Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pekin İran üzərindən bölgədə fəaliyyətini genişləndirmək istəyir



Newscenter.az.24.12.2021. İran ən çox ümid bəslədiyi ölkə Çindir. Tehran qonşu Rusiya ilə tərəfdaşlığını davam etdirir. Ancaq Tehranın Kremlə inamı yoxdur. Misal üçün Kreml bir tərəfdən Tehranla dialoq içindədir, Suriyada əməkdaşlıq edirlər, digər tərəfdən Rusiya prezidenti Vladimir Putinin İranın əsas düşməni İsraillə isti münasibətləri mövcuddur. Bu Tehranın xoşuna gəlmir. Digər tərəfdən İran Rusiyadan istədiyi silahları ala bilməyib. Rusiya İrana yatırım qoymaq həvəsində də deyil.

Bu vəziyyətdə Tehranın Pekinlə əməkdaşlığı genişləndirməyə çalışır. Pekin bunun əleyhinə deyil. Pekinin Tehranla imzaladığı sazişə görə Çin 25 ildə İrana 400 milyard dollar yatırım qoyacağına təminat verib. Çin İranın müxtəlif iqtisadi layihələrinə maliyyələşdirəcək. Bu saziş İranda birmənalı qarşılanmayıb. İranın bir qrup siyasətçisi və eksperti haqqında danışılan sazişin İranı Çindən asılı vəziyyətə salacağı qənaətindədir. Bunları arasında İranın keçmiş prezidenti Mahmud Əhmədinejatı xatırlamaq olar. O bu sazişin İranın maraqlarına zidd olduğunu bir neçə dəfə vurğulayıb.

Əhmədinejat haqlıdır. Çin 25 il ərzində İran iqtisadiyyatının ən gəlirli sahələrinə nəzarəti ələ keçirəcək. Çin müxtəlif ölkələrin yatırım xahişlərinə hər zaman müsbət cavab versə də, bunun ardınca həmin dövlətlərə siyasi tələblərini səsləndirməyə başlayır. Hansısa ölkə Çinə olan borcunu ödəməkdə çətinlik çəkdikdə isə Pekinin tələbləri daha da sərtləşir.

Bu durum hələ ki, Tehranı narahat etmir. Çünki İran hakimiyyətinə indiki ağır vəziyyətdə maliyyə və yatırımlar lazımdır. İrana isə Çindən başqa böyük yatırım qoymaq istəyən dövlət yoxdur.

Noyabrın son günlərində Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefonla danışıb. Telefon danışığı zamanı Van İ bildirib ki, Çin hökuməti İran xalqına dostluğunu ifadə etmək üçün daha bir peyvənd partiyasını İrana göndərəcək. Bundan başqa Van İ bildirib ki, Çin İranla birlikdə birtərəfli fəaliyyətlər və təqib siyasətinə qarşı çıxmağa, həmçinin daxili işlərə qarışmamaq prinsipini müdafiə etməyə hazırdır.

İranlı həmkarıyla danışıq zamanı Çinin öz inkişaf modelini ixrac etmək niyyətində deyil, ancaq inkişafı sürətləndirmək və eyni zamanda müstəqilliyini qorumaq istəyən İran kimi ölkələr üçün nümunə olmağa ümid etdiyini deyən Vanq İ bunları vurğulayıb: “Çin istənilən birtərəfli hərəkət və təqib siyasətinə qarşı çıxmaq, daxili işlərə qarışmamaq prinsipini dəstəkləmək və beynəlxalq ədaləti və qərəzsizliyi müdafiə etmək üçün İranla əməkdaşlıq etməyə hazırdır. Çin Xalq Respublikasının sədri Si Tzinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünə İranın dəstəyini yüksək qiymətləndirir və iki ölkə arasında hərtərəfli əməkdaşlıq planının həyata keçirilməsində İranla işləməyə və onların strateji tərəfdaşlığının yeni nəticələrinə nail olmağa hazırdır”.
Aydındır ki, Çinlə İranı anti-Amerikan və anti-Qərb siyasəti də birləşdirir. Ancaq Pekinin praqmatik maraqları da var. Çin İran iqtisadiyyatında hakim mövqeyə sahib olmaqla İranın mövcud olduğu bölgədə fəaliyyətini genişləndirmək istəyir.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş