Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kimdir qəhrəman?



Newscenter.az.11.02.2022. Son zamanlar ölkənin dörd bir yanında baş verən höküməti təmsil edən insanların bir-birləri haqqında tənqidləri gündəmi daha çox zəbt edib.Yüksək vəzifəli, tanınmış, cəmiyyətdə bu və digər yolla əldə etməyə çalışdığı çəkisinin olduğunu zənn edən istənilən məmur vəzifəsindən kənarlaşdırılan kimi bığıburma kişilər başlayır vaxtilə vəzifə sahibi insanların özünü, ailəsini, nəsil-kökünü "vətən xaini" çıxarmağa, ən çirkin kəlmələrlə aşağılamağa.Bu yazıları oxumaq növbəti dəfə yaşadığımız cəmiyyətlə bağlı xəyal qırıqlığına uğradır məni...

Hamısının söylədikləri sözlər, yazdıqları kəlmələr, eyni lüğət, eyni fikirlər, təşbehlər, məcazlar və ilaxırdır.Ağzına gələni deyən, kin qusan, nifrət saçan insanlar təhlükəlidir. Bunu "sosial şəbəkədə belə hallar normaldır" deyib bəsitləşdirmək olmaz. Kim bilir, həmin insanlar hansı şəraitdə, necə böyüdülüblər ki, bu hala düşüblər. Çünki onların sərgilədikləri adi hirs, ani öfkə deyil, kökü dərinlərə gedib çıxan travmadır.İnsanların bir-birini tənqid etməsi, mübahisəsi mədəniyyətdir. Burada dava-dalaşı, qışqır-bağırı nəzərdə tutmuram. Mübahisə düzgün olmayanda şiddətə, cinayətə gedib çıxa bilər. Fəqət, doğru aparılırsa, münasibətlərin kökünün sağlamlaşmasına səbəb olur. Mübahisə susuz qalmış ağacın dibini belləyib nəfəs aldırmaq,

canlandırmaq kimidir. Əsas məsələ mübahisəyə imkan yaratmaq və ona dözüm göstərməkdir. Bu isə artıq bacarıq, qabiliyyət məsələsidir. Hətta insanın öz dünyası və digərləri ilə dərin münasibət qura bilməyinin təməllərindən biri mübahisə bacarığı və cəsarət məsələsidir. Bu proses doğru icra edildikdə təməli zəif olan nə varsa dağılır, yerinə yeniləri gəlir. Məsələn, insan özünə mübahisə icazəsi verdikcə, özünü küncə qoyub danladıqca daxilindəki ayaq dəyməyən dəhlizlərdən keçir, içində daha əvvəl görmədiyi "yerləri" kəşf edir və özünü yavaş-yavaş inşa edir. Yaşadığımız coğrafiyada mübahisə, tənqid mədəniyyətinin inkişaf etmədiyi aşkardır. Vəziyyət belə olunca hər kəs rahatlıqla bir-birinin quyusunu qazır, bir-birinin arxasınca ağzına gələni deyir. Buna görə də passiv-aqressiv münasibətlər baş alıb gedir. Bir insanın duyğu və düşüncəsinə yiyə çıxıb bunu digərinə söyləmə azadlığı və fərqli düşüncələrə rəğmən, birinin digəri üzərində iqtidar qurmadan münasibətdə qala bilmə qabiliyyəti aşağı səviyyədədir. Bu vəziyyəti cəmiyyətin bütün təbəqələrində müşahidə etmək mümkündür. Bir-birimizlə uzlaşmayacağımız gerçəyini də qəbul etməliyik. Robot olmadığımızı, özümüzə məxsus fikirlərimiz olduğunu anlamalayıq. Bu, sosial şəbəkədə insanları təhqir etmək, aşağılamaq, alçaltmaq anlamına gəlməsin. İkincisi, mədəniyyətsizlik və xəstəlikdir. Əksinin isbatı mümkün deyil. Özünə hörmət edən, dəyər verən insan belə ucuz davranışlar sərgiləmir. Mövcud durum sonradan yaranmayıb, həmin insanları araşdırsaq, işarələr bizi onların uşaqlığına qədər aparıb çıxarar. Məsələn, insanın mübahisəyə can atdığı ən güclü dönəm ərgənlikdir. Ərgən fərd valideynlərinə qarşı çıxır, ona savaş açır, "gedərəm", "qaçaram", "özümü öldürərəm" deyərək onları təhdid edir. Ana-atanın dözdüyünü görəndə isə özü ilə tanışlığı başlayır, sərhədlərini müəyyənləşdirir. Sakit, susqun bir yeniyetmədə isə bu, daxilə döşənmiş mina kimidir. İçində basdırdıqları bir gün partlaya-partlaya gedir.

Əlinə klaviatura keçən kimi güc dalğasına məruz qalıb, özünü dünyanın sahibi zənn edənlərdir travmalı insanlardır. Təkcə sosial münasibətdə belə deyil, siyasət meydanında da belədir.

Travmalı insan - travmalı ailə, travmalı ailə - travmalı cəmiyyət, travmalı cəmiyyət - travmalı xalq, travmalı xalq isə travmalı dünya deməkdir. Ona görə belə insanların yaşadığı yerlərdə şiddət, qadın qətilləri, təcavüzlər, uşaq zorakılıqları tüğyan edir. Sorğulamaq, götür-qoy etmək, ölçüb-biçmək insana xasdır. Kor-koranə "hə", "oldu", "yaxşı" demək insanı cəhalətə, cəhalət isə fəlakətə sürükləyir. Mübahisənin, tənqidin nə olduğunu öyrənmədikcə heç nə düzələn deyil. Bugün vəzifədə olan vaxtı həmin şəxsin yan yörəsində gəzməyi böyük şərəf bilib, salamlarını aldığı üçün qürurlananların hansısa vəzifədən gedən insan haqqında yazıları isə tənqid yox, səmimiyyətsizlikdir!!!

PS: Bəlkə də yazı bir az sərt oldu.Yox, pessimist deyiləm, ancaq əvvəlki kimi optimist də ola bilmirəm. Deyəsən, indi bir az realistəm.Moşuların fərsizliyində onları daim tərifləyən Söylülər! Əgər vaxtilə dəstəklədiyiniz adamların bir ömür "xoşbaxtlıq" sözünə qafiyə axtarıb bədbəxt olmasını istəmirdinizsə, həqiqətləri vaxtında deməkdən çəkinməməliydiz.Artıq gecdir!!!

Aygül Bağırova-AJB üzvü
Xəbəri paylaş