Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pərviz Şahbazov: “Cənub Qaz Dəhlizi Məşvərət Şurası uğurlu format hesab olunur”



Newscenter.az.15.02.2022. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun "Report" İnformasiya Agentliyinə müsahibəsi.

- Cənab nazir, bu ayın əvvəlində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı baş tutdu. Ümumilikdə, sonuncu toplantını necə qiymətləndirirsiniz?

- Cənub Qaz Dəhlizi Məşvərət Şurasının layihənin gerçəkləşdirilməsində müstəsna rolu olub. Bilirsiniz ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması və bu format çərçivəsində müntəzəm iclasların keçirilməsi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Avropa Komissiyası da bu təşəbbüsü dəstəkləyib.

Azərbaycan və Avropa İttifaqının həmsədrliyi ilə uzun illərdir Cənub Qaz Dəhlizi layihəsinin bütün üzvlərinin iştirak etdiyi belə bir əməkdaşlıq formatı yaranaraq, layihənin ərsəyə gəlməsinə öz töhfəsini verib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı əvvəlki iclaslardan ilk növbədə, onunla fərqlənirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası faktiki olaraq Cənub Qaz Dəhlizinin tamamlanmasından sonra Avropaya qaz tədarükü ilə bağlı missiyasını yerinə yetirdiyi vaxtda baş tuturdu. Kimsə fikirləşə bilərdi ki, nəyə görə bu iclas keçirilir və bu format davam edir? Yəni Cənub Qaz Dəhlizi Məşvərət Şurasının məqsədi layihənin icra vəziyyətini yoxlamaq, fəaliyyəti koordinasiya etmək, ortaya çıxan çətinlikləri müzakirə etməkdir. İndi isə Cənub Qaz Dəhlizi artıq reallıqdır və layihə bütün seqmentləri ilə fəaliyyətdədir. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı olmaya da bilərdi. Amma bu dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının xüsusi əhəmiyyəti vardı. Bu da ondan ibarətdir ki, Məşvərət Şurasının budəfəki toplantısında Cənub Qaz Dəhlizi layihəsinin gələcək inkişafı müzakirə edilirdi. Layihənin genişləndirilməsi imkanları nəzərdən keçirilirdi.

İkinci önəmli məqam isə o idi ki, bu dəfə Məşvərət Şurası ənənədən kənara çıxaraq Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində bu gün dünya enerji cəmiyyətinin, o cümlədən Məşvərət Şurasının iştirakçıları olan ölkələri narahat edən bir çox yeni enerji çağırışları ilə bağlı məsələləri müzakirə edirdi. Bunlar hansı məsələlər idi? Sözsüz ki, bu, bərpa olunan enerji mənbələrinin inkişafı, dekarbonizasiya məsələləridir. Həmçinin, bu, metan qazının tutulması, enerji effektivliyi məsələləridir. Yəni, enerji keçidinin bütün aspektlərinə dair müzakirələr bu dəfə Məşvərət Şurasının ikinci sessiyasında tam əhatə olunurdu.

Dövlət başçısının çıxışında da vurğulanırdı ki, bu formatda əməkdaşlığımız uğurlu oldu. Cənub Qaz Dəhlizi tamamlanıb, lakin bizim işimiz davam edir. Layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək. Düşünürəm ki, misilsiz əməkdaşlıq modeli Məşvərət Şurasında fəaliyyətimiz daha çox üzvlərin iştirakı ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və “yaşıl enerji” sahəsində tərəfdaşlıq əlaqələrinin qurulması ilə davam edəcəkdir.


- Çıxışınızda bildirmişdiniz ki, toplantıda Cənub Qaz Dəhlizinin yeni bazarlara yönəlməsi müzakirə edilib. Yeni bazarlar dedikdə, konkret olaraq hansı ölkələri nəzərdə tutursunuz? Bunun üçün hansı infrastruktur işləri görülüb?

- Bilirsiniz ki, bu gün Cənub Qaz Dəhlizinin iştirakçı ölkələri var. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadır. Bu dəfə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırdıq. Bu da layihənin daha böyük coğrafiyaya şaxələnməsi deməkdir. İlk növbədə, yeni bazarlar olaraq biz Qərbi Balkan ölkələri haqqında danışa bilərik. Bu ölkələr əlavə qaz tədarükü üçün çox böyük maraq göstərir. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu dəfə 20-yə yaxın ölkənin bu toplantıda iştirakı, səsləndirilən bəyanatlar onların maraqlarından xəbər verirdi. Təkcə Qərbi Balkan ölkələri deyil, bu dəfə bir sıra Şərqi, Cənubi Avropa ölkələri, o cümlədən Macarıstan, Rumıniya və Moldova kimi ölkələr bu toplantıda iştirak edirdi. Bu da öz növbəsində, gələcəkdə dəhlizin genişləndirilməsi zamanı bu ölkələr üçün də Azərbaycan qazının alınması perspektivlərini açır.

Əlbəttə, burada təkcə qaz mənbələrinin mövcud olması kifayət etmir və bunun üçün müvafiq infrasturktur da olmalıdır. Biz burada müxtəlif interkonnektorlardan danışa bilərik. İlk növbədə, biz hamımız gözləyirik ki, Bolqarıstan hökumətinin elan etdiyi kimi, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) iyul ayında hazır olacaq və istismara veriləcək. Eyni zamanda Albaniyanı birbaşa Xorvatiya ilə birləşdirəcək İon-Ariatik Qaz Boru Kəməri (İAP) də var ki, bu boru kəməri ilə Monteneqro və Bosniya-Hersoqovina da qazla təchizat imkanı əldə edəcəklər. Daha sonra Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanı əhatə edən BRUA layihəsi barədə danışa bilərik. Artıq bu layihənin birinci fazası həyata keçirilib və faktiki olaraq bu gün fəaliyyətdədir. Hazırda onun genişləndirilməsi gündəlikdədir. Bundan başqa, biz Serbiya ilə Bolqarıstan arasında planlaşdırılan qaz boru kəməri layihəsindən bəhs edə bilərik.

Bu gün Qərbi Balkan ölkəsi olan Şimali Makedoniya da Azərbaycan qazına böyük maraq göstərir ki, gələcəkdə Yunanıstanla Şimali Makedoniya arasında qaz kəmərinin çəkilməsi nəzərdə tutulur. Demək istəyirəm ki, həm maraqlar, həm də infrastruktur imkanları var ki, bütün bunlar bir araya gətirilməli və bir layihə çərçivəsində dəyərləndirilməlidir.

- Cənab nazir, sizin fikrinizcə, Bolqarıstan hökuməti vədinin üstündə durub bu ilin iyulun 1-nə İGB kəmərinin inşasını yekunlaşdıra biləcəkmi? Bu, reallaşsa, Azərbaycan ilkin olaraq hansı həcmlərdə qazı bu ölkəyə nəql edəcək?

- Düşünürəm ki, bu məsələ birbaşa olaraq Bolqarıstanın marağındadır və biz görürük ki, onlar həqiqətən də bunun üçün çalışırlar. Elan edilən müdddətdə tikintinin yekunlaşacağı barədə mən proqnoz verə bilmərəm. Bunu zaman göstərəcək. Ancaq bu layihənin inşası həyata keçirilərsə, tam həcmdə, yəni 1 milyard kubmetrə qədər Azərbaycan qazı bu interkonnektor vasitəsilə Bolqarıstan bazarına tədarük ediləcək.

Ötən il Bolqarıstana 273 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. İGB hazır olmadığına görə Bolqarıstan tam həcmdə qaz ala bilmir. Bu, birbaşa Bolqarıstan tərəfindən asılı məsələdir.

- Pərviz müəllim, siz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı zamanı Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşmüsünüz. Rumıniya da Azərbaycanla təbii qaz üzrə uzunmüddətli əməkdaşlıq marağını ifadə edib. Bir müddət əvvəl Azərbaycan, Gürcüstan və Rumıniya AGRI layihəsi ilə bağlı memorandum imzalamışdı. İlk əvvəl soruşmaq istərdik ki, bu layihənin aqibəti necə oldu? Rumıniyanın bu marağı AGRİ layihəsini yenidən gündəmə gətirə bilərmi, yoxsa Azərbaycan Rumıniyaya alternativ yollarla qaz ötürmək niyyətindədir?

- AGRİ layihəsi Azərbaycan qazının Avropaya nəqli üçün vaxtilə müzakirə edilən mövcud variantlardan biri idi. Bu konsepsiya bu gün də var. Amma hazırda Cənub Qaz Dəhlizi mövcud olduğu halda Azərbaycan qazının əlavə həcmlərinin Avropaya çatdırılması üçün bu layihə AGRİ ilə müqayisədə daha əlverişlidir. Bununla belə bu o demək deyil ki, AGRİ layihəsi nə vaxtsa ərsəyə gələ bilməz.


Azərbaycan qazının Rumıniyaya ötürülməsinə gəlincə, artıq qeyd etdiyim kimi, Yunanıstan-Bolqarıstan İnterkonnektoru inşa edildikdən sonra BRUA layihəsinin birinci fazası çərçivəsində bu ölkəyə 1,7-1,8 milyard kubmetr həcmində qaz ötürmək mümkün olacaq. Bu layihənin ikinci fazasında bu kəmərin ötürücülük gücünü 4 milyard kubmetrdən də çox artırmaq mümkün olacaq. BRUA ölkələrinin bununla bağlı planları mövcuddur. Düşünürəm ki, bu, mümkün marşrutlardan biridir ki, buradan da gələcəkdə Azərbaycan qazı Rumıniya bazarına çatdırıla bilsin.

- Cənab nazir, bu il Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ilk dəfə olaraq Moldova da qatılmışdı. Sizin Moldovanın Baş naziri Andey Spinu ilə görüşünüz də baş tutub. Azərbaycan Moldovaya qaz nəql edə biləcəkmi? Bu görüşdə daha hansı müzakirələr aparılıb?

- Moldova da Azərbaycan qazının alınmasına maraq göstərir. Azərbaycan qazının Moldovaya ötürülməsində marşrut olaraq düşünürəm ki, gələcəkdə Bolqarıstan-Rumıniya istiqamətində tədarük olarsa, müvafiq həcmlər Rumıniya ilə Moldova arasındakı mövcud qaz bağlantısına yönləndirilə bilər. Bu, gələcəkdə Azərbaycan qaznını Moldovaya nəqli üçün mövcud bir imkandır. Onu da deyim ki, Moldovanın həm qaz istehlakı, həm Azərbaycandan istədiyi qaz həcmləri də böyük deyil.

Gələcəkdə Cənub Qaz Dəhlizinin ikinci fazasında adlarını çəkdiyimiz ölkələrlə yanaşı Moldova da Azərbaycan qazının istehlakçısı ola bilər.

- Sizin fikrinizcə, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri nə zaman tam gücü ilə fəaliyyətə başlaya bilər? Bu il üçün nəqletmə proqnozu nə qədər olacaq?

- İndiyə qədər TAP boru kəməri ilə 9,2 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına tədarük edilib. Məlumat üçün qeyd edim ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara veriləndən indiyə kimi Türkiyəyə 14,7 milyard kubmetr qaz tədarük edilib. Ötən il avropalı istehlakçılar TAP üzərindən 8,1 milyard kubmetr həcmində Azərbaycan təbii qazı ilə təchiz edilib.

2022-ci il üçün 9 milyard kubmetrdən çox qazın Avropaya ixracı proqnozlaşdırılır. 2023-cü ildə TAP-ın tam gücü ilə işləyəcəyi gözlənilir. TAP ilə ən çox təbii qaz İtaliya bazarına nəql olunub. Ötən il İtaliyaya 6,9 milyard kubmetr qaz tədarük edilib. 2022-ci ildə isə bu ölkəyə 7,4 milyard kubmetr Azərbaycan qazının ixracı proqnozlaşdırılır.

-Sizcə, Macarıstan artıq nə zamandan Azərbaycan qazı almağa hazır olacaq? Sizin Macarıstanın xarici işlər naziri Pyotro Siyarto ilə görüşünüzdə bu məsələ ilə bağlı hər hansı razılıq əldə edilibmi?

-Bu gün Macarıstan da Azərbaycan qazının alınmasına maraq göstərir. Bu ölkə də qaz idxalının diversifikasiyası haqqında fikirləşir. Gələcəkdə Azərbaycan qazının müəyyən həcmlərini Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəticəsində almaq niyyətini bizə bildirir.

- Cənab nazir, artıq Serbiya Bolqarıstan-Serbiya qaz interkonnektorunun 2023-cü ildə istismara verilməsi ilə Cənub Qaz Dəhlizinə inteqrasiyasına ümid edir. Azərbaycan ilkin olaraq bu ölkəyə nə qədər həcmdə qaz nəql etməyi imkanında olacaq?

- Bolqarıstan vasitəsilə digər ölkələrə qaz tədarükü, bu ölkənin coğrafi mövqeyini nəzərə aldıqda, sözsüz ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının nəqlinin şaxələndirilməsi imkanlarını artırır. Bu bir faktdır. Çünki Bolqarıstanın həm Rumıniya, həm Serbiya ilə əlaqələri yaranır. Bu halda Azərbaycan qazının gələcəkdə bu ölkəyə də təhcizatı məsələsi mümkün ola bilər. Serbiya da Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının VIII toplantısında iştirak edirdi və Azərbaycan qazının alınması haqqında öz niyyətini bildirdi.


-Təbii ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə də görüşünüz olub. Azərbaycan-Türkiyə arasında hansı enerji məsələləri müzakirə edilib? Türkiyə ilə qaz sahəsində əməkdaşlığı nə qədər artırmaq imkanı mövcuddur?

- Hazırda Türkiyəyə gündəlik, təxminən, 23,5 milyon kubmetrdən çox təbii qaz ixrac edirik. Keçən il Türkiyəyə ixrac olunmuş 8,5 milyard kubmetr qazın 5,6 milyard kubmetri TANAP vasitəsilə nəql olunub. İki ölkə arasında imzalanan sonuncu müqavilə 2025-ci ilə qədər əlavə 10 milyard kubmetr qazın tədarükünü nəzərdə tutur.

Qardaş Türkiyə bizim üçün önəmli və strateji ölkədir, Azərbaycanın müttəfiqidir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji əhəmiyyətli enerji layihələrinin sayı kifayət qədər çoxdur. Enerji əməkdaşlığının inkişaf etdirilməsi gələcəkdə də davam edəcək. Bu istiqamətdə türkiyəli həmkarımla Azərbaycan-Türkiyə Enerji Forumunun növbəti toplantısına dair müzakirələr apardıq. Birinci Enerji Forumu ötən ilin dekabrında Bakıda keçirildi, ikinci Forum isə bu il Türkiyədə planlaşdırılır. Bu forum Azərbaycan-Türkiyə münasibətlərinin enerjidə də müttəfiqlik səviyyəsinə yüksəlməsini hədəfləyən bir platformadır. Forumun karbohidrogen və neft-kimya məhsulları, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, eləcə də tənzimləmə üzrə geniş əməkdaşlıq gündəliyi var.

- Bu günlərdə Türkiyə tərəfi Naxşıvan-İğdır boru kəmərinin tikintisinin maliyyə dəyərini açıqlayıb. Bu kəmərin inşasında Azərbaycan tərəfinin üzərinə düşən nədir? Ümumiyyətlə, bu layihə Azərbaycan üçün neçəyə başa gələcək?

- Bu boru kəmərinin tikintisi Azərbaycanın Türkiyə ilə daha bir iş birliyidir. İnanıram ki, biz tezliklə Türkiyə ilə birlikdə bu layihənin həyata keçirilməsinə nail olacağıq. Hazırda müvafiq hazırlıq işləri gedir. İş həcmləri müəyyən olunandan və onların həyata keçirilməsi yolları müəyyənləşdiriləndən sonra bütün maliyyə məsələləri də öz həllini tapacaq. Məhz o zaman da ictimaiyyət üçün müvafiq açıqlamalar olacaq.

- Cənab nazir, Siz Avropanın enerji məsələləri üzrə komissarı ilə Avropaya qaz tədarükündə hər hansı fors-major şərait yaranarsa və təcili tədarük tələb olunarsa, qısa müddət ərzində Azərbaycan tərəfindən qaz tədarükü təmin edilməsi məsələsini müzakirə etmisinizmi?

- Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson ilə ümumiyyətlə orta və uzunmüddətli qaz təchizatının həyata keçirilməsi haqqında danışdıq. Qeyd etdiyim kimi, burada söhbət Cənub Qaz Dəhlizinin genişləndirilməsindən gedir. Bu isə bir neçə gündə reallaşan bir proses deyil. Bunun üçün bundan əvvəl sadaladığım işlər görülməlidir, müvafiq addımlar atılmalıdır. Tədarükçülər öz istəklərini bildirməlidirlər, müqavilələr imzalanmalıdır. Təbii ki, interkonnektorlar tikilməlidir, investisiya qoyuluşları həyata keçirilməlidir. Qaz hasilatı artırılmalıdır, nəticədə qaz tədarük olunmalıdır. Azərbaycanın əlavə qaz həcmlərinin tədarükü ilə bağlı mövqeyi bundan ibarətdir.

- Bəs qəfil ehtiyac yaranarsa?

- Qaz neft deyil. Qaz elə bir məhsuldur ki, biz onu bu gündən sabaha hasil edib əlavə bazara çıxara bilmərik. Sözsüz ki, burada vaxtında planlaşdırma və lazımi addımların atılması kimi bir sıra məsələlərin həlli tələb olunur. Bir daha vurğulayıram ki, bunun üçün həm texniki, həm hüquqi, həm də kommersiya məsələləri öz həllini tapmalıdır. Yalnız bu şərtlərin ödənməsi nəticəsində qaz hasilatı və ixracında artım mümkün ola bilər. Digər hallarda bu real deyil. Xüsusilə də kifayət qədər böyük məsafədə yerləşən Avropa ölkələri üçün bu mükün deyil.

- Cənab nazir, bir az da alternativ və bərpa olunan enerji haqqında söhbət etmək istərdik. Bu il üçün ölkədə bu sahədə hansı işlərin görülməsi nəzərdə tutulub?

- Dövlət başçısı tərəfindən ölkədə bərpa olunan enerji sahəsinin inkişafı prioritet məsələ kimi müəyyənləşdirilib və cənab Prezident qarşımızda bir sıra məsələlər qoyub. Paralel olaraq biz bu sahədə qanunvericiliyi də inkişaf etdiririk. Keçən ilin ortalarında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” yeni Qanun qəbul edilib. Bu qanun bizim üçün bir çox imkanlar yaradır. Hazırda biz alt qanunlar və qaydalar üzərində iş aparırıq ki, bu sənədlər də hazırlanıb təsdiq olunandan sonra yeni perspektivlər açılacaq, bərpa olunan enerji mənbələrindən daha geniş istifadə üçün münbit şərait yaradılacaq.


Bildiyiniz kimi, bununla yanaşı, bir sıra praktiki addımlar da atılır. Dövlət başçısının da təməlqoyma mərasimində iştirak etdiyi “Acwa Power” şirkəti ilə birgə həyata keçirdiyimiz layihəni qeyd etmək istərdim. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə həyata keçirilən layihə üzrə də işlər davam edir. Eyni zamanda, işğaldan azad olunmuş Cəbrayıl rayonunda BP şirkəti ilə ümumi gücü 240 MVt olan günəş elektrik stansiyası layihəsi ilə bağlı müvafiq işlər görülür. BP şirkəti ilə icra müqaviləsi imzalanıb ki, bu da layihənin dəyərləndirilməsi və həyata keçirilməsi üzrə birgə əməkdaşlığı təmin edir.

Bizim bundan sonra bərpa olunan enerji mənbələrinin inkişafı üzrə yeni qəbul olunmuş qanun çərçivəsində hərracların keçirilməsi planlarımız var. Bunun üçün bir sıra hüquqi norma və qaydaların qəbul edilməsinə ehtiyac var. Hazırda onların işlənilməsi və digər dövlət qurumları ilə razılaşdırılması prosesi həyata keçirilir. Yəni bütün bunlar Azərbaycanda dövlət başçısının “Yaşıl enerji” kursunun həyata keçirilməsi siyasəti çərçivəsində atılan addımlardır.

Bilirsiniz ki, “Yaşıl artım” konsepsiyası Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetlərindən biri kimi cənab Prezident tərəfindən müəyyənləşib. Eyni zamanda, cənab Prezident Qarabağ və Şərqi Zəngəzur bölgəsini “Yaşıl enerji zonası” elan edib. Bununla bağlı müvafiq konsepsiya hazırlanıb və bu bölgələrdə bir sıra sahələr üzrə yaxın gələcəkdə fəaliyyət həyata keçiriləcək.

- Biz bu il artıq ilk hərracı görə biləcəyikmi?

- Hərrac prosesi özü o qədər də bəsit bir iş deyil. Onun hazırlanması, həyata keçirilməsi, şirkətlərin bu prosesdə iştirak etməsinə hazır olmaq önəmlidir. Məqsədimiz bu hərracların sistemli şəkildə ilbəil keçirilməsidir. Ümid edirik ki, hərraca hazırlıq işlərini bu il yekunlaşdıracağıq. İlk hərracın vaxtı hazırlıq prosesi başa çatdıqdan sonra elan edilə bilər. Bu, bizim üçün yeni təcrübədir.

-Sizcə, ölkədə bərpa olunan enerji mənbələrinin artımı illik olaraq bizə nə qədər həcmdə təbii qaza qənaət etməyə imkan yaradacaq?

- Əlbəttə ki, bunu ayrıca hesablamaq mümkündür. Bu da layihələrin inkişafından asılıdır. Reallaşdırılan layihələri götürsək, Abşeron və Xızı rayonlarının kəsişməsində inşa edilən 240 MVt gücündəki külək elektrik stansiyasının faydalı iş əmsalı yüksək olacaq. Təxminən, illik 220 milyon kubmetr təbii qaza qənaət edilməsinə gətirib çıxaracaq. Günəş elektrik stansiyalarının faydalı iş əmsalı isə bir qədər az olacaq. “Masdar” şirkətinin həyata keçirdiyi layihə illik 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə imkan verəcək. Təbii ki, bu həcmlər kiçik deyil. Məsələn, bəzi Balkan ölkələrinin ehtiyacı olan qaz həcmləri elə bu iki stansiya hesabına qənaət ediləcək qaz həcmlərinə bərabərdir.

- Bu gün ümumilikdə Azərbaycanın alternativ və bərpa olunan enerjinin payı ümumi generasiya həcmində nə qədərdir? Bu yeni stansiyalar fəaliyyətə başladıqdan sonra onun payı nə qədər olacaq? Yəni, Azərbaycan 2030-cu ilə qədər qarşısına qoyduğu 30 % göstəricisinə nail ola biləcəkmi?

- Bəli, dövlət başçısı qarşımıza bu vəzifəni qoyub. Ölkənin ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını 2030-cu ildə 30 %-ə çatdırmaq strateji hədəfimizdir. Bu gün Azərbaycanda su elektrik stansiyalarını da hesablasaq, bu rəqəm, təxminən, 17 %-ə yaxındır. Düzdür, bu rəqəmdə günəş və külək elektrik enerjisinin payı hələki kiçikdir, 2 %-ə qədərdir.

Qarabağ və Şərqi Zəngəzurda kiçik su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Bu il bu ərazilərdə 5 kiçik su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Növbəti illər ərzində isə burada 30-a yaxın su elektrik stansiyasının tikintisi planlaşdırılır. Digər planlarımız böyük və daha sonra nisbətən orta və kiçik həcmli bərpa olunan enerji stansiyalarının tikintisi ilə bağlıdır ki, onlar da əsasən günəş və külək enerjisi layihələridir. Bu layihələr imkan verəcək ki, 2030-cu ilə qədər 30%-lik hədəfə nail olaq.

Eyni zamanda, bizim Xəzər dənizində böyük külək enerjisi potensialı var ki, hazırda onun da həyata keçirilməsi haqqında düşünürük. Cənab Prezidentin tapşırığına uyğun olaraq, biz bu güclərdən istifadə imkanlarına həsr olunmuş bir proqramın işlənilməsi ilə məşğuluq. Bu proqram Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə birgə hazırlanır və onun birinci fazası artıq yekunlaşdırılır. Bu yaxınlarda proqramın hazır olacağını gözləyirik və artıq onun ikinci fazası haqqında düşünürük. Eyni zamanda, biz bır sıra enerji şirkətləri ilə də əməkdaşlıq edirik. “ACWA Power”, BP, “Total”, “Masdar” və “Lukoil” şirkətləri Xəzər dənizində külək enerjisinə ciddi maraq göstərir. Həmçinin bu layihə üzrə “Equinor”, “Global Maritime”, “RSL Kshema” şirkətləri ilə də dialoq aparılır. Düşünürəm ki, yaxın müddətdə bu layihə üzrə fəal işlərə başlanacaq və bunun da bəhrəsini görəcəyik.

- Müsahibə üçün təşəkkür edirik, cənab nazir!
Xəbəri paylaş