Newscenter.az.7.12.2021. Prezident İlham Əliyevin dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşündəki çıxışını Zəngəzur dəhlizi ilə bağlı Ermənistana növbəti şərtli çağırış kimi qiymətləndirmək olar. Amma bu şərt əvvəlki aylardan fərqli olaraq yeni müstəviyə keçib.
İlham Əliyevin bəyanatı danışıqların bəzi detallarının mahiyyətinə vurğudur.
Əvvəlcədən də Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın Ermənistandan qrafik və cədvəl tələb etməsi barədə yazılarımız olub, amma bunu sadəcə versiyaların güclüsü kimi təqdim edirdik.
İndi isə həmin versiyaları arqumentə çevirən açıqlamanı Prezidentin çıxışında görmək mümkündür.
Bəli, Azərbaycan danışıqlarda İrəvandan tələb edir ki, dəhlizin Ermənistan ərazisindən keçən hissəsində infrastruktur layihələrinin başlamasına dair qrafik tərtib etsin və bu qrafik barədə Bakıya aydın məlumatlar versin.
Bu, həm də onu göstərir ki, noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşdə qrafikin dəqiqləşdirilməsi üçün Nikol Paşinyan qarşısında şərtlər qoyulub.
Elə bu görüşdən sonra üçtərəfli komissiyanın Moskvada görüşü də həmin cədvəllə bağlı iqtisadi aspektləri özündə birləşdirən mövqelərin öyrənilməsinə, açıq qalan məsələlərin həllinə hesablanmışdı.
İlham Əliyevin dekabrın 15-də Brüsseldə Nikol Paşinyanla keçirəcəyi görüş öncəsi “Zəngəzur cədvəli”nə vurğu etməsi Bakının əlinin gücləndiyinin indikatorudur.
İlham Əliyev əslində qeyd edir ki, yəni, o, Brüssel danışıqlarında da Qərb siyasi platformalarının önündə Paşinyana qrafik məsələsini xatırladacaq.
Prezidentin Vətən müharibəsi zamanı etdiyi çıxışla analogiya aparması da diqqət çəkir:
“Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”.
İndi Zəngəzur koridoru kontekstində tarix istəməsi o anlama gəlir ki, Bakı ya güc yolu ilə, ya da konstruktiv dialoqla istədiyinə nail olacaq.
Güc yolu deyilərkən, əslində Azərbaycanın bütün hərbi resurslarını “Zəngəzur yolunda” xərcləyəcəyini də düşünmək olmaz.
Sadəcə Azərbaycan ordusunun bəlli bir resursu kifayət edər ki, güc yolu ilə nəticə hasil etsin.
Çünki:
1. Ermənistan ordusunda müqavimət göstərməkdən ötrü psixoloji hazırlıq, döyüş hazırlığı yoxdur. Hərbi arsenalı isə darmadağın vəziyyətdədir. Ümumi ordu arsenalında olan silahları isə Azərbaycan ordusunun bir korpusunun silahları qarşısında acizdir.
2. Azərbaycan postmünaqişə dövründə mühüm strateji ərazilərdə mövqelənib və bu mövqelər dəhlizin açılması üçün Bakının şərtlərini ön planda saxlayır.
Diplomatik və siyasi müstəvidə, qlobal çəkişmə kontekstində yanaşsaq da, deyə bilərik ki, Zəngəzur dəhlizi yeni iqtisadi fürsətlər təqdim etdiyindən bunu dəstəkləyənlər çoxdur.
Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Çin, Avropa İttifaqı, Britaniya bu dəhlizi birmənalı dəstəkləyir (bir daha xatırladaq ki, Zəngəzur dəhlizi "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərində orta dəhliz statusu qazanmaq potensialına malikdir)
İkili yanaşmalar nümayiş etdirənlər də var, amma bu, nəticəyə təsir edəcək səviyyədə deyil.
NƏTİCƏ olaraq deyə bilərik:
1. Azərbaycan diplomatik yolla hədəfinə çatacaq. Bunun üçün istər Rusiya, istərsə də, Qərblə apardığı danışıqlarda Ermənistana basqı yaradılması üçün formulları təqdim etməyə davam edəcək.
2. Hərbi yolla hədəfi vurmağa gəlincə, buna cəmi bir neçə gün lazımdır. Ancaq Azərbaycan itki vermək riskinə görə bu amili hələlik təxirə salır. Eyni zamanda isə bu zaman kəsiyində əməliyyat şəraiti üçün hərbi-strateji analizlər aparılır ki, əgər güc variantı işə düşsə əməliyyatlar asanlaşsın. Bu, Ermənistan üçün də tarixi şansdır, ona təqdim edilən zamanı düzgün dəyərləndirmək üçün fürsətdir.
3. Əvvəllki çıxışlarda qrafik məsələsinə vurğu edilmirdi. İndi isə cədvəl amilinin qabardılması onu deməyə əsas verir ki, Azərbaycan Ermənistan üzərində daha bir baryeri aşıb.
İndi ən vacib suallardan biri də budur: Rusiya Zəngəzur dəhlizinə verdiyi dəstək qarşılığında Azərbaycandan nə istəyir, Qərb nə istəyir?
Bakı-Ankara tandemi bu maraq toqquşmalarını hansı düsturla həll edəcək?
Aqşin Kərimov-siyasi ekspert