Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatı: Hədəflərin şifrələri, Britaniya amili



Newscenter.az.14.11.2021. İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (qısa: Türk Şurası) dövlət başçılarının sammiti yeni dünya nizamının formalaşması fonunda diqqət çəkir.

Son zamanlar Mərkəzi Asiya sərhədlərində cərəyan edən proseslər bəzi coğrafi bilgilərə siyasi məzmun qataraq onları yenidən nəzərdən keçirmək zərurəti yaradır.

Türk Şurasına üzv ölkələrdən üçü Mərkəzi Asiya regionunun payına düşür: Özbəkistan, Qırğızıstan və Qazaxıstan. İstanbuldakı zirvə görüşündə Türkmənistanın təşkilata müşahidəçi qismində qatıldı.

Bu ölkələrdən Özbəkistan və Tükmənistanın Əfqanıstanla sərhədi var.

Əfqanıstanda isə Talibanın hakimiyyətə gəlişindən sonra Mərkəzi Asiyada yeni oyun qaydalarının bərqərar olmasını söyləyə bilərik.
İkinci bir məqam: Qırğızıstanın Mərkəzi Asiyanın digər ölkəsi Tacikistanla sərhəd münaqişəsinin olduğu bəllidir.
Üçüncü məqam: Qazaxıstan, Qırğızıstanın Çinlə sərhədi var.

Dördüncü məqam: Çin-Özbəkistan-Qırğızıstan dəmir yolu xətti layihəsi 25 ildir müzakirə edilsə də, bu reallaşmamış qalır.

Beşinci məqam: Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqli üçün Transxəzər Qaz Kəməri layihəsi mövcuddur, bu da hələlik gerçəkləşməyib.

Altıncı məqam: Türkmənistandan Çinə qaz nəqli üçün yeni qolun inşası gündəmdədir.
Dünyada yeni düzənin formalaşması iqtisadi layihələrin effektiv şəkildə icrası və bunun nəticəsində birgə güclü siyasi iradə nümayiş etdirilməsi aktuallıq qazanır.

Yeni dünya nizamında Çinlə əməkdaşlığın dərinləşdirilməsi vacibdir, dünyanın bir sıra nüfuzlu mətbuatı Çin faktorunu önə çəkərək Pekinin maraqlarının xarakterini izah etməyə çalışır.

Mərkəzi Asiya regionu böyük güclərin toqquşan maraqlarının gücləndiyi platforma halına gəlir, belə bir zamanda isə Azərbaycan və Türkiyə proseslərin Cənubi Qafqaza sıçramaması üçün preventiv tədbirlər kompleksini işə salır.

Məsələnin daha aydın olması üçün Azəraycan və Türkiyə prezidentləri arasında bu ilin iyun ayının 15-də imzalanan Şuşa Bəyannaməsindən bir bəndə diqqət yetirmək kifayətdir:

“Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək.
Bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək”.
Bəli, söhbət ondan gedir ki, Azərbaycanın regional oyunçu olması geosiyasi reallığın tələblərinə çevrilir, bu məsələdə Bakı-Ankara körpüsünün təməllərinə daha möhkəm “materiallar” atılması lazımdır.

Türk Şurası ölkə başçılarının İstanbul sammiti Bakı-Ankara müştərək maraqlarının digər üzv ölkələrlə və müşahidəçi qismində olan dövlətlərlə (Macarıstan, Türkmənistan) sinxronlaşdırılması baxımından önməli idi.

Qurumun adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlandırılmasına gəlincə, bu, simvolik mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır.

İstanbul sammitinin nəticəsi olaraq dövlət başçılarının verdiyi ortaq bəyanatın mətnində qeyd olunur ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən başlanan “Türk Vizyonu 2040” konsepsiyası strateji bir sənəddir.

Bu sənəd türk dövlətlərinin ortaq maraqların güclənməsi üçün bütün sahələr üzrə əməkdaşlığın prioritetlərini özündə cəmləşdirir. Prosesin uzaq hədəflərdə qalıcı olması üçün orta müddətli strateji planın işlənib hazırlanması vacibdir, bu, gələcək illərə keçid üçün mühümdür.
Buna görə də, “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatnın Strateji Yol Xəritəsi”nin hazırlanması təlimatı verilib. Türk Dövlətləri Təşkilatı Qırğızıstan-Tacikistan münaqişəsinə son verilməsi üçün danışıqlar təklif edir.

Türk Dövlətləri Təşkilatında əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi Azərbaycanın Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanmasından sonra başladı.

Demək ki, bu zamana qədər Türk dünyasında siyasi bağların və müştərək maraqların təminində Qarabağ münaqişəsi əngəl rolunu oynayıb. Konfliktin başa çatmasından sonra isə Cənubi Qafqazda yaranan yeni reallıqlar Mərkəzi Asiya ilə əməkdaşlığın formatına yeni rənglərin qatılmasını şərtləndirir.

Zəngəzur dəhlizi də bu formatda yer alan bir platformadır, bu koridoru Rusiya, Çin, Avropa İttifaqı da dəstəkləyir, ABŞ-dan gələn son açıqlamalar isə Vaşinqtonun mövqeyinə korrektə etməsinin göstəricisidir. Bunun səbəbinə gəlincə, bu, regionda qlobal güclərin artan maraqlarından qaynaqlanır.

Mənə görə, bir məsələni də diqqətdən kənarda saxlamalı deyilik: Fikir verirsinizsə, Britaniya “Brexit”lə Avropa Birliyindən çıxdıqdan sonra Türk Şurası arasında təmaslar intensivləşən bir şəkil aldı. Britaniyanın Avropa İttifaqından çıxması Londonun ittifaqdakı problemləri və bunun gələcəkdə hansı problemlər yaradacağını hesablamasından sonra baş verdi. Ona görə də London yeni geosiyasi tabloda alternativ güc yaradılmasının tərəfdarıdır, bəlkə də hansısa formatda təşəbbüskarıdır.

Diqqət:

1. VIII Qlobal Bakı Forumunda Çin amili üzərinə vurğular edildi;
2. Britaniyanın baş naziri Boris Conson Forum münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanladı;
3. Bundan əvvəl Britaniyanın Türkiyə ilə əlaqələrinin yeni mərhələyə keçidi və bunun dostluq kimi qələmə verilməsi ilə bağlı Qərb mətbuatında yazılar dərc olunub,
4. Britaniya Mərkəzi Asiyada proseslərə güclü təsir imkanı potensialına malik olan Pakitsanla hərbi sahədə əlaqələrini dərinləşdirir.
NƏTİCƏ:
1. Türk Dövlətləri Təşkilatının formulları Rusiyanın mövqelərini zəiflədən amilə çevrilir;
2. Qərb bundan yararlanmağa çalışır, lakin Təşkilat poliqon olmamaq üçün çalışır və müdafiə tədbirlərini gücləndirir;
3. Regionun tablosu yenidən şəkilləndirildiyindən risklər də qaçılmazdır;
4. Əməkdaşlıq dayanıqlı və qalıcı olacağı təqdirdə, Türk Dövlətləri Təşkilatının birgə ordusu də yaradıla bilər.

Aqşin Kərimov-siyasi ekspert
Xəbəri paylaş