolverilməzdir. Bu beynəlxalq səviyyədə qaldırılması, həyəcan təbili çalınmalı məsələdir.
Buna il başda ölkəmin aidiyyatlı orqanları münasibət bildirməli, bu məsələ beynəlxalq təşkilatların gündəminə daşınmalı, molla rejiminin bölgənin və ümumilikdə planetin ekosistemi üçün bir təhdid ünsürümə çevrildiyi diqqətə çatdırılmalıdır.
Hələ nə qədər ki gec deyil...
P.S. Arazın o tayı da, bu tayı da vətəndir.
Amma o tayının çirkabı ilə bu tayı zəhərləmək, torpaqlarını yararsız, insanlarını xəstə etmək olmaz.
O tayda olan qardaşlarımız bu siyasətə dur deməli, ayağa qalxıb bunu edənləri Arazın bir qaşıq suyunda boğmalıdırlar.
Arazın suyunu çirkləndirib insanları əslində susuz qoymaqla Kərbəla çölündə İmam Hüseynin su yolunu kəsib susuz qoymaq arasında çox az təfavüt var. Adama ya zəhərli su verib su ilə öldürdün, ya da heç verməyib susuz öldürdün, nə fərq edər?
Fəxrəddin Hacıbəyli













































