Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Strateji müttəfiqimiz



Newscenter.az.31.01.2022. Yanvarın 29-da İtaliyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Sercio Mattarella yenidən ölkənin 13-cü Prezidenti seçildi. 80 yaşlı Sercio Mattarella İtaliyanın siyasi tarixinə ikinci dəfə Prezident seçilən ikinci siyasi xadim kimi düşdü. Beləliklə, 2015-ci ildə keçirilən seçkilərdə İtaliyanın 12-ci prezidenti adını qazanmış Cənab Mattarella daha 7 il bu ölkənin ali dövlət postunda siyasi fəaliyyətini davam etdirəcəkdir.

Sözsüz ki, İtaliya ilə Azərbaycan çox yaxın dost və tərəfdaş ölkələrdir. Tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır. Avropanın ən qədim və zəngin sivilzasiya və mədəniyyət mərkəzlərindən biri olan, öz dövlətçilik irsi ilə dünya siyasətinə öz demokratik ənənələrini təqdim edən İtaliya Respublikası ilə Azərbaycan arasında münasibətlərin tarixi keçmiş dövrlərə təsadüf edir. Qobustan ərazisindəki qayalar üzərində qədim latın yazılarında Roma imperiyası legionlarının Azərbaycana gəlməsi, eramızın I əsrində Roma imperatoru Domisianın XII legionunun Bakıətrafı yerlərdə bir neçə gün qalması haqqında məlumatlar əks olunmuşdur. Venesiyalı məşhur səyyah Marko Polo XIII əsrdə Bakıya səfərindən bəhs edərkən öz ölkəsinin şəhər-dövlətləri ilə Səfəvilər, Ağqoyunlular dövlətləri ilə sıx əlaqələrinin olmasına diqqət çəkmişdir. Venesiya salnaməçisi Marin Sanudonun 42 cildlik “Gündəliklər” əsərində Şah İsmayıl Xətai dövründə Azərbaycan və İtaliya arasında siyasi münasibətlərin mövcud olmasına aid mühüm sənədlər yer almışdır.

İtaliaya hökuməti Çar Rusiyası dövründə də Azərbaycana böyük maraq göstərmiş, iqtisadi sahələrdə əlaqələr qurmağa çalışmışdır. XIX əsrin ortalarında Azərbaycanda neft və sənaye intibahının başlanması İtaliyanın sənaye qruplarının avropalı maqnatlarla birgə mədənçıxarmada iştirakına səbəb olmuşdur. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə yaxşı əlaqələr quran rəsmi Roma müstəqil resppublikamıza maraq göstrəmiş, Bakıda İtaliyanın diplomatik təmsilçiliyinin fəaliyyətə başlaması ilə iqtisadi-siyasi münasibətlərin əsası qoyulmuşdur. Paris Sülh konfransında Azərbaycan üzərində mandat da məhz İtaliyaya verilmişdir.

Göründüyü kimi Avropanın ən nəhəng ölkəsi ilə Azərbaycan arasında çoxəsrlik yaxın dostluq münasibətləri qurulmuş və davam etmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya Respublikası ilə ölkəmiz arasında rəsmi əlaqələr qurulmuş, yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutmuş, ikitərəfli əlaqələrin inkişafına hüquqi-siyasi baza rolunu oynayan dövlətlərarası müqavilə və sənədlər imzalanmışdır. Ümummilli lider Heydər Əliyevin 1997-ci il sentyabrın 24-27 tarixlərində İtaliyaya rəsmi səfəri müstəqil Azərbaycan Respublikası Prezidentinin ilk rəsmi olmaqla çox mühüm siyasi məna kəsb etmişdir.

İtaliya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi Ulu öndərin Siyasi varisi Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursunun əsas prioritetlərindən biri olmuşdur. Azərbaycanın dövlət başçısının 2005-ci il fevral ayının 24-26-da İtaliyaya rəsmi səfəri əlaqələrin yeni mərhələyə keçid almasında əhəmiyət kəsb etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il noyabr 25-26-da bu ölkəyə növbəti rəsmi səfəri də yaddaqalan və məzmunlu olmuşdur. Həmçinin, Azərbaycan Prezidentinin 2011-ci ilin iyun və 2014-cü ilin iyul aylarında İtaliya Respublikasına səfərləri də ikitərəfli əlaqələrin dinamizminə təkan vermiş, 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi mühüm siyasi sənəd olmaqla münasibətlərin inkişafına və gələcək əməkdaşlığın istiqamətlərinə güclü zəmin yaratmış, qarşılıqlı maraq doğuran qlobal və regional məsələləri müzakirə etmək üçün strateji əhəmiyyət kəsb etmişdir.

Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsi rəsmi Romanın xarici siyasət kursunda həmişə ön planda olmuşdur. İtaliya Senatında bir neçə dəfə Xocalı soyqırımı ilə bağlı çıxışlar edilmiş, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı soyqırımı pislənmişdir.

44 günlük Zəfərdən sonra öz ərazi bütövlüyünü təmin edən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində layihələr həyata keçirmək niyyətini bəyan edən ilk ölkələr sırasında da İtaliya dayanır. İtaliya şirkətləri Qarabağ və Şərqi-Zəngəzurda müxtəlif investisiya layihələri həyata keçirmək barədə öz təklif və planlarını Cənab İlham Əliyevə təqdim etmişlər. Bu da ən yaxın dostluğun nümunəsidir.

İtaliya ölkəmizin Avropa İttifaqı və NATO ilə əlaqələrinin möhkəmlənməsinə, Avratlantik məkana inteqrasiyasına güclü dəstək vermişdir. Xatırlatmaq lazımdır ki, Azərbaycanla Avropa İttifaqının 9 ölkəsi arasında strateji tərəfdaşlıq sazişi imzalanmışdır ki, onlardan biri İtaliyadır.

İtaliya ilə Azərbaycan arasında etibarlı tərəfdaşlığın möhkəmlənməsində Prezident Sercio Mattarellanın xüsusi xidmətləri vardır. 2018-ci il iyulun 19-da Azərbaycanda səfərdə olmuş İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın səfəri əlaqələrdə siyasi impulsu daha da yüksəltmişdir. İtaliyanın dövlət başçısının ölkəmizə ilk səfəri tarixi hadisə olmaqla yüksək səviyyəli strateji əməkdaşlığı daha da dərinləşdirmişdir. Səfər çərçivəsində Cənab İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində İtaliya şirkətinin inşa edilən Polipropilen zavodunun açılışında iştirak etmişlər.

Cənab Sercio Mattarella səfər çərçivəsində Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Prezidentin qızı Laura Mattarella isə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Həmçinin, həmin səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni və Birinci Vitse-prezident Mehriban Əliyeva “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilmişdir.

Azərbaycanın Birinci Vitse-prezidenti xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəal “mədəniyyət diplomatiyası” yürüdərək zəngin İtaliya mədəni intibahına öz dərin töhfələrini vermişdir. Fond tərəfindən İtaliyada Kapitolini Muzeyinin Fəlsəfə zalı təmir edilmişdir. Həmçinin, Romada “Mercati di Traiano” və Pio-Klementino muzeylərində, Müqəddəs Marçellinio və Pietro katakombalarında, Roma imperiyası dövrünə aid olan Zevsin heykəlinin bərpa olunmasında Heydər Əliyev Fondunun xidmətləri əvəzolunmazdır.
2020-ci il fevralın 20-də İtaliyada növbəti dəfə səfərdə olan Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə keçirdiyi səmərəli görüşlər dövlətlərarası münasibətlərin inkişafında yeni mərhələ açmışdır.

Cənab Sercio Mattarellanın 13-cü Prezident kimi qarşıdakı dövrdə Azərbaycan-İtaliya münasibətlərinin daha da yüksəlməsində misilsiz fəal rol oynayacağına şübhə yoxdur. Onun böyük və müdrik siyasi lider kimi Cənab İlham Əliyevlə ikitərəfli əlaqələrdə yeni səhifə açması sayəsində Azərbaycanın Avropaya inteqrasiyası da genişlənmiş olacaqdır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş