Newscenter.az.21.12.2021. 20 dekabr 2021-ci ildə Ermənistan baş naziri Nikol Paşinyanın Gürcüstana işgüzar səfər etməsi ilə bağlı erməni mediasında məlumat yayıldı. Həmin məlumatda deyilir ki, Nikol Paşinyanın Gürcüstana səfərinin əsas məqsədi Gürcüstan və Ermənistan arasında fəaliyyət göstərən hökumətlərarası kommisiyanın iclasında iştirak etməkdən ibarətdir. O, həmçinin gürcü həmkarı İrakli Qaribaşvili ilə də görüşməyi planlaşdırıb.
İlk baxışdan Paşinyanın Gürcüstan səfəri işgüzar səfər anlamını daşısa da, mövzunu dərindən araştırarkön qarşımıza bir sıra maraqlı detalların və sualların çıxdığını görə bilərik.
Burada diqqəti cəlb edən ilk məsələ əlbəttə ki, 2021-ci il ərzində Ermənistan və Gürcüstan baş nazirləri arasında bu görüşün artıq 4-cü görüşün baş tutmasıdır.
Digər tərəfdən Paşinyanın Brüssel səfəridir ki, burada da o qərb dövlətlərinin liderləri ilə bağlı qapılar arxasında görüşlər təşkil etdi və yəqin ki, onların Gürcüstana bəzi mesajları olacaq ki, onu da Paşinyan vasitəsi ilə çatdırmaq niyyətində ola bilərlər.
Burada qeyd edilməli önəmli məsələlərdən biri də 10 dekabrda Moskvada baş tutan 3+3 formatında Gürcüstanın iştirakdan imtina etməsidir. Yəni əvvəldən 3+3 formatına isti yanaşmayan Qərb dövlətləri üçün Gürcüstanı Rusiyadan kənar tutmaq üçün ən optimal variant kimi Paşinyan görünə bilər ki, Qərb də bu fürsətdən yetərincə faydalanmaq eşqinə düşə bilər.
Nəhayən, bir müddət əvvəl Gürcüstan tərəfi Azərbaycan və Ermınistan arasında dialoqun təşkil edilməsi üçün əlindən gələni etməyə hazır olduğunu elan etmişdir. Düşünmək olar ki, Brüssel səfərindən sonra əldə edilən nəticəni dəyərləndirən Paşinyan üçün Moskva yaxud Soçidənsə Tiflis variantı daha məqbul hesab edilə bilər. Gürcüstan həm də bu ilin iyun ayında Ermənistan və Azərbaycan arasında minaların xəritələrinin verilməsi və terrorçuların qaytarılması məsələsində vasitəçilik funksiyasını həyata keçirmişdir. Bütün bu qeyd edilənləri dərindən təhlil edərkən belə nəticəyə gəlmək olar ki, Paşinyanın Gürcüstan səfərini hər mənada işgüzar adlandırmaq mümkündür
Samir Hümbətov-politoloq