Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın təhlükəsizliklə bağlı qəbul etdiyi bu kritik qərar, erməni revanşizminin cilovlanması baxımından əhəmiyyətlidir



Newscenter.az.22.02.2022. Prezident İlham Əliyev 2021-ci ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət edərkən belə bir cümlədən istifadə etmişdi: “Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır”. Bu cümlədən məlum olur ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanacağı 2 ay əvvəl məlum idi.

“Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə”nin hazırlanmasına isə 2021-ci ilin ilk həftələrindən başlayıb. Bu tip sənədlərin hazırlanması və razılaşdırması adətən uzunmüddətli qarşılıqlı müzakirələr tələb edir. Təxminən 1 ildən sonra adı çəkilən sənədin mətni hər iki ölkənin Prezident Administrasiyası və aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən razılaşdırılıb. Artıq sənəd imzalanma mərasimi üçün hazırdır.
Sənəd hələ imzalanmayıb, odur ki, sənədlə tanış olmadan onun tərkibi haqqında dəqiq nəsə söyləmək olmaz. İstənilən halda Azərbaycan və Rusiya arasında imzalanacaq “Bəyannamə” hər iki ölkənin bərabərhüquqlu münasibətlərini tənzimləməklə onların müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə əməkdaşlıq prinsiplərini özündə əks etdirəcəyi ehtimal olunur. İmzalanan bu tipli sənədlər tərəflərin heç birinə “böyük qardaş” statusu verə bilməz. Digər tərəfdən “Bəyannamə” əməkdaşlıq haqqındadır, deməli heç bir halda tərəflərdən birinin, digərinin daxili proseslərinə müdaxilə etməsini də nəzərdə tuta bilməz.

Azərbaycan hazırda Türkiyə və Pakistandan başqa, qonşu ölkələrlə bərabər BMT, NATO, Qoşulmama Hərəkatı, TDT və İƏT ilə aktiv əməkdaşlıq edir. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Hazırda Azərbaycanın Aİ ilə müzakirələri aktivləşib və münasibətlərimiz tam yeni mərhələyə qədəm qoyur. Yaxın gələcəkdə Aİ və İtaliya ilə bənzər məzmunlu əməkdaşlığa dair sənədin imzalanacağı da gözlənilir. Əslində həm Qoşulmama Hərəkatında sədrlik etmək, həm də Türkiyə, Rusiya, Aİ ilə paralel şəkildə və yüksək səviyyədə əməkdaşlıq etmək ciddi diplomatik və siyasi bacarıq tələb edir.

İstənilən halda Rusiya ilə imzalanan müttəfiqlik haqqında “Bəyannamə” Ermənistanın müttəfiqlərinin bir birinin ardınca Azərbaycanın orbitinə keçməsi, Moskvanın Bakı ilə qarşılıqlı, o cümlədən hərbi əlaqələrə üstünlük verməsi və işğalçı ölkənin ən azından sülh sazişinə qədər dalanda saxlanılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu “Bəyannamə” işğalçı ölkəni Qarabağ və Azərbaycanla sərhəd məsələsində KTMT üzvlüyündən və Rusiya ilə strateji müttəfiqlik münasibətlərindən yararlanmaq imkanlarından məhrum edir. Digər tərəfdən isə Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir. Bakı barrrikadan hər iki tərəfi ilə aktiv əməkdaşlıq etsə də, mövcud vəziyyətdə münaqişə tərəfləri və ya rəqiblər arasında seçim etmir. Azərbaycan çox ölkə və təşkilatlarla əməkdaşlıq edib, edir və edəcək, lakin kimsənin daxili işlərimizə müdaxilə etməsinə də heç bir zaman imkan verməyib. Bundan sonra da bu siyasət dəyişməz və sabit olaraq qalacağı şübhəsizdir.
Yerləşdiyimiz coğrafi şərait və reallıqlar fonunda Azərbaycanın təhlükəsizliklə bağlı qəbull etdiyi bu kritik qərar, erməni revanşizminin və seperatizmin cilovlanması baxımından əhəmiyyətlidir.

Ədalət Verdiyev-hərbi ekspert
Xəbəri paylaş