Newscenter.az.16.01.2022. Parlaq zəfərlərlə milli dövlətçilik tariximizə əbədi olaraq həkk edilən 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin gücünün, əzəmətinin təntənəsidir. Bütün dünyanı heyrətə salan Vətən savaşında bizə işıqlı zəfəri bəxş edən qazilərimiz və canını Vətən yolunda qurban verən şəhidlərimiz olub. Bu baxımdan, qazilərimiz və şəhidlərimiz, onların ailələri cəmiyyətin, dövlətin həssaslıqla, böyük ehtiramla, qayğı ilə yanaşdığı ünvandır.
Amma çox təəssüf ki, bəzən cəmiyyətimizdə bəzi üzdəniraqlar tapılır, onlar qazilərimizin və şəhid ailələrimizin adlarından sui-istifadə edərək xoşagəlməz davranışlar sərgiləyirlər. Aydın olduğu kimi, belə hərəkətlərə yol verənlərin nə qaziliklə, nə də şəhid ailələri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Əlbəttə, bütün bunlar Vətən müharibəsində qazandığımız parlaq qələbəyə qarşı törədilən təxribat sayılmalıdır.
Birinci, həm də İkinci Qarabağ müharibəsi qazilərinə, şəhid ailələrinə dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir, onların ən kiçik problemlərinə belə həssaslıqla yanaşılır. Hüquqşünas kimi hesab edirəm ki, qazilərin və şəhid ailələrinin adlarından sui-istifadəyə görə konkret cəza müəyyən olunmalıdır ki, belələri cəzalandırılsın və şəhidlik, qazilik məktəbinə, dövlətimizin işıqlı qələbəsinə kölgə salmağa bir də cürət edən tapılmasın. Cünki saxta qazilərin peyda olması çox ağrılı məsələdir. Bu hal bütün müharibələrə xas olan haldır. Müharibələr bitdikdən sonra belə saxtakarlıqlarla məşğul olan, özünü “müharibə iştirakçısı” kimi qələmə verənlər, özlərini “əlil” kimi təqdim edənlər çox olub. Amma çox təəssüflər olsun ki, belə neqativ hallar bizdə də var və bu, çox pis formada özünü göstərir.
Biz Birinci Qarabağ müharibəsindən sonra da belə xoşagəlməzliklərlə rastlaşmışıq. O vaxtlar belə halları araşdırıb üzə çıxarmaq çox çətin idi. Torpaqlarımızın işğal altına düşməsi, Müdafiə Nazirliyinin daha gec yaranması, qarışıqlıq, xaos, müəyyən sənədlərin vaxtında hazırlanmaması, müvafiq orqanların lazımi şəkildə formalaşmaması bu cür neqativ halların yol açmasına şərait yaradırdı. 1993-cü ildən bütün idarələr formalaşdıqdan sonra bu məsələlərə aydınlıq gətirildi. Saxta yollarla ad alanlar və sair yavaş-yavaş üzə çıxarıldı və o adlar ləğv olundu. Konkret olaraq müharibə iştirakçılarına müəyyən imtiyazlar verildi.
Təbii ki, 30 il müddətində dövlətimiz formalaşıb. Dövlət və cəmiyyət Vətən müharibəsində iştirak edən, qəhrəmanlıqlar göstərən qazilərə, müharibədə döyüşənlərə xüsusi hörmət, məhəbbət bəsləyir, onlara həssaslıqla yanaşır, ona görə də bəziləri saxta qazi kimi ortaya çıxıb qazilərin adından sui-istifadə edirlər. Əminəm ki, hansı insanlar ki, həqiqətən müharibədə iştirak edib, şücaətlər göstərib, əziyyət çəkib, o insanlar, əsl döyüşçülər heç vaxt bunu dilə gətirmir. Saxta qazi adı ilə meydana çıxanlar əlbəttə ki, əsl döyüşçülərin qəlbində narahatlıq yaradır, bu xoşagəlməz faktlar onları incidir. Hesab edirəm ki, yalnız dövlətin aidiyyəti qurumları deyil, bu sahədə olan ictimai təşkilatlar da yalnız medal paylamaqla deyil, bu məsələlərlə də məşğul olmalıdırlar, araşdırmalar aparıb həmin o saxta qaziləri üzə çıxarmalıdırlar. Təbii ki, kimlərsə qanunu pozursa, hansısa saxta sənədlərlə nəyisə tələb edirsə, onlar da inzibati qayadada cəzalandırılmalıdırlar. Hər şeydən əvvəl isə belə məsələlərdə ictimai qınaq olmalıdır, ictimai qınaq institutunun fəaliyyəti açıq görsənməlidir.
Əli İbrahimov-hüquqşünas