Newscenter.az.15.12.2021. Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Əvvəla onu qeyd etmək lazımdır ki, iki ölkə prezidenti müharibədən sonra ilk dəfədir ki, belə təkbətək görüşürdü.Tərəflər sonuncu dəfə müharibədən öncə 15 fevral 2020-ci il tarixində Münhendə görüşmüşdü. Bir məqamı qeyd etmək lazımdır ki, erməni diasporunun bu görüşə uzun müddətdir hazırlaşdığı, Azərbaycan prezidentinə təzyiq imkanı yaratmaq üçün “zəmin” formalaşdırdığı bəlli idi.
Görüş zamanı Prezidentə ənənəvi olaraq, "demokratiya” “insan haqları" bəhanəsi ilə müəyyən təziqlərin ediləcəyi bu yolla Zəngəzur dəhlizi və regional məsələlərin ikinci plana salınacağı düşünülürdü. Lakin ermənilərin gözlədiyi heçnə baş tutmadı.
Zəngəzur dəhlizinin açarı Laçın dəhlizidir!
Ermənistanın Zəngəzur dəhlizini açmaq istəmədiyi hərkəsə bəllidir. Son hadisələr və Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışları da bunu sübut edir. Lakin bu da bir reallıqdır ki, Azərbaycan bu məsələdə geri addım atmaq niyyətində deyil. Bu mənada deyə bilərəm ki, Prezidentin Zəngəzur dəhlizinin açılması istiqamətində Laçın dəhlizi üzərindən Emənistana təzyiq etməsi məntiqli və düzgün addımdır.
Prinsip etibarilə Laçında ermənilər üçün dəhlizin yaradılıb Zəngəzurda Azərbaycana sadəcə bəsit bir yolun verilməsi heç də ədalətli və konstruktiv addım deyil. Ermənistan tərəfi hər vəchlə 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ifadəsinin olmadığını qeyd etsə də faktiki olaraq müqavilədə maneəsiz hərəkət sözü var. Bu isə özlüyündə dəhliz ifadəsindən çox daha ciddi bir faktdır. Lakin rəsmi İrəvan bununla da razılaşmaq istəmir. Bu mənada Prezidentin Aİ Şurası Prezidenti Şarl Mişellə görüşdən öncə NATO Baş katibi ilə mətbuat konfransında ən sərt şəkildə Zəngəzur məsələsini qaldırması və ilk dəfə olaraq Laçın dəhlizi ilə müqayisə etməsi rəsmi Bakının bu məsələdə nə dərəcədə qərarlı olduğunu göstərir.
Bəyanatdakı bu məqamlar Paşinyanı məyus etdi
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Hesab edirəm bəyanat rəsmi Bakının maraqlarına uyğundur. Misal üçün Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Digər tərəfdən, bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Prinsip etibarilə bu, Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilə bilər. Çünki rəsmi Bakı da indiki halda yekun sülh müqaviləsinin imzalanmasını təklif edir və bu mövqeyi sabitdir.
Şarl Mişelin bəyanatındakı ən mühüm məqam isə şübhəsiz onun 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsini çağırış etməsidir. Məsələ ondadır ki, bu çağırış Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Çünki 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin hamısı rəsmi Bakı üçün məqbuldur. Azərbaycan bu gün də qeyd olunan görüş və bəyanatların icrasını tələb edir. Misal üçün 10 noyabr bəyanatında öz əksinə tapan maneəsiz hərəkət məsələsi və nəqliyyat kommunikasiya əlaqələrinin bərpa edilməsi məsələsi hələ də icra edilməyib.
Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil.
Bəyanatda həm də dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Hesab edirəm burada konkret olmasa da Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi nəzərdə tutulur. Beləki indiki halda çəkiləcək dəmir yolu xətti keçmiş xəttin yenilənməsi hesabına reallaşacaq. Keçmiş dəmir yolu xətti isə məhz Zəngəzur ərazisindən keçirdi. Daha fərqli bir yerdən dəmir yolu çəkmək ən azından coğrafi olaraq çətin olacaq. Ermənistanın yalnız Araz boyu cənub sərhədləri düzən ərazidir və SSRİ dövründə iki ölkəni birləşdirən dəmir yolu da məhz buradan keçirdi. Hesab edirəm, bütün bunlar Aİ tərəfindən təşkil olunmuş görüşdə Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərir.
Bəyanatda bir dəfə də olsun ATƏT-in MQ adı çəkilmədi.
Hesab edirəm bu, gözlənilən idi. Çünki ATƏT-in MQ 27 illik fəaliyyətsizliyi artıq hərkəs tərəfindən bilinir. 27 il ərzində qurumun bacarmadığını faktiki olaraq Azərbaycan 44 günlük müharibədə bacardı. Mahiyyət etibarilə İkinci Qarabağ müharibəsinin başlamasına bir səbəb də məhz qurumun fəaliyyətsizliyi və qərəzli mövqeyi idi.
İndiki mərhələdə ATƏT-in MQ olub-olmamasının heç bir fərqi yoxdur. Bəyanatda bir dəfə də olsun ATƏT-in MQ adı çəkilməməsi isə onu göstərir ki, Brüssel nəzdində də qurum artıq öz etibarını itirib. Əks təqdirdə Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunmaz ATƏT-in MQ-na həvalə edilərdi.
Turan Rzayev-siyasi ekspert