Newscenter.az.21.02.2022. Hörmətli FB izləyicilərim, ötən dəfəki yazımda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) şanlı tarixinə və öz elmi kəşfləri və nailiyyətləri ilə elmimizə dərin töhfələr vermiş görkəmli alimlərimizin zəngin fəaliyyətinə qısaca da olsa toxunmuşdum. İndi isə Azərbaycanın elm tarixinə öz adını yazdırmış görkəmli qadın alimlərimizin yaradıcılıq imkanları, elmimizə gətirdiyi yeniliklər haqqında bəzi zəruri epizodlara toxunmaq istıəyirəm. Ələxsus da, onu xüsusi olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanın hazırkı inkişaf quruculuğnda elm xadimləri ilə dövlətin vəhdətinin olduqca aktuallaşdığı bir zamanda AMEA-nın üzərinə böyük məsuliyyət düşür, bu prosesdə isə hər zamankı kimi qadın alimlərimizin rolu mühüm əhəmiyyət kəsb edir.
Yaxın tariximizə baxsaq görərik ki, Azərbaycanın elm tarixində qadın alimlərimizin əvəzsiz xidmətləri olmuşdlır. XX əsr Azərbaycan elminə İzzət Orucova, Sara Aşurbəyova, Püstə Əzizbəyova, Səidə İmanzadə kimi qadın alimlər bəxş etmişdir. Böyük riyaziyyatçıTamilla Nəsirova, dünya şöhrətli Ədilə Namazova elm tarixində dərin izlər qoyublar. Şuşanın elmimizə bəxş etdiyi böyük şəxsiyyət Maya Hacıyeva ilk riyaziyyatçı qadın alim kimi Azıərbaycanın adını dünyada məşhurlasdırıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yetriməsi olan Maya xanım sanballı elmi əsərləri bu gün də yüzlərlə alimin tədqiqat mövzusudur.
Akademik Zərifə Əliyevanın dünya şöhrətli alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Dünyada ilk dəfə peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyasının yaradılması Onun elmi kəşfidir. Zərifə Əliyeva xanım SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.
Azərbaycan Şərqşünaslıq məktəbinin görkəmli nümayəndəsi Aida İmanquliyeva da nüfuzlu elm xadimi kimi tariximizə adını qızıl hərflərlə yazdırıb. Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk professor olan Aida İmanquliyeva Şərqşünaslıq İnstitutunda direktor kimi Elmlər Akademiyasının şöhrətini ucaldıb. Onun çoxsaylı elmi əsərləri bu gün də Qərb və Şərq mədəni ənənələrinin tədqiqatında dərin elmi məxəz kimi öyrənilir.
Azərbaycanın tanınmış kimyaçı alimi, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Rəfiqə Əliyevanın elmin inkişafında əvəzsiz xidmətləri böyükdür. Analitik kimya sahəsində Azərbaycanda akademik olan Rəfiqə Əliyeva böyük elmi nailiyyətlərlə milli elmimizin adını ucaldıb.
Müasir dövrümüzün tanınmış alimlərimizdən Nailə Vəlixanlının tarix sahəsində geniş tədqiqatları Azərbaycann elminin inkişafında mühüm əhəmiyyət kəısb edir. Eyni zamanda, şərqşünaaslıq elminin görgəmli nümayəndələrindən biri olan akademik Gövhər Baxşəliyevanın da xidmətləri böyükdür. Zümrüd Quluzadə və digər ailmlərimizin da elmin inkişafındakı əməyini qeyd edə bilərik.
Onu xüsusilə vurğulamaq lazımdır ki, AMEA-nın vitse-prezidenti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Rusiya Təhsil Akademiyasının akademiki, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin rəhbəri, akademik Nərgiz Paşayeva elmimizə verdiyi saysız-hesabsız töhfələrlə ən görkəmli elm xadimi kimi müasir tarixə adını qızılı hərflərlə yazdırıb.
Nərgiz Paşayeva müasir Azərbaycan qadının elmi obrazını təcəssüm etdirir. Onun hədsiz geniş elmi erudisiyası və fitri istedadı Azərbaycan elmi üçün böyük uğurdur.
Akademik Nərgiz Paşayevanın dünyanın ali məktəbləri sırasında birinci yerdə olan Oksford Universiteti kimi məşhur elm və təhsil ocağında Azərbaycanı təmsil etməsi misli görünməmiş elmi hadisədir. O, ölkəmizi Oksford Universitetinin Şərqşünaslıq fakültəsində təmsil edən ilk azərbaycanlı alimdir. Qürurverici haldır ki, bu gün Oksford Universitetində xüsusi xidmətləri olan şəxslər arasında ilk dəfə azərbaycanlı alim, akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsində rəsmən daimi təmsil olunur.
Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan alimləri üçün Oksford Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirmək, təcrübə toplamaq məqsədilə imkanlar yaradılıb və bu, yeni nəsil elmi cəmiyyətin hazırlanması və Azərbaycan elminin gələcəyi üçün möhkəm zəmin deməkdır.
Bənzərsiz yaradıcılıq üslubu, dəsti-xətti və elmi müasirliyi ilə hər zaman irəlidə olan Nərgiz Paşayevanın nəhəng potensialı AMEA ilə məhdudlaşmır, Onun yaradıcılıq qüdrəti Azərbaycanın hüdudlarından kənarda geniş təşəkkül tapmaqdadır.
Avropanın və dünyanın ən nüfuzlu elm ocaqları ilə yaxın əməkdaşlıq Nərgiz Paşayevanın dünya miqyaslı alim statusun möhkəmləndirməkdədir. Onun milli yaradıcılıq təşəbbüsləri və emi tədqiqatları dünya elm panoramasında Azərbaycanın müasir yerini formalaşdırmaqdadır. Nərgiz Paşayeva bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının dünyada elmi nüfuzunu artıran, dünya elm ictimaiyyətinə təqdim edən yenilikçi şəxsiyyətdir.
Əziz, FB izləyiciləri, bildiyiniz kimi bu günlərdə Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən istefa verdi və işlədiyi 3 il müddət ərzində dözülməz vəziyyətə düçar etdiyi Akademiya bu mənəvi böhrandan xilas oldu. İndi AMEA qarşısında yeni üfüqlər açılıb, sağlam yaradıcılıq mühiti və əsil elmi rəqabət meydanı yaranıbdır. Əminəm ki, hər zaman elmi nailiyyətlərdə öndə olan qadın alimlərimiz də bu əlverişli fürsətdən daha səmərəli istifadə edərək sanballı elmi tədqiqatlarını artıracaq, yeni elmi kəşflərə imza atacaqlar.
Mən xüsusilə də Nərgiz Paşayeva kimi dünya şöhrətli akademikin bu prosesdə daha ilhamverici və təşəbbüskarlığına inanıram, Onun qadınların elmi siması olaraq AMEA-nın yüksək nüfuzunun artmasında zəngin yaradıcı lider olacağına imidlər daha böyükdür.
Bir daha AMEA-nın yeni sağlam ruhla elmimizi zirvələrə daşıyacağına əminliklə, hər bir elm xadiminə uğurlar arzulayıram.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki