Newscenter.az.4.02.2022. Azərbaycanın Avropada ən yaxın dostlarından biri olan Macarıstanla əlaqələri hər zaman yaxın və mehriban tellərlə sıx bağlı olmuşdur. Hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə Macar krallıqları arasında diplomatik əlaqələr və ticarət münasibətləri mövcud olmuşdur. Ümumiyyətlə, Macarıstan tarixin bütün dövrlərində Türk dünyasının ən strateji tərəfdaşlarından olmuşdur.
Azərbaycana və Osmanlı dövlətinə qarşı xarici yadelli hücumlar zamanı da Macar krallığı yaxın müttəfiqlərdən biri olmuş, Türk dünyasının çoxəsrlik tarixində etibarlı dost kimi qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti ilə Macarıstan arasında da yaxın siyasi diplomatik münasibətlər qurulmuşdur. Müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərləri macar dilinə, macar ədiblərinin əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Dünyada məşhur olan Azərbaycan muğamı və Azərbaycan simfonik musiqisi Macarıstanda maraqla dinlənilir.
Azərbaycan və macar xalqlarını ənənəvi səmimi dostluq əlaqələri respublikamızın dövlət müstəqilliyini bərpa etməsindən sonra daha da güclənmiş, hər iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri və keçirilən yüksək səviyyəli görüşləri, vacib sənədlərin imzalanması Azərbaycanı Cənubi Qafqaz regionunda Macarıstanın strateji tərəfdaşına çevrilmişdir. Azərbaycan həmçinin Macarıstanın “Şərqə açılış siyasəti” adlandırılan strategiyasında əsas dövlətlərdəndir.
Prezident İlham Əliyevin Macarıstana səfərləri güclü siyasi dialoqun və strateji əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaratmışdır. Rəsmi Budapeşt Azərbaycanın təşəbbüskarlığı və qətiyyəti sayəsində gerçəyə çevrilmiş, Cənub Qaz Dəhlizində yer almış əsas tərəfdaşlardan birinə çevrilmişdir.
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın və qardaş Türkiyənin dövlət başçılarının ən yaxın dostudur, ölkəmizə səfərləri zamanı özünü dogma evində hiss etdiyin bəyan edib. Bu, həqiqətən də əsil qardaşlığın, dürüst iyasi mövqeyin təzahürdür.
Macarıstan sadiq və strateji tərəfdaş kimi həmişə beynəlxalq təşkilatların Azərbaycanla bağlı müzakirələrində birmənalı olaraq ölkəmizi dəstəkləmişdir. Ermənistanın təcavüzkar ölkə kimi beynəlxalq hüquq qarşısında cavab verməsini tələb etmiş, 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında yer almışdır. Bu gün yenidən qurulan Qarabağ və Şərqi-Zəngəzurda Azərbaycanla birgə çalışmaq, bu quruculuğa töhfə vermək istəyən ölkələr sırasında yenə də Macarıstanın fəal yer almaq istəyini görməkdəyik. Ötən gün ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bəyan etdi ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən layihələrdə iştirak etməkdə macar şirkətləri çox maraqlıdır.
İstər beynəlxalq platformalarda, istərsə də müxtəlif formatlı görüşlərdə Macarıstan daim Türk Dünyası ilə bağlı məsələlərdə obyektiv mövqe nümayiş etdirir, Azərbaycan və Türkiyə başda olmaqla verilən qərarlarda Türk Dünyasının haqq səsini müdafiə edib, Avropa Şurasının Azərbaycana və Türkiyəyə qarşı haqsız mövqeyinə qarşı çıxan ölkələr sırasında da ilk yerlərdən birini tutub. Və Avropa Birliyi və Avropa Şurası Türk dünyasına daha çox yaxınlığna görə, dəfələrlə Macarıstana qarşı ədalətsizlik edibdir.
Yürüdülən bu qətiyyətli siyasi diplomatiyanın nəticəsidir ki, Türk dövlətləri Macarıstanı Türk ailəsinin üzvü hesab edir. Budapeştdə Türk Şurasının Avropa Nümayəndəliyinin açılması da bunun ən bariz nümunəsidir. Həmçinin, Ankara şəhərindəki prospektlərdən biri “Macarıstan” adını daşıyır.
2021-ci ilin noyabr ayında İstanbulda keçirilən Zirvə toplantısında təsis edilən Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü seçilən Macarıstanın yaxın vaxtlarda bu Qurumun tamhüquqlu üzvü olacağı şübhə doğurmur. Çünki Ukrayna, Moldova, Macarıstan və Pakistanın siyasi dəst-xətti tamamilə türk ölkələri ilə üst-üstə düşür və Türk Dövlətləri Təşkilatının proqramlarında eyni hüquqa malikdir.
Azərbaycan və Macarıstan arasında mədəni və humanitar əlaqələrinin inkişafında Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də mühüm yer tutur. Onun rəhbərli olduğu Heydər Əliyev Fondu Macarıstan mədəni-tarixi irsininin bərpasında və mədəniyyətlərarası dialoqun inkişafında çoxsaylı layihələrə imza atıbdır. Mehriban xanımın dəstəyi ilə kor uşaqlar üçün Laszlo Batthiani Katolik Evinin yenidən qurulması macar xalqının qəlbində sonsuz məhəbbət hissi yaratmış, bu humanitar missiya Macarıstan dövləti tərəfindən yüksək qiymətlədirilmişdir. 2016-cı ilin martın 6-da Azərbaycana səfər edən Macarıstanın Baş naziri Viktor Orbanın Mehriban Əliyevanı “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif etməsi bu ali diqqətin təzahürüdür.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor