Newscenter.az.17.01.2022. Başda ABŞ olmaqla Qərb ölkələri Rusiyaya qarşı təzyiqləri daha da artımağı planlaşdırdığı atdıqları addımlardan aydın şəkildə görünməkdədir. Ukrayna məsələsində tərəflərin ciddi şəkildə bir-birinə qarşı sərt mövqedə dayanması müşahidə edildiyi vaxtda NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen açıqlama verərək bildirib ki, “Finlandiya və İsveç NATO-ya üzvülüklə bağlı müraciət etdikdən bir gün sonra Alyansa qəbul olunar. Bu məsələ Ukraynaya edilən hücumdan sonra müzakirə edilə bilər”. Eyni zamanda keçmiş baş katib sözlərinə onu da əlavə edib ki, “Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə dərhal qərar verə bilərik. Siz ertəsi gün üzv ola biləcəksiniz, çünki bütün lazımi üzvlük meyarlarına cavab verirsiniz”.
NATO-nun kemiş baş katibinin belə açıqlama verməsi təbii ki, gözlənilməz deyildi. Ona görə ki, son zamanlar Avropada, xüsusilə də Skandinaviya ölkələrində Rusiya təhdidi ilə bağlı ciddi narahatlıqlar müşahidə edilməkdədir. Elə bir müddət öncə, yəni yeni ilin ilk günlərindən başlayaraq Finlandiyanın “Yle” telekanalının yaydığı məlumata görə Finlandiyanın baş naziri Sanna Marinin Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı məsələnin gündəmdə olduğunu bildirməsinin özü də təsdüfi deyildi və hətta demək olar ki, proseslərin başlanğıcı kimi də dəyərləndirilə bilər.
NATO-nun keçmiş baş katibi Rusiyanın NATO-dan Şərqə genişlənməməklə bağlı zəmanət istəməsinə münasibət bildirərək deyib ki, “NATO-nun qapısı açıq olacaq. Və biz istəmirik ki, Rusiya Prezidenti Vladimir Putin qapıçı olsun. Düşünürəm ki, Rusiyanın hücumu Finlandiya və İsveçdə NATO-ya üzvlüklə bağlı müzakirələrə səbəb olacaq. Ona görə də Ukraynaya hücum Putinə baha başa gələcək”. Rasmussenin sözlərindən belə qənaətə gəlmək olar ki, Rusiyanın Ukraynaya hücum planı işə düşərsə, bu addım NATO-nun xeyrinə işləməyə başlayacaq.
İki gün öncə isə NATO-nun hazırkı baş katibi təqtibən eyni tipli açıqlama verərək bildirdi ki, “İsveç və Finlandiya bir çox aspektlərdə NATO-ya çox yaxındır, bu səbəbdən onlar NATO-ya qoşulmaq istəsə, bu proses çox tez həyata keçirilə bilər. Bunun üçün İsveç və Finlandiyanın siyasi qərarı, habelə NATO-ya üzv 30 ölkənin siyasi qərarı olmalıdır”.
NATO baş katibinin belə açıqlama verməsindən o nəticəyə gəlmək olar ki, nəinki Rusiya NATO-dan Şərqə genişlənmə ilə bağlı zəmanət ala bilməyəcək, hətta bəzi dövlətlərin NATO-ya qoşulmasını da müşahidə edəcək.
Məhz bu deyilənləri nəzərə alaraq onu da qeyd etmək mümkündür ki, Rusiya və Qərb ölkələri arasında hansısa danışığın müsbət nəticələnməsi o qədər inandırıcı görünmür. NATO-nun bu addımlarının arxasında dayanan əsas planlardan biri də Rusiyanı çevrələmək siyasəti dayanır.
Samir Hümbətov-siyasi ekspert