Newscenter.az.5.01.2022. Azərbaycanın radikal müxalifət nümayəndələri, bloggerləri, trol qrupları Qazaxıstanda baş verən hadisələri korporativ mənafeləri baxımdan təqdim etməyə çalışmaları təəssüf doğurur. Sosial şəbəkələr vasitəsilə elə bir rəy formalaşdırmağa çalışırlar ki, guya Qazaxıstanda xalq öz iradəsi ilə ayağa qalxıb və sosial-iqtisadi tələblər irəli sürüb. Məhz, bu fonda da eyni ssenarinin Azərbaycana da transformasiyası üçün subliminal mesajlar ötürməyə cəhdlər edirlər. Lakin prosesləri təhlil edən insanlar bir daha süni etiraz aksiyalarından doğan siyasi və geosiyasi oyunların ştrixlərini gördükcə, həm Qazaxıstanda baş verənlərin, həm də hakimiyyət xülyası ilə yaşayan Azərbaycanın radikal müxalifətinin fəaliyyətinin əsas motivlərini anlamış olur...
İlk olaraq sual olunur ki, bu etirazlar yanacağın qiyməti ilə bağlıdırsa, hökumətin güzəştlərindən sonra niyə səngimədi? Əksinə, hökumət geri addım atdıqdan sonra daha da şiddətləndi, siyasi tələblərlə genişləndi və nəhayət də, barbarlıqla, vandalizmlə davam etdi. Maşınlar, sosial və dövlət obyektləri yandırılıdı, yağmalandı. Demək ki, marginal qrupların təşkilatlanmış formada küçələrə çıxarılmasının arxasında hansısa dövlət, yaxud xüsusi xidmət orqanları dayanır...
Hadisələrin gedişatı əsasında elə ilk cəhddən Qazaxıstanda baş verənlərin hər zaman olduğu kimi bu dəfə də "şimaldan gələn küləklər"in təsirindən qaynaqlandığını görməmək mümkün deyil. Ötən 30 il ərzində neçə dəfə şahidi olmuşuq ki, Qazaxıstanın şimal hissəsinin qoparılmasına cəhdlər olub. Dəfələrlə görmüşük ki, Qazaxıstanda ikinci dövlət dili məsələsi süni şəkildə qabardılıb. Qazaxıstanda milliləşdirmə siyasətinin son illər ərzində daha da genişlənməsini, geosiyasi seçiminin dəyişməsinin açıq fazaya keçməsinin, strateji layihələrdə dövlət maraqlarının "böyük qardaş" mənafeyindən üstün tutulmasının yekunu olaraq rəsmi Nur-Sultan hədəfə çevrilib...
Yəqin ki, hər biriniz millətçi-şovinist Jirinovskinin Qazaxıstanla bağlı fikirlərini xatırlayırsınız. O, açıq şəkildə bildirirdi ki, "300 il öncə Qazaxıstan harada idi? Siz yox idiniz, həmin yerlərdə cunqar tayfaları var idi. Amma Cunqariya dövləti yox idi". Yaxud da ki, "Yedinaya Rossiya" partiyasının deputatı Nikonov birbaşa efirdə deyirdi ki, "Qazaxıstan sadəcə mövcud olmayıb, hətta şimali Qazaxıstanda ümumiyyətlə məskunlaşma olmamışdı". Və ya Rusiya Dövlət Dumasının deputatı Fyodorov bildirirdi ki, "Qazaxıstanın ərazisi Rusiya tərəfindən edilmiş ən böyük hədiyyədir. Həmin əraziləri SSRİ-dən çıxdıqda sonra qaytarmaq lazım idi. Hətta, ən yaxşısı vahid dövlət yaratmaq olardı"...
Gördüyünüz kimi, Qazaxıstan hər zaman şimal qonşusunun hədəfində olub və bu gün də baş verənlər aparılmış anti-Qazaxıstan təbliğatının nəticəsidir. Bir faktı da nəzərə almaq lazımdır ki, Belarusla Rusiya "vahid dövlət" haqqında razılaşıblar. Amma görünür Qazaxıstan bu məsələdə fərqli düşünür. Elə bu gün cərəyan edən hadisələr də məhz həmin fərqli düşüncənin nəticəsi ola bilər.
Son olaraq qeyd edim ki, 2021-ci ilin dekabr ayında Rusiya ilə Qazaxıstan arasında qaz bazarının inkişafı və ərzaq məhsullarının ümumi bazarının formalaşdırılması haqqında memorandumlar imzalanıb, Rusiya və Qazaxıstan liderləri arasında görüş keçirilib, hətta Putin Nursultan Nazarbayevi və Kasım-Jomart Tokayevi Rusiyada gözlədiyini də bildirib. Çox güman ki, Rusiyada aparılması planlaşdırılan çətin danışıqlar ərəfəsində Qazaxıstana "kütlə əzələsi" nümayiş etdirilməkdədir. Yəni, "Moskvada nə desələr razılaşmalısınız, əks təqdirdə bütün Qazaxıstanı kütlə barbarlığına məruz qoyarıq" mesajı verilməkdədir...
Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri