Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhla Aslan: “Türkiyədə akademik həyat böyük zəhmət, ciddi araşdırmalar tələb edir”



Newscenter.az.6.01.2022. Yazıçı-jurnalist, Prezident təqaüdçüsü, Türkiyənin Qazi universitetinin doktorantı Şəhla Aslanın "OLAYLAR"-a müsahibə verib. O, qardaş ölkənin təhsil sisteminin üstünlüklərindən, eləcə də xarici ölkə gənclərinin Türkiyənin ali təhsil ocaqlarına olan marağından danışıb.

-Şəhla xanım, bildiyimiz kimi siz hazırda Qazi Universitetində doktrantura təhsili alırsınız. Ümumiyyətlə, qardaş ölkənin təhsil sisteminə kifayət qədər bələd olan, bu sahə ilə bağlı müxtəlif layihələrdə iştirak edən həmvətənlərimizdənsiniz. Bizim üçün maraqlıdır, azərbaycanlı gənclər hansı özəliklərdən, üstünlüklərdən dolayı daha çox Türkiyə universitetlərində təhsil almağa üstünlük verirlər?

-Türkiyədə təhsilin üstünlükləri çoxdur. İki ölkə arasındakı dil yaxınlığı, təqaüd imkanları, təhsilə sərf olunan xərc, viza probleminin olmaması və s. bu kimi səbəblər təhsil almaq üçün tələbələri cəlb edə bilir. Məsafəcə Azərbaycana yaxın olması, təhsil haqqının digər ölkələrə nisbətdə daha aşağı olması Türkiyədə təhsilin digər üstünlüklərindəndir. Onu da deyim ki, Türkiyədə tələbələrə özəl münasibət var. Universitetlərdə təhsilin yüksək səviyyədə savadlı və peşəkar pedaqoqlar tərəfindən müasir texnologiya və avadanlıqlar vasitəsilə tədris olunması, inkişaf etmiş infrastruktur, yeməkxanalarda güzəştli menyular, kampuslarda fasiləsiz internet xidməti, zəngin kitabxanalar, ictimai nəqliyyatda, alış-verişlərdə tələbə endirimləri gəncləri Türkiyədə təhsil almağa sövq edir.

Digər tərəfdən, hazırda Türkiyə xarici tələbə sayına görə dünyada ilk 10-luqdadır; Burada xarici ölkələrdən iki yüz mindən çox tələbə təhsil alır. Türkiyənin qabaqcıl universitetləri tələbələrə sərfəli təcrübə proqramları təklif edən müxtəlif təşkilatlar, şirkətlərlə əməkdaşlıq edir ki, nəticədə tələbənin təhsil alarkən belə potensial işəgötürən tapa bilmə şansı olur. Bu da digər bir önəmli səbəb ola bilər.

-Bəzən gəclərimiz Türkiyədə universitetə daxil olduqdan sonra orada oxumağa çətinlik çəkirlər. Bu onu deməyə əsas verirmi ki, Türkiyədə ali təhsil almaq o qədər də asan deyil və kifayət qədər məsuliyyət tələb edir?

-Əlbəttə, Türkiyə təhsil sistemi Azərbaycan təhsil sistemindən tamamilə fərqlənir. Çətindirmi? - Bu tələbəyə görə dəyişir. Məsuliyyət? - Əlbəttə, təhsil almaq ciddi məsələdir.

Ümumiyyətlə, xaricə təhsil almaq üçün gedən tələbənin cəlb olunduğu sosial və akademik mühitə alışma prosesində problemlərlə üzləşəcəyi gözləniləndir. Bunlardan bəziləri özünü yad hissetmə, sosial və mənəvi dəyərlərdəki ziddiyyətlər, təhsil sisteminə adaptasiyada yaşanan çətinliklərdir. Bəzi tələbələr təhsillə yanaşı gündəlik həyatda da bir çox çətinliklərlə qarşılaşırlar; Ünsiyyət qurmada, maddi məsələlərdə və s. Tələbənin iqtisadi vəziyyəti və gündəlik ehtiyaclarını ödəməkdə qarşılaşdığı çətinliklər digər problem kimi qarşıya çıxır. Türkiyədə xarici tələbələrin qanuni iş icazəsi yoxdur. İşləməyən, ailələrinin dəstəyi ilə təhsillərini davam etdirən bir çox tələbələr bir müddət sonra yaşayış, nəqliyyat, səhiyyə, təhsil və s. xərclərinin öhdəsindən gələ bilmirlər. Bu vəziyyət göstərir ki, xaricdə təhsil almağa gedən tələbələr təhsildə müvəffəqiyyətli olmaq üçün yaşadıqları ölkənin təhsil sistemi, mədəniyyəti, həyat tərzi haqqında o ölkəyə getmədən öncə ciddi araşdırmalıdır.

Ayrıca, ailə və vətən həsrəti kimi müxtəlif səbəblər də var. Bir qisim həssas tələbələr ailəsindən, vətənindən ayrı qalmağa dözə bilmirlər. Gender baxımından, daha çox qız tələbələrin, yaş qruplarına görə isə 18-21 yaş qrupunda olan tələbələrin bu mövzuda daha çox problem yaşadığına rast gəlinir.

Qeyd etmək lazımdır ki, ənənəvi təhsil anlayışının üstünlük təşkil etdiyi sistemlərdə tələbələr sinifdə sual verməyə, sərbəst öyrənməyə və müstəqil araşdırma aparmağa həvəsləndirilmir. Tələbə səssiz və dinləyici mövqedə olur. Tələbəylə müəllim arasında formal bir ünsiyyət olur. Türkiyə təhsil sistemində isə müəllimlərlə aktiv ünsiyyət, ev tapşırıqları, hesabatlar, təqdimatlar və sinifdə mövzulara dair müzakirədə aktiv iştirak akademik uğur əldə etmək üçün ciddi əhəmiyyət kəsb edir.

Təəssüf ki, qeyd etdiyiniz təhsilini yarıda buraxan tələbə qrupu Azərbaycanda alışdıqları "təhsil alma qaydaları"ından kənara çıxa bilmirlər ki, bu da təhsillərini uğurlu şəkildə başa çatdırmalarına ciddi maneə olur. Türkiyədə müəllimlər tələbələrdən məhsuldarlıq, ciddi çalışmalar etmək tələb edirlər. Bir qrup tələbələr bu vəziyyət qarşısında aciz qalırlar. Tədqiqat bacarıqsızlığı, akademik dilin zəif olması, Türkcə elmi terminlərinin başa düşülməməsi tələbələr tərəfindən mühüm problem kimi qəbul edilən digər elementlərdən biridir. Bu mənada, azərbaycanlı tələbələrin aldıqları türkcə dil kursları akademik təhsildə uğurlu olmağa kifayət etmir. Yuxarıda qeyd etdiyim sahələrdə bakalavr tələbələri daha çox çətinlik çəkirlər. Magist və doktorantlar nisbətən az problem yaşayırlar. Onların təməl bilikləri və yaş baxımından daha yetkin olmaları özlərini daha yaxşı ifadə etməyə imkan verdiyini söyləmək olar.

-Təxminən qardaş ölkədə nə qədər azərbaycanlı tələbə təhsil alır, bu barədə bilginiz varmı?

-Türkiyədə təqribən 200 min xarici tələbə təhsil alır. Burada say çoxluğuna görə, birinci yerdə suriyalı tələbələr 27 min 34, ikinci yerdə azərbaycanlı tələbələr 19 min 383 gəlir. Qeyd edim ki, bu 2019-cu il statistikasıdır. Hazırda bu rəqəmin bir az daha yüksək olduğunu güman edirəm.

-Yuxarıda qeyd etdiyimiz kimi siz uzun illərdir ki, qardaş ölkənin təhsil sahəsindəsiniz, doktrantura təhsili alırsınız, eyni zamanda təhsillə bağlı müxtəlif layihələrdə iştirak edirsiniz. Türkiyədə təhsil almaq istəyində, arzusunda olan gənclərimizə nələri tövsiyə edərdiniz, Türkiyədə ali təhsil almaq arzusunda olan gənclərimiz ilk mərhələdə hansı vacib addıları atmalı, prosedurlardan keçməlidirlər?

-Türkiyədə təhsil almağı düşünən tələbələr öncəliklə, büdcələrini dəqiq təyin etməli və oxumaq istədikləri universiteti dəqiq araşdırmalıdırlar. Doğru universitet seçimi təhsil almaq üçüb ən vacib qərardır. Universitetin reytinq göstəriciləri, yəni beynəlxalq tanınmışlıq dərəcəsi önəmli məsələdir. Tələbələr üçün yüksək ödəniş qarşılığında universitetlərdən "qəbul alan" xaricdə təhsil şirkətləri hər zaman uğurlu olmur. Tələbələr Türkiyəyə gəldikdən sonra ciddi problemlərlə üz-üzə qalırlar. Şirkətlərin hamısı doğru məlumat vermir və ya insanları aldadırlar. Türkiyədə təhsil almaq üçün hansısa şirkətə müraciət edirsinizsə, mütləq şirkəti araşdırın, çünki sizə bir çox şirkət yalan vədlər verərək aldada bilir. Şirkət tərəfindən söylənilən şərtlərlə real şərtlər çox zaman fərqlidir. Tələbə dərslərə başlaya bilmir, arada vaxt da gedir, şirkətə ödənilən pul da. Texnologiyanın inkişaf etdiyi bir dövrdə universitetlər haqqında məlumat almaq, təhsil üçün müraciət etmək olduqca əlçatandır. Yaxşı olar ki, müraciətləri tələbələr özləri etsinlər. Kifayət qədər münasib qiymətli və təhsil haqqı aşağı olan əlverişli universitetlər var. Təhsil almaq üçün dərəcə, ixtisas və universitetin yerləşdiyi şəhər də önəmli faktordur. Bunlara əvvəlcədən diqqət etsinlər.

Magistratura və doktoranturaya müraciət edən tələbələr elmi araşdırma edə bilmək üçün mütləq şəkildə bir neçə xarici dil öyrənsinlər. Müxtəlif sahələrə uyğun ən yeni araşdırma məqalələri, jurnallar, kitablar xarici dildədir. Bunlardan xəbərdar olmayan araşdırmaçının çalışmaları ciddi hesab olunmur. Azərbaycanlı tələbələrin qarşılaşdıqları ən böyük problemlərdən biri də elə elm sahəsində qəbul olunan texniklərə uyğun məqalə, elmi iş yaza bilməməkdir. Çünki, bu haqda Azərbaycanda yetəri qədər bilgilərə sahib olmurlar. Türkiyədə akademik həyat böyük zəhmət, ciddi araşdırmalar tələb edir. Tələbələr bu məsələdə Azərbaycan nümunəsini tamamilə unutmamalıdırlar. Əlbəttə ki, təqaüd imkanları da axtarılmalıdır. Bəzi təqaüd proqramları tam yəni, Türkiyədə olarkən bütün xərcləri, bəziləri isə qismən xərcləri qarşılayır. Bu kimi imkanlardan yararlanmaq faydalı olar. Yeri gəlmişkən, mən də doktorantura təhsilimi Türkiyə dövlətinin təqaüdü vasitəsiylə alıram. Dövlət təqaüdlərinə müraciət etmək istəyən tələbələrimizlə təcrübələrimi bölüşə bilərəm.

-Azərbaycanda bir qayda olaraq tələbələr ikinci kursdan sonra müxtəlif qurumlarda öz ixtisasları, yaxud başqa ixtisaslar üzrə işləməyə can atırlar və işləyirlər. Bəs, Türkiyədə necə, gənclər təhsildən sonra, yaxud təhsil aldıqları dönəmdə özlərinə iş tapa bilirlərmi?

-Türkiyədə müxtəlif dövlət qurumları və vakıflar ehtiyac sahibi tələbələrə özəl olaraq təqaüd verirlər. Tələbələr dövlət yataqxanalarında nisbətən münasib qiymətə qala bilir, pulsuz yeməklərdən qidalana bilirlər. İş məsələsinə gəldikdə, Türkiyə vətandaşı tələbələr (bakalavr və ya magistr, doktorant) eyni zamanda, təhsil aldıqları universitetin müxtəlif şöbələrində, dekanlıqlarda, kitabxanada, yeməkxanada və s. rəsmi qaydada part-time işləyə bilirlər. Tələbələrin 1 saatlıq zəhməti müqabilində hər il müəyyən edilmiş minimum əmək haqqının bir saatı civarında ödəniş alırlar. Bu ödəniş müəyyən düstur ilə hesablanır. Tələbələrin dərs davamiyyəti, ictimai fəaliyyəti nəzərə alınaraq universitetdə aylıq təqribən 60 saat işləyə bilirlər. İşləyən tələbələr dövlətdən aldıqları təqaüddən və ailələrinin onlara verdiyi imkanlardan məhrum edilmirlər. Bundan əlavə, tələbələrin universitetdən kənar müxtəlif iş yerlərində də işləmə, ixtisaslarına uyğun təcrübə keçmək imkanları olur. Təcrübə zamanı da onlara müəyyən qədər maaş verilir.

-Pandemiya dövrü qardaş ölkədə ali təhsil sisteminə nə dərəcədə mənfi təsir göstərib?

-Məlumdur ki, 2020-ci ilin ən böyük fəlakəti bütün dünya üçün COVİD-19 adlı pandemiya virusu oldu. Bütün dünya kabus yaşadı, bir çox ölkədə səhiyyə sistemilə yanaşı təhsil sistemi də çökdü. Pandemiya dövründə Türkiyə dövlətində təhsil sahəsinin daha az zərər görməsi üçün ilk günlərdən başlayaraq müəyyən tədbirlər həyata keçirildi. İlk növbədə təhsil müəssisələri mərhələli şəkildə bağlandı və distant təhsilə başlandı. Televiziya kanalları vasitəsilə orta məktəb şagirdlərini təhsildən kənarda tutmamağa səy göstərildi. Qısa müddət ərzində həm distant, həm də üzbəüz təhsildə hibrid metod tətbiq etməyə başlandı. Daha sonra tamamilə distant təhsilə start verildi. Koronavirus epidemiyası bütün ölkələrə təhsildə rəqəmsallaşmanın nə qədər vacib olduğunu göstərdi. Bu mənada, distant təhsil tətbiqlərində internetdən istifadə edən fərdlərin əhaliyə nisbəti daha vacib məsələ kimi ortaya çıxdı. Məsələn, Türkiyədə bu nisbət 90,7% təşkil edir. Bu hətta bir çox inkişaf etmiş ölkələrin göstəricilərindən yüksəkdir. Türkiyə universitetlərinin bir çoxunda distant təhsil fəaliyyətinin əlçatan olması üçün lazımi texniki infrastruktur bazası pandemiyadan öncə də mövcud idi. Buna görə də, pandemiya dövründə tədrisin davam etdirilməsində Türkiyəyə məxsus ciddi problemlər yaşanmadı. Sözsüz, pandemiya zamanı bütün dünya təhsil sahəsində yaşanan ümumi risklər Türkiyə təhsil sistemində var idi. Bunlardan birinci və ən mühüm olanı təhsildə imkan bərabərsizliklərin dərinləşməsi riski, ikincisi, uzun müddət təhsildən uzaq olan tələbələrdə baş verən öyrənmə itkisinin artması və nəhayət, məktəblə əlaqəsi azalmış şagirdlərin yenidən məktəbə qayıtması zamanı dərsdən yayınma və davamiyyətsizlik hallarının artması riskləri təhsil prosesinin ən böyük riskləri oldu.

-Bildiyimiz qədər siz doktrantura təhsili almaqla yanaşı, eyni zamanda qardaş ölkədə həm ictimai fəaliyyətlə, həm də jurnalist fəaliyyəti ilə məşğul olursunuz. Bir neçə fəaliyyətlə məşğul olmaq yorucu deyil və dərslərə, imtahanlara hazırlıq baxımından problemlər yaratmır?

-Türkiyədə doktorantura təhsili əsas iki mərhələdən ibarətdir. Rəsmi dərslərdə iştirak mərhələsi (təqribən 3 semestr) və elmi iş yazma mərhələsi. Mənim rəsmi dərslərim bitib, imtahanlarımı uğurlu şəkildə verdim, ikinci mərhələyə keçməyə haqq qazandım. Hazırda elmi iş yazıram, hər semestr sonu elmi işimin komissiya üzvlərinə - professorlara hesabatını verirəm. Bu mənim üçün o qədər də çətin olmur. Əsas iş mövzuya uygun ciddi araşdırma etmək və elmi işini mərhələli şəkildə dəqiq yazmaqdır. Bu baxımdan, düzgün planlaşdırma edərsənsə, digər fəaliyyətlərlə də məşğul olmağa zamanım qalır.

-Sirr deyilsə, qarşıdakı planlarınız, doktrantura təhsilini başa vurduqdan sonrakı hədəfləriniz nədən ibarətdir?

-Hazırda, elmi işimə dair araşdırmalar aparmaq fəaliyyətimin ən önəmli hisssəsidir. Elmi işimi uğurlu şəkildə müdafiə etdikdən sonra ixtisasıma uyğun (təhsilin idarəedilməsi) hər hansı bir qurumda çalışmaq, idarəediciliyə dair öyrəndiyim nəzəri biliklərimi praktikada tətbiq etmək niyyətindəyəm. Bununla yanaşı, jurnalistika fəaliyyətini davam etdirmək, yeni ədəbi-bədii əsərlərdən ibarət kitablar çap etdirmək hər zaman üçün aktualdır.
Xəbəri paylaş