Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Yeni dünya nizamı, reallıqlar



Newscenter.az.26.10.2021. İki qardaş ölkə Azərbaycan və Türkiyə müasir siyasi tariximizdə yeni geosiyasi reallıqlara imza ataraq regional coğrafi xəritədə nüfuz sərhədlərini genişləndirməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 4 ay əvvəl Şuşaya səfəri və hazırda Füzuli Beynəlxalq Hava limanının açılışına qatılması da yeni siyasi nüfuz mərkəzinin formalaşdığını təsdiqləyir. Bu, Ankara hökumətinin bölgədə xüsusi fəal gücünün göstəricisi olmaqla yanaşı, qlobal səviyyədə sülh və geniş yol açdığını göstərir.

Bölgədə və dünyada yaranmış yeni siyasi reallqıların formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində Türkiyə ilə ən yüksək zirvəyə çatan strateji münasibətlərin xüsusilə mühüm rolunu qeyd etmək lazımdır. Məhz Cənab İlham Əliyevin siyasi iradəsi sayəsində Türkiyə ilə əsil qardaşlıq öz həqiqi gerçəkliyini hər bir sahədə təsdiqlədi, hərbi-siyasi əlaqələr tariximizdəki ən üst səviyyəyə çatdı, Türkiyə-Azərbaycan dünyaya bir ananın iki oğlu olduğunu nümayiş etdirdi. Bütün bu proseslər və reallıqlar yeni dünya nizamına da öz təsirlərini göstərdi, hər iki ölkənin artan strateji münasibətləri fonunda beynəlxalq güclər bu gerçəkliklə barışmalı oldu.

Beləliklə, Azərbaycan və Türkiyənin liderliyi ilə regional siyasi xəritə daha da zənginləşərək türk dövlətləri və yaxın strateji ölkələrin birliyi ilə yeni məzmun kəsb etməyə başlayıb. Türk Şurasının artıq Türk Dövlətləri Birliyinə çevrilməklə beynəlxalq təşkilat status alması gerçəkləşməkdədir. 6 ölkənin tam hüquqlu, 15 ölkənin isə müşahidəçi üzv olacağı nəzərdə tutulan bu təşkilatın yaxın günlərdə Ankara Zirvəsində bünövrəsinin qoyulması istisna deyil. Türk Birliyinin çox mühüm nəhəng strateji hədəfləri var. İqtisadi layihə olan Çindən Avropaya uzanan “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzərində birləşdirilməsi layihəsi əslində qlobal siyasi məzmun daşıyır.

Azərbaycanın və Türkiyənin regionda birgə nizamlama proseslərində fəaliyyəti məlumdur. Hazırda Azərbaycan və Türkiyənin yaratdığı yeni reallıqların bir hissəsi olan Zəngəzur dəhlizi də məhz “Bir kəmər, bir yol” layihəsinin Orta xəttində yer alacaq. Beləliklə, Orta Asiyanın türk dövlətlərinin də bağlandığı bu siyasi marşrutda Ankara və Bakı geosiyasi olaraq böyük qitə coğrafiyasının əsas mərkəzinə çevriləcək.

Cənab Tayyib Ərdoğanın dərin məna daşıyan bir fikrinə diqqət edək: “Dünya beşdən böyükdür”. Ərdoğan bu bəyanatında digər siyasi çalarlar da vardır. Bu “beşlik” heç bir münaqişəni sülhlə tamamlaya bilmir, əksinə ədalətsiz qərarlar verir. Heç kimin yadından çıxmayıb, Azərbaycan Qarabağda erməni faşizminə ağır zərbə vururdu, 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurası təcili toplanaraq Ermənistanın xeyrinə bəyanat layihəsi hazırladı və qəbul etdirməyə çalışırdı. Ancaq BMT TŞ-nın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin səyi nəticəsində bu sənəd rədd edildi. BMT TŞ işğala məruz qalmış Azərbaycanı deyil, Ermənistanı müdafiə edirdi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dair qəbul etdiyi 4 qətnaməyə hörmət qoymurdu. Bu, ikili standartların, BMT-ni öz inhisarında saxlayan 5 ölkənin riyakarlığının nümunəsi idi. Azərbaycan özü regional problemləri təkbaşına həll edir. Prezident İlham Əliyevin dediyi kimi biz özümüz BMT qətnamələrini icra etdik bə beynəlxalq praktikada bu, birinci haldır.
Türkiyə də TŞ-nın bacarmadığ ağır bir məsuliyyəti üzərinə götürərək İraqda, Liviyada, Suriyada, Cənubi Qafqazda sülhün və sabitliyini təmin edilməsində daha qətiyyətli və praktiki olaraq real addım atan dövlət olduğunu dünyaya nümayiş etdirməkdədir. Bu coğrafiya daha geniş hüdud alıb və uzaq Asiya, Afrika qitəsinə qədər genişlənməkdədir. Türkiyə artıq Afrikanın böyük bir hissəsində fəal siyasi tənzimləyicidir. Cənab Ərdoğan son 15 ildə 28 Afrika ölkəsinə 38 səfər edib, Türkiyənin Afrikadakı səfirliklərinin sayının 44-ə yüksəlib. Və bir əsrdən artıqdır ki, bu qitənin böyük bir hissəsində müstəmləkə siyasəti yürüdən Fransa audsayderə çevrilib. “Fransız İnvestorlar Şurası” narahatlıqla etiraf edir ki, uzun illərdir bizim nüfuz dairəmizdə olan Afrika əldən çıxaraq Türkiyənin himayəsinə sığınıb.

Türkiyənin güclənməsi isə Qərbi narahat edir, ölkədə gərginlik yaratmaq üçün müxtəlif təxribatlara açıq dəstək verirlər. Gəzi Parkı hadisələri, 15 iyul dövlət çevrilişinə cəhd, PKK-FETO terror qruplaşmasının açıq fəaliyyətinə bəzi Avropa dövlətləri tərəfindən maliyyə və hüquqi-texniki yardımlar türk kəşfiyyatı tərəfindən təsdiq edilib. Terrora açıq dəstək verən, Türkiyənin bölünməsinin təşviqatını aparan və FETO-nin əsas “simalarından” biri, dövlət əleyhinə cinayətlərdə iştirak etdiyi üçün həbsə alınan Osman Kavalanın müdafiəsini beynəlxaql müstəviyə qaldıran Qərb ölkələrinin 10 səfirinin son hərəkətləri də Türkiyənin güclənməsinə qarşı hazırlanmış xain planın bir hissəsidir. Vyana Konvensiyasinin diplomatik imtiyaz və hüquqlarla bağlı maddələrini kobud şəkildə pozan və diplomatik etikaya sığmayan bu hərəkətlərlə səfirlərin Türkiyədə sabitliyin pozulmasına, dövlət çevrilişi və digər təxribatlarda iştirakının Avropada bəlli mərkəzdən idarə olunması sirr deyil. Ərdoğanın “Bura Türkiyə dövlətidir! Ya bunu başa düşəcəklər, ya da gedəcəklər! Türkiyəni bilməyib və anlamadıqları gün, ölkəni tərk edəcəklər” tələbindən sonra səfirlərin ard-arda bəyanat verərək “etdikləri səhvləri” anladıqlarını və “Türkiyənin daxili işlərinə qarışmayacaqlarına dair öhdəliyə sadiq qalacağıq” açıqlamaları isə güclü Yeni Türkiyənin siyasi iradəsi qarşısında Qərbin geri çəkildiyini təsdiq etdi. Bu, həm də Ankaranı bu cür oyunlarla zəiflədə bilməyəcəklərinə görə, ABŞ və Avropanın 9 ölkəsinin peşmançılıq etirafı kimi dəyərləndirilə bilər.

Bu cür ritorikaları vaxtilə Qərb Azərbaycana qarşı da planlamışdı, Norveç, Hollandiya və digər ölkələrin səfirlərinin radikal müxalifətlə narıncı inqilab oyunları yaddan çıxmayıb. Yəni, bu proseslər onu təsdiqləyir ki, Azərbaycan və Türkiyə daha əvvəlki ölkələr deyil, indi iki qardaş çox güclüdür və tamamilə yeni siyasi-ictimai reallqıları diqtə edirlər.

Geosiyasi mənzərə göstərir ki, Bakının da xüsusi yer aldığı yeni siyasi proseslərdə Türkiyə yeni güc statusunda post-sovet və digər məkanlarda münaqişələrin həllində vasitəçilik platformasının əsas fiquruna çevrilməkdədir.

Və 44 günülk Zəfərdə Azərbaycanla son günədək çiyin-çiyinə olan qardaş ölkənin ədalətsiz mövqe sərgiləyən qlobal güclərə yerini göstərməsi, Ərdoğanın Şuşa bəyannaməsini imzalaması və hazırda regionda yaranmış yeni reallıqlara uyğun proseslərdə daha öz planda dayanması Yeni Türkiyənin bölgənin siyasi nəbzini ölçən lider ölkə olmasını təsdiqləyir. Və Cənab Ərdoğanın “Dünya beşdən böyükdür” strategiyası Türk Dövlətləri Birliyinin qlobal güc mərkəzinə çevrilməsi və dünya düzəninin yenidən nizamlanmasında aktiv fəal oyunçuya çevriləcəyinə hədəflənib.

Ortada isə daha bir reallıq – “Bir millət, iki dövlət” sarsılmaz, əbədi prinsipi dayanmaqdadır. Bu, iki qardaş ölkənin timsalında regionda və beynəlxalq aləmdə güclü və qüdrətli bir təhlkəsizlik və sülh mərkəzinin yaranmasını nümayiş etdirir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş