Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hakimiyyətinin üzərinə böyük məsuliyyət düşür



Newscenter.az.17.11.2021. Azərbaycan böyük sülh sazişinin bağlanmasını istəyir və 3 məsələnin eyni müqavilədə təsbit edilməsində israr edir: 1) Kommunikasiyaların açılması, 2) Sərhədlərin dəqiqləşdirilməsi, 3) Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiya edilməsi üçün fəaliyyət planının təsdiqi.

Ermənistan nə istəyir: 1) Kommunikasiyalar açılsın, amma “Zəngəzur Dəhlizi” sözü rəsmi sənədlərdə təsbit edilməsin, 2) Sərhədlər dəqiqləşdirilsin, amma 26 illik işğalın yaratdığı reallıqlar da nəzərə alınsın, 3) Xankəndi və ətrafında yaşayan erməni icmasının statusu ayrıca danışıqlar mövzusu olsun, bu məsələ sülh sazişinə salınmasın.

Rusiya nə istəyir: 1) Kommunikasiyalar açılsın, öz hərbi bazalarının təminatını Azərbaycan üzərindən dəmir yolları vasitəsi ilə asan, ucuz və sürətli həyata keçirsin – Kreml üçün həmin yolun necə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur, əsas odur ki, tez açılsın, 2) Sərhədlərin dəqiqləşdirilməsində də Kreml maraqlıdır, amma sərhədləri çəkəcək qələmin Putinin əlində olmasını istəyir ki, hər iki ölkə onun bütün tələblərini yerinə yetirmək üçün yarışsın, 3) Xankəndi və ətrafında yaşayan erməni icmasını özünə bağlamaq, status məsələsini diri tutaraq Azərbaycanın başı üzərindən “Damokl qılıncını” əskik etməyərək rəsmi Bakının nəzarətdən kənar addımlardan çəkindirmək – bunun üçün isə Xankəndi məsələsini sülh müqaviləsinə salmadan ayrıca danışıqlar mövzusuna çevirmək istəyir.

Görünən odur ki, kommunikasiya məsələsinin həlli hər 3 tərəfin marağındadır, deməli ən birinci bu məsələ həll oluna bilər – sadəcə, Azərbaycan və Ermənistan bu məsələdə üstün olmaması üçün yollar Kremlin şərtləri ilə açılacaq.

Sərhədlərin dəqiqləşdirilməsi məsələsi də həll oluna bilər – Rusiya həmən bütün sərhəd boyu öz qoşunlarını yerləşdirəcək, Ermənistanda olan ordu sayını artıracaq, bununla da İrəvanın Qərbə doğru istənilən addımları bloklanacaq.

Amma həm Ermənistan, həm də Rusiya Xankəndi və ətrafında yaşayan erməni icması ilə bağlı məsələləri uzatmağa, sülh sazişindən kənara çıxartmağa çalışır – bu məsələdə bizim siyasi və diplomatik əlimiz zəif görünür. Amma Ermənistan və Rusiyanın Xankəndinə baxışları fərqlidir – Rəsmi İrəvan bu problemi siyasi və iqtisadi olaraq tamamən öz üzərindən atmağa, Moskvaya yükləməyə çalışır. 2022-ci ildə Ermənistan büdcəsinin az qala 10%-i, təqribən 290 mln. dollar Xankədinə verilməlidir – İrəvan bunu istəmir, xərci də, məsuliyyəti də Moskvaya yükləmək istəyərək bu məsələdən kənara çəkilməyi düşünür. Rusiya isə nə Ermənistana, nə də Azərbaycana sonuna qədər güvənmir, günün birində İrəvanla Bakı anlaşa bilər, buna görə də, öz “rusməramləlarının” Xankədi və ətrafında qalmasını təmin etmək üçün bu gün de-facto tanıdığı qondarma rejimi, elə bir vəziyyət yarananda de-jure tanıya bilər və o qondarma rejimin dəvəti, erməni icmasının ricası ilə daim orda qalmağı düşünür. Yəni, özləri üçün hüquqi baza yaradırlar, Xankəndi və ətrafında yaşayan erməniləri iqtisadi və təhlükəısizlik məsələsində özlərindən asılı vəziyyətə salırlar – Bu gün Xankəndi və ətrafında yaşayan ermənilərin böyük bir qismi Rusiyadan dolanlama başlayıb.

Vəziyyət qəlizdi, təhlükələrlə doludur, Azərbaycan hakimiyyətinin üzərinə böyük məsuliyyət düşür, indi primitiv idarəetmə sistemi ilə bu təhlükələri dəf etmək, basqıları amortiuzasiya etmək mümkün deyil! Bunu anlamalıdırlar, çünki mövzu gələcəyimizdir, Dövlətimizdir.

İqtidar anlamalıdır ki, günün birində Kremlə sözünü demək zamanı yetişəcək – bunun alternativi yoxdur, çünki Xankəndi və ətrafı məsələsində Kremlin istəkləri ilə Bakının mövqeyi heç vaxt üst-üstə düşməyəcək, o zaman yetişəndə Dövlətin təməlləri güclü, institutları dayanıqlı, ittifaqlarımız güvənilən olmalıdır – bugünkü primitiv idarəetmə modeli təklükələri amortizasiya etmək üçün yetərli deyil.

Son günlər sərhəddə baş verən toqquşmalarda 7 Şəhidimiz, 10 Qazimiz var – Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə acil şəfalar nəsib etsin! Amin! Təəssüf ki, hətta sülh sazişi imzalansa belə hələ uzun müddət döyüşə tam hazır vəziyyətdə olmalı, itgiləri gözə almalıyıq. Coğrafiyamız bizi İsrail kimi bir ölkə qurmağa məcbur edir, bunu bacarmalıyıq, başqa yol yoxdur...

Natiq Cəfərli-REAL Partiyasının sədr müavini
Xəbəri paylaş