Newscenter.az.5.02.2022. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən sonra maraqlı açıqlamalar verib. O, bildirib ki, Ukrayna ilə Rusiya arasındakı gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazırdır: "Təəssüf ki, Ukrayna ilə Rusiya arasında gərginlik getdikcə artır. Gərginliyi azaltmaq üçün lazımi töhfəni verməyə hazır olduğumuzu Prezident Vladimir Zelenskiyə şəxsən dedim. O da "belə bir vəziyyətdə öhdəmə nə düşürsə, etməyə hazıram, zəng etdiyiniz günün səhərisi, hara desəniz, ora gələrəm" dedi. Beynəlxalq medianın Ukrayna-Rusiya arasındakı gərginliyi böyütməsinin faydadan daha çox zərər gətirəcəyini bildirdim”. Ərdoğan, həmçinin söyləyib ki, həmkarları ilə Türkiyədə üçtərəfli görüş keçirmək niyyətindədir: "Cənab Putinlə cənab Zelenskini yüksək səviyyədə bir araya gətirmək istəyirik. Zelenski ilə müzakirələrimiz də bu istiqamətdədir. Bunu edə bilsək, nəticənin regionda yeni bir reallığa fürsət yarada biləcəyinə inanıram. Zelenski ilə görüşümüz zamanı məndə buna ümid yaranıb. İnşallah, axırı da yaxşı olar”.
Əvvəllər də dediyimiz kimi, Ankara Moskva ilə Kiyev arasında böhranın diplomatik yolla həllində maraqlıdır. Çünki Türkiyənin tərəflərin hər ikisi ilə yüksək səviyyəli münasibəti var. Odur ki, Ərdoğan potensial müharibə zamanı tərəf tutmaq istəməz. Əslində Ukrayna və Rusiya də savaş istəmirlər. Bu mənada Türkiyənin vasitəçiliyi əslində onların hər ikisi üçün də fürsətdir. Tərəflərin verdikləri bəyanatlar da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Belə ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba liderlər arasındakı görüşü yüksək qiymətləndirib. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə deyib ki, onlar görüşlərə etiraz etmirlər. Əsas məsələ nələrin müzakirə olunduğunu bilməkdir.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Zelenskini ölkəyə dəvət etmişdi. Əslində belə bir görüş "buzların əriməsi" baxımdan hər iki tərəfə lazımdır. Ancaq Zelenski Rusiyaya getmək istəməyə bilər. Deməli, Ərdoğanın təklifi "göydən düşmədir". Türkiyənin neytral ölkə olduğunu nəzərə alsaq, müzakirələr orada baş tuta bilər.
Türkiyə dövlət başçısının açıqlamasında bir məqam xüsusi diqqət çəkir. Zelenski Ərdoğana deyib ki, nə vaxt, hara desəniz gəlməyə hazıram. Həmin ünvan Rusiya ola bilərmi? İnandırıcı deyil. Ərdoğan bunu Zelenskiyə rəva görməz. Əksinə, özünün dediyi kimi, o, hər iki həmkarının Türkiyəyə getməsinə çalışacaq. Və, yəqin ki, belə bir üçtərəfli görüş olacaq. Nəticədə isə gərginlik azalacaq. Hərçənd Qərb, xüsusilə Fransa Qarabağ məsələsində olduğu kimi, bu dəfə də "suları bulandırmaq" niyyətindədir. Fransa Prezidenti Emmanuel Makron fevralın 7- də Rusiyaya, növbəti gün Ukraynaya səfər edəcək. O, moderatorluğu ələ almağa, Türkiyənin vasitəçiliyinə mane olmağa çalışacaq. Lakin ümid etmək olar ki, Cənubi Qafqazda olduğu kimi, Şərqi Avropada da Paris "ofsaytda" qalacaq.
Kənan Novruzov-siyasi ekspert