Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəli deputatın bəyanatı bumeranq effekti verəcək



Newscenter.az.4.02.2022. Türkiyənin əsas müxalifət partiyalarından biri, Cümhuriyyət Xalq Partisindən( CHP) olan deputat Aykut Ərdoğdu parlamentdə Azərbaycan və Türkiyə arasındakı enerji sahəsində əlaqələri qarışıq və qaranlıq əlaqələr kimi təqdim edib. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətləri iki dövlətin milli maraqlarına əsaslanan qardaşlıq münasibətləridir. Məhz bu münasibətlər nəticəsində iki ölkə arasındakı strateji tərəfdaşlıq daha da möhkəmlənib, "Şuşa Bəyannaməsi" ilə müttəfiqlik səviyyəsinə ucalıb, qardaşlıq bağları heç bir zaman olmadığı qədər güclənib.

Bakı ilə Ankara arasındakı əlaqələrin yeni müstəviyə qədəm qoyduğu, o cümlədən Azərbaycan parlamentində "Şuşa Bəyannaməsi"nin təsdiqləndiyi və sözügedən sənədin Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarıldığı bir vaxtda bunu təsadüfi hesab etmək doğru olmaz. Məsələ ondan ibarətdir ki, əgər bu, sırf şəxsi iradədən irəli gələn bəyanat idisə, deputat yenə də proseslərin həssaslığını nəzərə alaraq fikrini səsləndirməkdən çəkinməli idi. Ərdoğdu bir siyasi xadim kimi başa düşməli idi ki, açıqlamasına münasibət birmənalı olmayacaq- nə Azərbaycanda, nə də Türkiyədə. Əgər o, bu cür məsələləri düşünə bilmirsə, deməli, uğurlu siyasətçi deyil.

İkinci bir tərəfdən, məlum olduğu kimi, digər müxalifət partiyaları kimi, CHP də iqtidarın siyasəti ilə razılaşmır. Bu mənada növbəti seçkilər ərəfəsində deputatın belə bir fikir səsləndirməsi Ərdoğan əleyhinə kampaniya kimi də qiymətləndirilə bilər. Hərçənd bu ehtimal o qədər də ağlabatan deyil. Çünki məsələ hakimiyyətin xarici siyasət kursundan daha çox, Bakı- Ankara əlaqələrindən, "bir millət, iki dövlət" prinsipindən gedir. Ərdoğdu sözügedən bəyanatı şəxsi iradəsi ilə veribsə, deməli, perspektivdə tarixi qardaşlıq münasibətlərimizi pozmaq onun üçün elə də çətin deyil. Bu isə nə Azərbaycanda, nə də Türkiyədə qəbul olunar. Çünki qardaş olan hakimiyyətlər yox, xalqlardır.

Deputata "komandanın" kənardan, o cümlədən Qərbdən, xüsusilə Fransadan verilməsi də mümkündür. Azərbaycan- Türkiyə əlaqələri, Ankaranın Cənubi Qafqazda əsas siyasi aktor olması heç də onların ürəyincə deyil. Həmçinin CHP- nin müxtəlif Qərb dövlətləri və təşkilatları ilə əlaqələrinin olduğunu nəzərə alsaq, bu, ehtimal heç də utopiya kimi görünməməlidir. Başqa sözlə desək, parlamentarinin açıqlamasının təxribat xarakterli olması, pozuculuq səviyyəsi daşıması da istisna deyil.

Lakin bütün hallarda- nə olursa olsun, bu, iki qardaş ölkə və xalqlar arasında münasibətlərə təsir etməyəcək. Əksinə, Ərdoğdunun, CHP- nin nüfuzu aşağı düşəcək. Yəni düşünülmədən səsləndirilən, sərsəm bəyanat bumeranq effekti verəcək. Onu da deyək ki, yuxarıdakı ehtimallardan hansının doğru olmasından asılı olmayaraq, onlardan hər biri Ərdoğdunun siyasətçi kimi səriştəsizliyini göstərir. Belə bir adamı və onun təmsil etdiyi siyasi partiyanı isə kimsə hakimiyyətə gətirmək istəməz.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş