Newscenter.az.12.02.2022. Uqanda 1998-2003-cü illərdəki işğala və yerli sakinlərin ölümünə görə Konqoya 325 milyon dollar təzminat ödəyəcək. Bu barədə qərarı Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi qəbul edib. Uqanda məhkəmənin qərarı ilə İturi bölgəsinin şərq hissəsində 10-15 min insanın ölümünə görə məsuliyyət daşıyır.
Məhkəmə müəyyən edib ki, sübutlar Uqandanın bərpa etməli olduğu ölümlərin sayının 10.000 ilə 15.000 arasında olduğunu göstərir. İraq isə daha əvvəl Küveytin işğalı üçün 50 milyard dollardan çox pul ödəyib.
Məlumdur ki, Azərbaycan otuz il erməni işğalından əziyyət çəkib. Torpaqlarımızın 20 faizindən çoxu talanıb, vandallığa məruz qalıb. Azərbaycan ordusu 44 günlük hərbi əməliyyatla torpaqlarımızı düşmən tapdağından azad etdi. Dəymiş maddi ziyanın ödənməsi məsələsi ilə hələ açıq olaraq qalıb.
Qarabağ münaqişəsi bitib. Artıq regionda yeni mərhələ başlayıb. Bu yeni mərhələ sərhədlərin müəyyənləşdirilməsi, həmçinin Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası ilə səciyyələnir. Buna baxmayaraq, Ermənistanın otuz il ərzində bizə vurduğu maddi ziyanı unutmaq olmaz. Xarici ekspertlərin fikrincə, dəymiş ziyan 5 milyarddan çoxdur. Yerli mütəxəssislər isə bu rəqəmin beş dəfə artıq, təxminən 25 milyard olduğunu deyirlər.
İstənilən halda İrəvan öz üzərində təzyiqi hiss etməlidir. Bunun ən yaxşı yollarından biri isə məhz maddi təzminat məsələsinin gündəmə gəlməsidir. Yəqin ki, hakimiyyət vaxtı gələndə bu barədə lazımi distansiyalara, o cümlədən beynəlxalq Haaqa məhkəməsinə müraciət edəcək. Ermənistan başa düşməlidir ki, daha onun təxribatlarına, "cığallıq"larına nə dözümümüz var, nə də səbrimiz.
İrəvanın maddi təzminatı ödəməyə gücü yoxdur. Bunu özü də yaxşı bilir. Deməli, iqtisadiyyatını dirçəltmək üçün regionda kommunikasiyaların açılmasına, Türkiyə ilə əlaqələrin normallaşmasına tələsməlidir. İkinci bir tərəfdən, maddi təzminat məsələsi bilavasitə həm də Şərqi Zəngəzur məsələsini gündəmə gətirir. Əgər Ermənistanın həmin məbləği ödəməyə imkanı yoxdursa, tarixi torpaqlarımızın qalan hissəsini qaytarsın. Üçüncü bir tərəfdən isə nəzərə almaq lazımdır ki, təzminat davasının açılması qarşı tərəf üçün əsla arzuolunan deyil. Deməli, maddi təzminat məsələsinin gündəmə gəlməsina mane olmalıdır. Bunun yeganə yolu isə çağırışlarımıza cavab verməsidir. Ermənistan bilməlidir ki, tamamilə konstruktiv mövqe tutmasa, bu, ona baha başa gələcək. Milyardlarla təzminat İrəvanın "Domokl qılıncı"na çevrilə bilər.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti