Newscenter.az.20.12.2021. Orduda hər şey hərbi intizamdan başlayır. Hərbi intizama riayət uğurun birinci şərti sayılır. Əgər hamı üçün yerinə yetirilməsi mütləq vacib olan qaydalar, qanunlar pozulmağa başlarsa, ən qüdrətli ordular belə, ani səhvdəcə uğursuzluğa düçar olar, çökər.
Bunu savaş səhnələriylə dopdolu qoca tarixin hər səhifəsi bizə sübut edir: ən qüdrətli ordular həmişə ən sərt, ən ciddi nizam-intizamın hökm sürdüyü ordular, ən çox uğur qazananlar da hərbi intizama ən çox riayət edən komandanlar olublar!
Buna görə də ta qədimdən padşahlara, dövlət başçılarına tövsiyə edilirdi ki, Ordunun başına tamahkar və imtiyazlardan sui-istifadəyə meylli, qohum-əqrabadan kimisə yox, məhz təbitəcə, xaraktercə möhkəm və ən intizamlı olan hərbçini gətirmək gərəkdir. Çünki özü qanun-qaydaya, nizam-intizama əməl etməkdə nümunə göstərə bilməyən komandan döyüşçü təbəqəsi arasında çox tez hörmətdən düşər, tabeçiliyindəkilər də hər fürsətdəcə o qayda-qanunu pozmağa çalışarlar...
Elə götürək bir il əvvəl yaşananları: 44 günlük Qarabağ savaşı Silahlı Qüvvələrimizin hansı hissə və bölmələrində hərbi intizamın necə olduğunu açıb ortaya tökdü, kimin, hansı komandirin nəyə qadir olduğu da dəqiqliyi ilə bilindi, onları özündən yuxarıdakılara və özündən aşağıdakılara da bir daha tanıtdı...
Birmənalı şəkildə göründü ki, ən çox itkilərimiz məhz hərbi intizamın aşağı olduğu hissə və bölmələrdə oldu! Yuxarı komandanlığa tabesizlik, özbaşına davranışlar, xüsusən də ucuz şöhrət və sosial şəbəkə qəhrəmanı olmaq hissi və bundan irəli gələrək mobil telefonlardan istifadənin geniş yayılması halı ona gətirib çıxardı ki, düşmən çox asanlıqla əsgərlərimizin kütləvi toplanış və hərəkət istiqamətlərinin yerini təyin edə, həmin ünvanları və marşrutları uzaq məsafədən artilleriya və minamyotlarla vura bildi...
Vaxtında gərəkli kibertəhlükəsizlik təlimatları verilsəydi və bu göstərişlərin icrasına da çox ciddi nəzarət olsaydı, hərbi intizama dəqiqliyi ilə əməl edilsəydi, əmin olun ki, itkilərimizin sayı da daha az olacaqdı...
Bu gün Dövlət Sərhəd Xidmətinin 30 noyabrda “Qaraheybət”də qəzaya uğramış helikopteriylə bağlı Baş Prokurorluğun verdiyi açıqlama da bir daha diqqəti bütün Silahlı Qüvvələrimizdəki nizam-intizama və kibertəhlükəsizlik məsələsinə yönəldir, bu mövzuları ön plana çıxarır.
İlk gündən məsul şəxslərin “Pilot peşəkardır, səhv edə bilməz!” formasındakı absurd açıqlaması qurumdakı nizam-intizamdan diqqəti uzaqlaşdırmağa hesablansa da, nəhayət, 20 gündən sonra anladılar ki, insan amili varsa, o, mütləq səhv edə bilər! İndi isə qəzanın “pilotların idarəetmədəki kobud səhvi” ucbatından baş verdiyi deyilir, ancaq pilotların səhvinə nəyin – fiziki və ya psixoloji amilin səbəb olduğu yenə açıqlanmır...
Daha bir mühüm detal isə qəzaya səbəb olan “pilot səhvi”nin 101 metr hündürlükdə - helikopterdəki heyətin mobil telefonlarının kiberəməliyyat üçün əlçatan mühitə daxil olduğu bir vaxtda baş verməsidir!
Ancaq bugünkü rəsmi açıqlamada bəlli ara məsafəsiylə uçan hər iki helikopterdəki heyətin qəza anında mobil telefonlardan istifadə edib-etmədikləri, ümumiyyətlə, helikopterə kiberhücumun olub-olmadığı barədə hər hansı məlumat verilimir!
Halbuki 2016-cı ildən etibarən dünyanın ən güclü hərbi bloku olan NATO kiberməkanı əməliyyat mühiti olaraq tanıyıb. Elə qəzadan bir gün qabaq və qəza günü – 29-30 noyabrda isə Bakıda İsrail, Azərbaycan və Türkiyə mütəxəssislərinin iştirakıyla kibertəhlükəsizliklə bağlı mühüm bir beynəlxalq tədbir keçirilirdi...
Ancaq nədənsə, bugünkü brifinqdə bu məsələ barədə danışılmadı.
Biz hələ də o qənaətdəyik ki, bu helikopter qəzasında araşdırılacaq əsas versiyalardan biri məhz kibermüdaxilənin olub-olmamasıdır və ictimaiyyətə bu istiqamətdə də mütləq aydınlaşdırıcı izah verilməlidir.
Elxan Şükürlü-politoloq