
ABŞ hakimiyyəti Konqo Demokratik Respublikasında (KDR) işləyən Ebola virusuna yoluxmuş amerikalı həkimi qəbul etməkdən imtina edib.
Newscenter az-ın məlumatına görə, bu barədə "The Washington Post" məlumat yayıb.
Qəzet yazır ki, həkim Peter Stafford Almaniyada müalicə alacaq. Ağ Evin sözçüsü isə yayılan xəbəri təkzib edib və ABŞ hökumətinin əsas narahatlığının Amerika vətəndaşlarının sağlamlığını və təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb.
Ağ Ev sözçüsü qəzetə bildirib ki, Almaniyadakı Charité Xəstəxanası beynəlxalq səviyyədə ABŞ-dakı aparıcı tibb mərkəzləri ilə yanaşı, Ebola kimi virus xəstəliklərinin müalicəsi və qarşısının alınması üçün ən yaxşı tibb müəssisələrindən biri kimi tanınır.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) sözçüsü isə deyib ki, ABŞ hakimiyyəti Ebola virusuna yoluxmuş amerikalı xəstələrlə bağlı qərarları yaranmış vəziyyətə əsasən verib.
The Washington Post qəzetinin qeyd etdiyi kimi, ABŞ hakimiyyətinin yoluxmuş amerikalıları geri qaytarmaq istəməməsi 2014-cü ildə Ebola epidemiyası zamanı yaranan vəziyyətlə kəskin şəkildə ziddiyyət təşkil edir. Həmin vaxt ilk iki yoluxmuş amerikalı müalicə üçün ABŞ-a qaytarılmışdı. Həmin dövrdə iş adamı və siyasətçi olan Donald Tramp administrasiyanın qərarını tənqid etmişdi.
Şeyda












































