Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan F-16-lar alır?



Newscenter.az.23.10.2021. Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulduğunu, bu istiqamətdə danışıqlar aparıldığını bildirib. O qeyd edib ki, bu istiqamətdə ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib və yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək.

General-leytenant Ramiz Tahirovun bu açıqlaması sonrası iki sual yaranır:

1) Azərbaycan Hərbi Hava Qüvvələri hansı təyyarələri almağı planlaşdırır?
2) Bu istiqamətdə danışıqlar hansı ölkə ilə aparılır?

Əvvala onu qeyd edim ki, Azərbaycan uzun illərdir Hərbi Hava Qüvvələrinə yeni döyüş təyyarələri alaraq gücləndirməyi planlayır. Bundan başqa, 44 günlük müharibə də ölkəmizin hərbi hava qüvələrinin zəif cəhətlərini üzə çıxardı. Məsələ ondadır ki, bu gün Azərbaycan hərbi hava qüvvələrində kifayət qədər təcrübəli kadrlar olsa da onların istifadə etdiyi döyüş təyyarələri əsasən MİQ-25, MİQ-29, SU-24, SU-25, Aero L-29 Delfin, Aero L-39 Albatros, An-2 kimi əsasən Rusiya istehsalı olan nisbətən kiçik və köhnə model döyüş təyyarələridir. Düzdür, vaxtaşırı mövcud döyüş təyyarələri təkmilləşdirilsə də nəticə etibarilə bu yekun bir həll demək deyil. Təsadüfi deyil ki, məhz buna görə indi general-leytenant Ramiz Tahirov Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulduğunu bildirir.

Seçimimiz F-16 olmalıdır!

Azərbaycan uzun illərdir bir sıra ölkələrin istehsal etdiyi döyüş təyyarələri ilə yaxından maraqlanır. Bunlar içərisində Rusiyanın Su-35 və MiQ-35 Pakistan istehsalı olan JF-17 "Thunder" kimi ən yeni təyyarə də var. Bundan başqa məlumdur ki, Azərbaycan ABŞ istehsalı olan və Türkiyə hərbi hava qüvvələrinin də əsas vurucu gücü olan F-16 döyüş təyyarələri ilə də yaxından maraqlanır. İndiki halda Hərbi Hava qüvvələrimizi gücləndirmək istəyiriksə, məncə seçimimiz F-16 olmalıdır.

Bu fikri nahaq yerə səsləndirmirəm. Məsələ ondadır ki, bu gün Azərbaycan və Türkiyə silahlı qüvvələri hərbi müstəvidə geniş əməkdaşlıq edir. Xüsusilə aviasiya sahəsində, kadrların yetişdirilməsində Türkiyənin xidmətləri misilsizdir. Bu gün Azərbaycan hərbi pilotları Türkiyədə təlimlər keçir və aviasiya sahəsində ən dərin biliklərə yiyələnirlər.

Türkiyə ilə bu sahədə əməkdaşlığın bir digər üstünlüyü də təlimlərdə pilotlarımza F-16-larla təlim keçilir, bu döyüş təyyarələrindən istifadə öyrədilir. Yəni bu gün azərbaycanlı pilotların bir çoxu F-16 döyüş təyyarələrindən istifadə edə bilir.

Bundan başqa, sözügedən təyyarələr güclü silah sistemləri və "hava-hava", "hava-yer" raketləri, habelə ağır bombalarla təchiz olunur. Kifayət qədər uzaq məsafədən düşmən hədəflərinə dəqiq zərbə endirə bilir. Onuda qeyd dim ki, F-16 təyyarələri kifayət qədər güclü döyüş texnikasıdır və Azərbaycanın belə təyyarələrə malik olmasının üstünlükləri olacaq.

Ramiz Tahirovun qeyd etdiyi danışıqlar 3 ölkə ilə aparıla bilər.

Bu gün Azərbaycan F-16 təyyarələri Türkiyədən, hətta İsraildən belə ala bilər. Buna görə də Ramiz Tahirovun qeyd etdiyi danışıqlar Türkiyə, İsrail və ya bir başa ABŞ-la aparıla bilər.

Türkiyə ilə danışıqlar daha məhsuldar ola bilər. Məsələ ondadır ki, Türkiyə F-35 üçün ABŞ-a 1,4 milyard dollar ödəyib, lakin Vaşinqton bu qırıcıları satmaqdan imtina edir. Səbəb kimi isə Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksləri almasını göstərir. ABŞ bu məbləğin qarşılığında
Türkiyəyə mövcud F-16-ları modernləşdirmək və əlavə 40-a yaxın F-16 satmağı təklif edir.

Türkiyə bu təklifdən hər nə qədər narazı görünsə də düşünürəm buna razı da ola bilər:

Birincisi, Türkiyə arsenalında olan mövcud F-16-ların modernləşdirilməsinə həqiqətən də ehtiyac var. Bundan başqa alınacaq 40-a yaxın ən yeni model F-16 da Türkiyə aviasiyasının gücünə güc qata bilər.

İkincisi, Türkiyə bu F-16-lardan bəzilərini misal üçün 8-10 ədədini Azərbaycana sata bilər. Yəni Türkiyə ABŞ-dan vaxtilə aldığı F-16-ları 3-cü bir ölkəyə satmaq haqqı istəyə bilər. Beləcə Ankara həm yeni F-16-lar əldə edə, həm də köhnə bəzi F-16-ları satmaq imkanı əldə edə bilər.

ABŞ müdafiə naziri Lloyd Ostin və F-16 danışıqları


Prinsip etibarilə ABŞ hazırda F-16-ların Azərbaycana birbaşa və ya Türkiyə və İsrail üzərindən satışında maraqlı olmalıdır. Çünki 44 günlük müharibə sonrası Cənubi Qafqazda siyasi reallıqlar əsaslı surətdə dəyişib. Türkiyə regionda baş verən proseslərə daha yaxından iştirak edir. Bu da öz növbəsində Rusiya və İrana yaxınlaşmaq baxımından ABŞ maraqlarına uyğundur.

Təsadüfi deyil ki, Pentaqon rəhbəri Lloyd Ostin Qara dəniz səfəri cərçivəsində yaxın günlərdə Gürcüstanda oldu. Bu səfər zamanı Ostin rəsmi Tiflisdən regionda baş verən son hadisələr haqda məlumat aldı. Bu səfər zamanı azərbaycanlı nümayəndə heyəti də Lloyd Ostinlə qeyri-rəsmi görüş keçirmiş ola bilər. Hər halda bu bir ehtimaldır. Əgər ehtimal doğrudursa Azərbaycanın ABŞ istehsalı olan F-16 döyüş təyyarələrini birbaşa və ya Türkiyədən almaq üçün danışıqlar aparması mümkündür.

Düşünürəm, 44 günlük müharibə sonrası Cənubi Qafqazda reallıqların dəyişməsi və son İran-Azərbaycan gərginliyi fonunda Vaşinqton belə bir razılığa isti baxa bilər. Onsuz da ABŞ uzun müddətdir ki, İrana qarşı Azərbaycandan isitfadə etmək istəyir. Buna görə də F-16-ların Azərbaycana
satışı mümkündür. Bununla rəsmi Bakının Vaşinqtona etimadıda arta bilər.

Azərbaycanın F-16 ala biləcəyi ehtimalı erməni diasporunu hərəkətə keçirib

ABŞ-ın F-35-lər qarşılığında Türkiyəyə F-16 satmasına ikisi yunan əsilli olmaqla Nümayəndələr Palatasının üzvləri olan üç deputat, ABŞ Dövlət Departamentinə məktub yazaraq F-16-ların Türkiyəyə verilməməsini tələb ediblər. Görünür erməni diasporuna xidmət edən həmin 3 deputat Türkiyənin bu təyyarələri almasından, hətta Azərbaycana satması ehtimalından narahat olublar.

Turan Rzayev, "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti
Xəbəri paylaş