
Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Belçika Krallığı Federal Assambleyası Senatının sədri Vinsent Blondel ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, parlamentlər dialoq və qarşılıqlı anlaşmaya töhfə verən strukturlardır. Bu mənada, qarşılıqlı təmaslar maraq doğuran məsələlərin müzakirəsində xüsusi rol oynayır. Bu çərçivədə PAİ-nin xüsusi rolu vurğulanıb. Bildirilib ki, PAİ həmişə dialoqa, ümumi səylərə xidmət edir. Qeyd olunub ki, parlamentarilər arasında təmaslar bir-birini daha yaxşı başa düşmək, vacib məsələləri müzakirə etmək imkanı yaradır. Spiker Sahibə Qafarova bu gün Azərbaycanla Belçika arasında müxtəlif istiqamətlərdə, o cümlədən parlament sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Milli Məclisin sədri regionumuzda baş verən proseslər və Ermənistan-Azərbaycan normallaşma prosesi haqda qarşı tərəfə məlumat verib. O, məsələlərə birtərəfli və qərəzli yanaşmaların normallaşma prosesinə mane olduğunu qeyd edib.
Spiker Sahibə Qafarova Ermənistan parlamentinin spikeri ilə görüşünün də, əslində qarşılıqlı etimadın gücləndirilməsinə yönəldiyini diqqətə çatdıraraq, parlament diplomatiyasının məhz belə məqsədlərə xidmət etməli olduğunu vurğulayıb.
Söhbət zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Süleyman











































