Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DSX-nin Helikopterinin qəzaya uğramasında real səbəbkar kimdir?!



Newscenter.az.20.12.2021. 30 noyabr tarixində Xızı rayonu ərazisində 14 nəfərin həlak olması 2 nəfərin isə yaralanması ilə nəticələnən helikopter qəzası baş verdi. Yenicə müharibədən çıxmış və 3 minə yaxın şəhid vermiş dövlətimiz üçün 14 şəhid verməsi və eyni sayda illərlə yetişdirilmiş mütəxəssisin itirilməsi sarsıdıcı zərbə idi. Bu hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıldı və müvafiq araşdırma hazırda da aparılmaqdadır. Ancaq hələ də cəmiyyətimizdə bu hadisə ilə bağlı birmənalı olmayan fikirlər səslənməkdədir.

Niyə cəmiyyətimiz bu hadisəni heç bir sübut və dəlil olmadan bədbəxt hadisə versiyasından başqa istənilən digər versiyaya bağlamağa çalışır? Dünyanın istənilən ölkəsində, hətta ABŞ, Avropa ölkələri, Hindistan və digər hərbi sahədə yüksək inkişaf etmiş dövlətlərdə belə tez-tez rastlaşdığımız belə hadisə bizim ölkədə baş verə bilməzmi? Əlbəttə baş verə bilər. Bir neçə gün öncə Hindistan Silahlı Quvvələrinin Baş Qərargah rəisinin də olduğu və həlak olduğu helikopterin qəzaya uğraması təxminən eyni hadisə deyildimi? Təbii ki, oxşar hadisə idi. Sadəcə insanlarımız və cəmiyyətimiz hər vəchlə bunu fərqli istiqamətə yönəltməyə çalışır.

Məlum olduğu kimi, artıq insanlarımız arasında heç bir araşdırmanın aparılmadığı və heç bir məlumatın verilməyəcəyi barədə gəzən fikirlərə də son qoyuldu. Baş prokurorluq tərəfindən hadisənin səbəbləri də açıqlandı. Belə ki, qəzanın ilkin səbəbi kimi, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər hesab olunub. Araşdırma hələ ki, davam etdirilir.

Ancaq buna baxmayaraq cəmiyyətdə və xüsusilə də sosial şəbəkələrdə bir çox insanlar hələ ki, şübhələri davam etdirir və açıqlanan səbəblərə ironiyalı yanaşma tərzi ortaya qoyurlar. Bəs necə oldu ki, XIX əsrdə yaşayan və Qafqazda olarkən Azərbaycan haqqında orada verilən sözün insan həyatından önəmli olduğu fikrini səsləndirən dahi fransız yazıçısı Aleksandr Dümanın barəsində danışdığı cəmiyyətimiz bu qədər dəyişildi?! İnsan həyatı ilə yanaşı verilən sözün və səsləndirilən fikirlərin bəzən hər şeydən ucuz olduğu bir dönəmə necə gəldik?

Zənnimcə hər şeyin çoxluğu onun dəyərini itirsə də bu sözə aid olmamalıdır! Ancaq çox təəssüflər olsun ki, informasiya bolluğu ilə müşaiyət olunan dövrümüzdə informasiya nə qədər bol və önəmli olsa da, bəzən bir o qədər dəyərsizdir. Maşın, mobil telefon və digər bir sıra müasir dövrün məhsullarından bir çox hallarda təyinatlarına uyğun istifadə etmədiyimiz kimi, informasiyadan da bəzən təyinatından başqa hər məqsədlə istifadə edirik. Bu da, fikrimcə təkcə cəmiyyətimizin deyil, əksinə daha çox uzun illər cəmiyyətimizi informasiya ilə təmin etməklə bağlı məsul olan şəxslərin neqativ fəaliyyətləri ilə bağlıdır. Hər şeyi, o cümlədən də informasiya siyasətini belə özlərinin maraq və mənafelərinin təminatı istiqamətində səfərbər edən "cənab"lar bu gün cəmiyyətdə və insanlarda dövlətə və onun informasiya siyasətinə etimadı ciddi şəkildə sarsıdıblar. Hesab edirəm ki, hazırda qurmaqda olduğumuz yeni Azərbaycanın yeni siyasi konfiqurasiyasının əsas prioritetlərindən biri də məhz bununla bağlıdır. İnformasiya siyasətində mövcud olan bu çatışmazlıqları həll etmək və sosial şəbəklər və digər internet resurslarında bu cür informasiya təxribatçılığına qarşı effektli mübarizə mexanizmini hazırlamaq.

Xəyal Bəşirov-siyasi ekspert
Xəbəri paylaş