Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasir dövrün gəncləri nə üçün keçmiş dövrlə ayaqlaşa bilmirlər?



Newscenter.az.4.01.2022. İxtisas seçimi insanın həyatında verdiyi ən önəmli qərarlardan biridir. Hər bir insanın gələcək həyatını, məqsədini müəyyənləşdirməkdə peşə seçimi mühüm rol oynayır. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, doğrultmaqdır.

Hər birimiz ilk seçimimizi ətrafdakı insanlara baxaraq edirik. Həmin peşədə özümüzü görür, bizi xoşbəxt edəcəyini düşünürüksə, o peşəni seçirik. Lakin sevdiyimiz peşə bizə hər zaman uğur qazandırmır. Sevdiyimiz peşə ilə dövrün prestijli peşələri arasında bəzən böyük fərqlər olur. Hər bir insan həyatda heç olmasa bir dəfə özünə "Mən kim olmalıyam?” sualını verir. Bəzi insanlar bu sualı dəfələrlə qarşılarına qoyurlar. Birinci qisim insanlar həyatda ancaq tək bir yol seçmək istəyirlər və buna görə də bu seçimdə mümkün qədər səhv etməməyə çalışırlar, kimisi ailəsinin keçmişini, təcrübəsini yada salır, kimisi müdrik insanlardan məsləhət alır, kimisi isə, populyar, prestijli işin sahibi olmaq istəyir. Bu fikirləri birləşdirən bir amil var – nəyi seçmək istədiklərini, gələcəkdə bu peşənin sahibi kimi özlərini harada görəcəklərini, nədən zövq almaları barədə düşünmürlər. İkinci qisim insanlar özlərinə qonaq kimi yanaşırlar: "Mən indi haradayam”, "nəyə qadirəm”, "əlimdə nəyi saxlamaq, haraya doğru getmək istəyirəm” kimi suallar vasitəsi ilə özlərini tapmaq istəyirlər. Qoyulan suallar çox vacibdir, çünki onlar bizi şəxsi inkişafın ən vacib pillələrindən birinə, özünü dərk etməyə yönəldirlər. Seçəcəyimiz sənətlə bağlı hər birimizin beynində ancaq bizə aid olan dəyərlər olur. Yüksək dəyərlər siyahısına hamımız bələd ola bilərik, lakin hər birimizin ancaq bizə aid olan və ön sırada dayanan ən vacib dəyərləri mövcuddur. Onları bəzən təmiz, ağ paltar kimi ipə düzüb, seyr etməliyik. "Ən vacib 3 dəyərim nələrdir”, "onlara qarşı çıxanda özümü necə hiss edirəm”, "onları yol göstərən ulduz kimi seçsəm, hansı qapıları aça bilərəm” kimi sualları özünüzə verin və düşüncələrinizi bir yerə yazmağı unutmayın. Bəlkə, yeni mərhələlərə keçdikdə dəyərləriniz də dəyişəcək.

Danılmaz həqiqətdir ki, müasir dövrün gəncləri hədəfə tez çatmaq istədikləri üçün yaşlılar tərəfindən tez-tez qınanılır, müzakirə obyektinə çevrilirlər. Xüsusilə "bizim dövrümüzdə...” kimi başlanan cümlələrlə gənclərin tənbəllik məsələləri gündəmə gətirilir. Onların ilk görüşdən pul məsələlərinə diqqət etmələri, ilk gündən zirvədə olmaq istəmələri mənfi qarşılanır. Yaşlıların dili ilə desək, müasir dövrün gəncləri nə üçün keçmiş dövrlə ayaqlaşa bilmirlər?

Kouç deyir ki, müasir dövrün gənclərinin üzərində keçmişlə müqayisədə yük çoxdur. Əvvəllər həyat bu qədər böyük sürətlə dəyişilmirdi, illərlə biliklər, istiqamətlər eyni qalırdı. İndiki zamanda isə tendensiyalar sürətlə bir-birini əvəzləyir. Artıq hansısa peşənin bu gün prestijli olmağı, onun həmin səviyyədə 4-6 il ərzində qalacağı mənasına gəlməz. Bu dəyişilən dünyada çevik, tez uyğunlaşan, daim inkişafda olanlar təsiredici qüvvəyə malik olacaqlar. Sizi uğurlu edən, suyun üzərində saxlayan xilasedici jilet – sizin dəyərlərinizdir. Dəyişikliyə məruz qaldığınız zaman daxili dəyərlərinizə əsaslanın. Məhz onlar sizə "xoşbəxtəm” və ya "bədbəxtəm” siqnalı verəcəklər. İnsanı irəli aparan, ona motivasiya verən sevgidir. Bu səbəbdən gənc sevdiyi peşəni seçməlidir. Sən işini sevdikdən sonra işin səni ikiqat sevir və onunla sevgili olursan. Sevdiyin üçün də nəsə etməyə can atdıqda, inkişaf edə bilirsən. Gələcəyi araşdırıb seçmək isə ikiqat uğura nail olmaq deməkdir. Təsəvvür edin ki, ya bir xanıma aşiq olub seçirsiniz, ya da ki, məntiqi olaraq qərar verirsiniz ki, bu xanımı sevmək olar, ya yox? İxtisasını, gələcəyini düşünmək də buna bənzəyir. Gələcəyini araşdırıb seçdikcə, daha düzgün şəkildə formalaşa bilirsən və bu, sənəti gələcəkdə daha çox sevməyinə gətirib çıxarır.

Son sözdə bir əlavə edim ki, qalibiyyəti istənilən ixtisasda tələbə adını qazanmaqda görən yeniyetmədən, peşəkar kadr gözləmək gülüncdür.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş