Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dövlətlərinin inteqrasiyası prosesini sürətləndirmək lazımdır



Newscenter.az.8.01.2022. KTMT-nin Qazaxıstana müdaxiləsi, Rusiyanın 2 minə yaxın desant-xüsusi təyinatlısının “KTMT ordusu” və “sülhməramlı qüvvələr” adı altında qeyri-qanuni olaraq bu ölkəyə yeridilməsi bölgədəki türk cümhuriyyətlərinin müstəqilliyini, suveren dövlətçiliyini müəyyən dərəcədə təhlükə altında qoymaqla yanaşı, eyni zamanda TDT-nin güclənməsi, Turan birliyinin gerçəkləşməsi perspektivlərini də sual altında qoyduğuna görə hesab edirəm ki, bu barədə dərindən düşünməyimizdə və situasiyaya uyğun addımların atılmasında, gələcəyə yönəlik adekvat qərarların qəbul edilməsində fayda var.

İndi Qazaxıstanda yaşanan dramatik hadisələri, cərəyan edən prosesləri hər kəs öz subyektiv baxış bucağından dəyərləndirməyə çalışır. Bəziləri bunu Putinin keçmiş SSRİ-ni bərpa etmək istəyi fonunda təşkil edilən məqsədyönlü təxribat kimi, digərləri Qazaxıstan olaylarını Turanın yaradılmasının qarşısını almaq üçün Rusiyanın geosiyasi layihəsi kimi, üçüncülər isə KTMT qüvvələrinin Qazaxıstana yeridilməsini Arktikadan tutmuş Afrikaya qədər az qala hər yerdə Rusiyanın başlıca rəqibinə çevrilməkdə olan Çinin Qazaxıstanda və ümumən Mərkəzi Asiya bölgəsində möhkəmlənmək cəhdlərinin əngəllənməsi üçün atılan preventiv addım kimi qiymətləndirir. Hadisələri qabaqlamağa çalışanlar isə bir qədər də irəli gedərək, hətta Rusiyanın növbəti hədəfinin Özbəkistan ola biləcəyi fikrini də səsləndirirlər. Biri də yazır ki, Putinin növbəti hədəfi Cənubi Qafqaz, daha doğrusu, konkret olaraq Gürcüstan olacaq...

Gördüyümüz kimi fikirlər, yanaşmalar, təhlillər haçalanır və bəzi hallarda isə bir-birini tamamilə təkzib edir. Ancaq kimin nə söyləməsindən asılı olmayaraq obyektiv reallıqlar var ki, biz də ilk növbədə məhz həmin reallıqlardan çıxış etməliyik. Əvvəla KTMT-nın Qazaxıstana girməsini kövrək Turan birliyinin çöküşü, Türk Dövlətləri Təşkilatının (TDT) iflasa uğraması kimi qələmə vermək lazım deyil. Qazaxıstanın gələcək taleyi Kremldən, Çindən və ya Qərbdən yox, ilk növbədə qazax xalqının öz iradəsindən asılı olacaq. Ona görə də KTMT qoşunlarının Qazaxıstana kobudcasına müdaxiləsi hələ hər şeyin sonu anlamına gəlməməlidir və biz müxtəlif qorxunc ssenariləri dövriyyəyə buraxıb tirajlamaqla özümüz özümüzdə xof, qorxu hissi yaratmamalıyıq.

Hazırkı situasiyada nə SSRİ-nin yenidən bərpası real deyil, nədəki Turan birliyinin formalaşması prosesinin qarşısını kimsə ala bilməz. Əlbəttə, buna müəyyən cəhdlər gələcəkdə də olacaq. Rusiya, ABŞ, Çin və Avropa Birliyi (AB) arasında getdikcə daha da kəskinləşməkdə olan rəqabət və qarşıdurmalar həm də Turan birliyinin yeni bir geosiyasi güc mərkəzi kimi ərsəyə gəlməsini əngəlləmək və dünyanı öz aralarında yenidən bölüşdürmək niyyətlərindən qaynaqlanır. Onlar Turan birliyini özləri üçün ciddi maneə kimi, potensial rəqib kimi görürlər. Bu baxımdan TDT-nin güclənib gələcəkdə Turan Birliyinə çevrilməsini əngəlləmək, Türk dünyasını parçalayıb zəiflətmək üçün bundan sonra da bənzər olayların, Qazaxıstan hadisələrinin fərqli versiyalarda təkrarlanmasının şahidi ola bilərik. Lakin bu baş verməsin deyə biz bu kimi hallara qarşı bəri başdan hazırlıqlı olmalıyıq, gərəkən önləmləri almalıyıq.

Qazaxıstan hadisələri onu göstərdi ki, türk dövlətlərinin inteqrasiyası prosesini sürətləndirmək lazımdır. Bu ölkələrin həm siyasi, həm də iqtisadi və hərbi müstəvidə daha sıx ittifaqının qurulmasına ehtiyac var. Əgər türk dövlətlərinin də KTMT və ya NATO tipində öz hərbi ittifaqı və ya kollektiv müdafiə təşkilatı olmuş olsaydı, bu gün qardaş Qazaxıstanda sabitliyin təmin edilməsini Nikol Paşinyan kimi məğlub liderin sədrlik etdiyi KTMT qüvvələrinə yox, elə öz hərbi birliyimizə, kollektiv sülhməramlı kontingentimizə həvalə edərdik. Deməli, bundan sonra bu istiqamətdə təcili tədbirlər görülməsinə, “türk NATO-su”nun yaradılmasına zəruri ehtiyac var. Belə bir hərbi ittifaqının özəyini, nüvəsini isə ilk növbədə Türkiyə və Azərbaycanın daha sıx hərbi müttəfiqliyi təşkil edə bilər. Zatən liderlərimizin ötən il imzaladıqları tarixi “Şuşa Bəyannamə”si də bununçün olduqca əlverişli zəmin yaradır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş