Newscenter.az.14.02.2022. "Azərbaycan Respublikası Milli Məclisinin legitimliyini heç kim şübhə altına ala bilməz. AMEA-nın Mətbuat xidmətinin yaydığı məlumatda Milli Məclisin deputatlarının ünvanına “saxta deputatlar”, "ənənəvi növbətçi trollar" kimi yersiz ifadələrin işlədilməsi təəssüf doğurur. Bu yanaşma birbaşa dövlətçilik əleyhinə yönəlib. Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq Azərbaycanın Ali Qanunverici Orqanının ünvanına qarşı bu cür ittihamlar səsləndirməyə heç kimin haqqı çatmır".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, elm sahəsində təmsil olunub-olunmamasından asılı olmayarq, cəmiyyətin hər bir üzvü Azərbaycan Milli Elmlər Akademiyasının elmə, bütövlükdə ölkəmizin inkişafına töhfə verməsini istəyir:
"Yəni, bir elm məbədi kimi Milli Elmlər Akademiyası dövlətin inkişafında iştirak etməlidir. Üstəlik, 30 illik işğala 44 gündə son qoyaraq, əldə etdiyimiz böyük qələbə fonunda hər kəs yeni mərhələdəki inkişafın bir parçasına çevrilməlidir".
Deputat diqqətə çatdırıb ki, AMEA-da effektiv islahatlar mütəmadi şəkildə getməli, xüsusilə yeni nəsil alimlərin yetişməsi, gənc alimlərin Azərbaycan elminə, akademiyaya cəlb edilməsi istiqamətində addımlar atılmalıdır:
"AMEA deyəndə ilk olaraq Yusif Məmmədəliyev, Lütfizadə kimi dünya şöhrətli alimlərimizi xatırlayırıq. Onlarla belə elm xadimlərimiz olub. Onların elmi axtarışları böyük ixtiralara, yeni elmi konsepsiyaların yaranmasına gətirib çıxarıb, Azərbaycan və dünya elminə böyük töhfələr verib. Biz bu cür elm dahilərinin yeni davamçılarının yetişməsini istəyirik".
Könül Nurullayevanın sözlərinə görə, beynəlxalq münasibətlər sisteminin layiqli üzvü olan Azərbaycan müasir dünya elminə də töhfə verməkdə davam etməlidir:
"Qloballaşmanın geniş vüsət aldığı bir vaxtda çevik innovasiya fəallığı yeni yanaşmalar tələb edir. Prezident İlham Əliyevin bir neçə il öncə gənc alimlərə müraciətində də qeyd olunduğu kimi, mövcud şərait gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmasını ön plana çıxarır. Bu gün elmin prioritetləri dünya elminin hazırkı inkişaf tendensiyalarına uyğun olaraq, milli strateji maraqların konseptual şəkildə həllinə yönəlməlidir. Təcrübəli elm xadimlərimiz gənclərə örnək olmalı, onların potensialının üzə çıxarılmasında maraqlı olmalıdırlar. Milli Elmlər Akademiyasında nəsillər arasında sağlam, elmə töhfə verən əlaqə olmalıdır. Bir sözlə, AMEA rəhbərliyinin adı qalmaqallarda, daxili intriqalarda hallanmamalıdır. Bu elm ocağı öz statusunu, nüfuzunu qoruyub saxlamalı, bu məbədin hər bir üzvü elmin düzgün idarə edilməsində iştirak etməlidir".
Ruhiyyə