Newscenter.az.9.01.2022. Klassik nəzəriyyədə göstərilir ki, jurnalistikanın üç əsas vəzifəsi var: bilgiləndirmək, maarifləndirmək və əyləndirmək. Jurnalistika bu funksiyalarını yerinə yetirməklə ictimai rəy yaratmalı, ictimai şüuru formalaşdırmalıdır. Qərb alimlərinin fikirlərinə görə isə media təkcə yuxarıda sadalananlarla kifayətlənməməlidir. KİV- in başqa vəzifələri də var. Onlardan biri də diaqnostikadır. Yəni media müxtəlif tendensiyalarla, yeniliklərlə bağlı həm də "cəmiyyətin nəbzini ölçür". Məsələn, son günlər çörək və unun bahalaşması barədə mediada, o cümlədən sosial mediada ciddi ajiotaj yarandı. Qiymət artımını təsdiqləyən(?!) fotolar yayıldı. Rəsmi qurumlar isə açıqlama verməyə tələsmədi. Bu, birbaşa olaraq ictimai rəyi yoxlamaq idi. İnsanların bahalaşmaya münasibəti öyrənilirdi. Ciddi etiraz olsa, "şayiədir" deyib, məsələni asanlıqla unutdurmaq mümkün olacaqdı. Belə nümunələr çox çəkmək olar. Əvvəllər də dəfələrlə analoji hallarla rastlaşmışıq. Lakin bəzən məsələnin mahiyyətinə vara bilmirik.
İlk baxışdan elə başa düşülə bilər ki, media ancaq hakimiyyətin sifarişi ilə bunu edir. Əksər vaxtlar, bəli. Ancaq müstəqil, hətta müxalif mətbu orqanlar da ayrı- ayrı məsələlərlə bağlı bəzən sözügedən "pryom"dan istifadə edirlər.
Media doğrunu yazmalı, obyektiv davranmalıdır. Amma yaşadığımız informasiya cəmiyyətində, qloballaşan dünyada, xəbərin ən bahalı kapital olduğu vaxtda bunun istisnasız olaraq həmişə belə olduğunu demək sadəlövhlük olur. Təəssüf, media bəzən yalan da yazır. Bunun obyektiv və subyektiv səbəbləri var. Dezinformasiyalar isə ictimai şüurda boşluq olanda təsirli olur. Əks halda kimsə ona fikir vermir. Deməli, indi operativliyə və obyektivliyə hər zamankından daha çox ehtiyac var. Peşəkar media elə davranmalıdır ki, ictimai şüurda vakum, belə demək mümkünsə, aclıq olmasın. Bu zaman insanlar müxtəlif tendensiya və yeniliklərlə, o cümlədən bahalaşma ilə bağlı ictimailəşdirilən əsaslara (?!) hazırlıqlı olacaq, baş verənlərə adekvat münasibət sərgiləyəcəklər.
Kənan Novruzov-siyasi ekspert