Newscenter.az.22.01.2022. Ötən il dünya iqtisadiyyatı ciddi sınaqlarla və təlatümlərlə üz-üzə qaldı. Bu proses və tendensiyalar Azərbaycana da təsirsiz ötüşmədi. Bütün bunlara baxmayaraq bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olundu. Bununla belə, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil etdi, İnflyasiyanın illik səviyyəsi 12% oldu.
Qeyd etmək lazımdır ki, son illər qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmaya aparan əsas səbəblərdir. Müxtəlif beynəlxalq qurumlar tərəfindən səsləndirilən rəqəmlər bu fikri bir daha təsdiq edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
Nəticədə dünyada ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəldi. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşdi və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri daha da artdı. Bu səbəbdən qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.
Onu da nəzər almaq lazımdır ki, dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb. Bu proses öz növbəsində ölkəmizdəki qiymətlərə də ciddi təsir edib.
Ötən il ərzaqlıq buğdanın dünyada kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirildi. Daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırıldı, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilədək uzadıldı, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrıldı.
Onu da qeyd etmək lazımdır ki, bu kompleks tədbirlərə baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin idi, nəticədə unun və çörəyin qiyməti artdı.
Amma hökumət süni qiymət artımına imkan verməmək üçün bir sıra mühüm qabaqlayıcı tədbirlər gördü. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət tədbirlərini daha da gücləndirdi, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparıldı, bahalaşmanı nəzərə alaraq ölkənin ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirildi.
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini, kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək.
Artıq haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısının alınması, istehlak bazarına antiinhisar nəzarətinin gücləndirilməsi barədə ciddi tapşırıq verilib. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılıb.
İqtisadi sahədə həyata keçirilən tədbirlər söyləməyə əsas verir ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında baş verən təlatümlərin ölkəmizin iqtisadiyyatına mənfi təsirlərinin, inflyasiyanın, un və un məhsullarının qiymətlərinin artmasının qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirir.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı