Newscenter.az.11.02.2022. Cəmiyyət sosial orqanizm kimi fəaliyyət göstərən, iqtisadi, siyasi, sosial və ən əsası mədəni həyatı özündə birləşdirən, insanların qarşılıqlı fəaliyyətinin nəticəsi olaraq müəyyən struktura malik bütöv bir sistemdir. Belə ki, bu sistemdə cəmiyyəti təşkil edən elementlər arasındakı əlaqələr və qarşılıqlı mürəkkəb münasibətlər, həm maddi, həm mənəvi, həm də yüksək ideal dəyərlər birləşir.
Cəmiyyətin inkişafı üçün insanın hərtərəfli fəaliyyətini, güc və imkanlarını keyfiyyət və kəmiyyət baxımından özündə ehtiva edən, daima yeniləşən tələblərə ehtiyac var. Müasir dövrdə cəmiyyətin inkişafının əsas indikatoru yaradıcı insanlardır desək yanılmarıq. Deməli, cəmiyyətin inkişafı üçün onun hökmən şəxsiyyətlərə, həm də yaradıcı şəxslərə ciddi ehtiyacı var. Bu yaradıcı şəxsləri yetişdirmək üçün isə şərait və mühit formalaşdırilması tələb olunur. Bu andan dövlətin və onun müəyyənləşdirdiyi siyasətin mahiyyəti üzə çıxır və özünü qabarıq şəkildə göstərməyə başlayır. Dövlətın tərkibi də müxtəlif elementlərdən ibarətdir və öz siyasi mənbəyini ictimai mənbədən götürür. Müasir, inkişaf etmiş dünya dövlətlərinin idarə edilməsinin əsas formulu icraedici, qanunverici və məhkəmə hakimiyyətinin formalaşdırılmasından ibarətdir. Bu format bir-birini saxlamaq üçün və vəhdət yaratmaq məqsədilə təşkil olunur. Bəzən televiziya və mətbuat da hakimiyyətin dördüncü qolu hesab edirlər. Ona görə ki, dövlət öz siyasi mənbəyini ictimai mənbədən götürür, eyni zamanda dövlətə və cəmiyyətə ünsiyyətin, münasibət və əlaqələrin məhsulu kimi də baxmaq olar. Dövlət və cəmiyyət fenomeni fərdin dəyəridir və onun şəxsiyyətə çevrilməsini təmin edən məkandır. Fərd məhz cəmiyyətdə və dövlətdə şəxsiyyətə çevrilə bilir. Dövlət və cəmiyyətin gücü və potensialı isə fərdlərin hesabına yüksəlmiş olur. Müəllimlər, alimlər, bütün mütəxəssislər və.s ictimai kollektivlərdən dəyərlər əldə edirlər. Onlar da öz növbəsində əməlləri ilə cəmiyyətə dəyərlər verirlər. Hazırda cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və hərəkətli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır. Cəmiyyətin dəyəri onun mədəniyyətindədir. Mədəniyyət də yaradıcılıq və quruculuqdadır Dövlət və cəmiyyətin idarə olunmasında davranış və əxlaq normalarını unutmaq olmaz.
İnsanlar əxlaq normalarını yaratmaqla dövlətdə və cəmiyyətdə yaşayış qaydalarını təmin etmiş olurlar. Bu yaşayış qaydaları həm adət-ənənə ilə, həm də hüquq normaları ilə müəyyən edilir. Cəmiyyətdə yeni nəslin əxlaq tərbiyəsi gələcəyimiz üçün zəruri şərtlərdən biridir. Biz bu sahədə milli dəyərlərimizə və xalqımıza sədaqət, müstəqil respublikamıza məhəbbət, milli sərvətlərimizi qoruyub saxlamaq, artırmaq qayğısına qalmaq üçün çox çalışmalıyıq. Bu missiyanı üzərinə götürən cəmiyyətin aparıcı qüvvələri var. Onlara elm adamları, yazıçılar, şairlər, jurnalistlər, incəsənət və mədəniyyət nümayəndələri və bu qəbildən olan digər şəxslər aiddirlər. Onlar informasiya daşıyıcıları olaraq ətrafda baş verən hadisələrə sərbəst münasibət bildirmək , dövlət və cəmiyyətin inkişafı naminə yeni ideyalar vermək, təşəbbüslər irəli sürmək hüququna malik olmaqla yeni nəslin formalaşmağında mühüm rol oynayırlar.
Burada da əsas vəzifə daha çox elm adamlarının üzərinə düşür, çünki cəmiyyəti elmsiz idarə etmək mümkün deyil. Cəmiyyət yeni-yeni yaranan dəyərlər tələb edir. Məhz elmin də əsas məqsədi dəyərlər verməkdən və dəyər yaratmaqdan ibarət olmalı, cəmiyyətin sosial strukturunu dəyişdirməyi bacardığı üçün cəmiyətə açıq olmalıdır. Bu sadalananları isə cəmiyyət alimlərdən gözləyir. Alimlər isə cəmiyyətin bir nümayəndəsi olaraq ölkədə və dünyada baş verən hadisələri izləməli, müşahidələr aparmalı, yeni biliklərlə tanış olmalı və cəmiyyətə tətbiq etməklə nəticələr ortaya qoymalıdırlar. Alim həm fərdi, həm də ictimai məsuliyyəti öz çiyinlərində daşımalı, bu iki məsuliyyət vasitəsini sistemləşdirməli, eyni zamanda onun adının nə dərəcədə əhəmiyyətli, məsuliyyətli olmasını dərk etməlidir.
Qədim zamanlardan yaxın dövrümüzə qədər bu proses əsas filosofların üzərinə düşürdü. Çünki, cəmiyyətlərin formalaması üçün fəlsəfəyə ehtiyacı çox idi. Filosoflar cəmiyyətin bu günə qədər gəlib çıxmasında əsas qüvvəyə malik olublar. İnsanın və insanlığın yaşamasında, azad fikrin formalaşmağında, dövlət və idarəçilik institutlarının yaranmasında filosofların rolu danılmazdır. Amma təəsüff hissi ilə demək olar ki, fələsəfə elmlər doktorlarının çoxluq təşkil etdiyi bir zamanda yeni fəlsəfi cərəyanlar yaradan böyük filosoflara rast gəlmək olmur. Düşünürəm ki, bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Bəzi hallarda müasir “filosoflar” cəmiyyətdə və dövlətdə qarşıdurmalara gətirib çıxaran hadisələrin səbəbkarı rolunda çıxış edirlər. Bu da min illərlə filosofların cəmiyyətdə yaratdığı harmoniyanın pozulmasına və fəlsəfəyə olan münasibətin aşınmasına səbəb olur. Hamı bilməlidir ki, müstəqilliyimizə və dövlətciliyimizə qarşı yarana biləcək hər hansı təhdidin , məkirli niyyətlərin qarşısını almağa qadir olan, nizamlı, mütəşəkkil, azad ruhlu, güclü Azərbaycan cəmiyyəti var.
Sadiq Qurbanov-Milli Məclisin deputatı