Newscenter.az.23.02.2022. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə bağlı bu gün mənə bir çox müraciətlər olub. Bəziləri bu bəyannaməyə görə narahat olduqlarını dilə gətirirlər. Ukrayna ətrafında gərgin proseslərin baş verdiyi bir dönəmdə bizim Rusiya ilə belə bir müttəfiqlik sənədi imzalamağımıza ehtiyac olmadığını deyənlər də var. Hətta elələri də var ki, onlar bu yeni bəyannamənin qardaş Türkiyə ilə ötən ilin yayında imzalanmış Şuşa Bəyannaməsiə alternativ olduğunu düşünürlər. Lakin bütün bunlar yanlış fikirlərdir. Biz bu məsələləri bir-birinə qarışdırmamalıyıq.
Əvvəla onu qeyd edim ki, Prezident İlham Əliyevin Moskvaya səfəri və Rusiya ilə müttəfiqlik haqda bəyannamənin imzalanması məsələsi birdən-birə, ekspromt şəkildə ortaya çıxmayıb. 40-a qədər bəndin yer aldığı belə bir önəmli, strateji sənədin hazırlanması və imzalanmasının planlaşdırılması bir günün işi deyil və təsadüfi xarakter daşımır. Bu sənədin üzərində hər iki tərəfin işçi qrupları uzun müddət iş aparıb. Ona görə də bu səfərin və bu bəyannamənin Azərbaycan və Rusiya prezidentlərinin protokolunda daha öncədən planlaşdırıldığı şəksizdir. Mən bunu mübahisələndirməyi, bu barədə polemika açmağı lüzumsuz, yersiz hesab edirəm.
Azərbaycan-Ukrayna, Azərbaycan-Rusiya münasibətləri arasında paralellər aparmaq da tamamilə yanlış mövqedir. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalanması heç bir halda Ukraynanın əleyhinə yönələ bilməz. Bir öncəki şərhimdə də bildirdiyim kimi Azərbaycanın həm Rusiya ilə, həm də Ukrayna ilə normal münasibətləri var. Hər iki ölkə ilə bir çox sahələrdə yaxından əməkdaşlıq edirik. Bu əməkdaşlığımız hər iki ölkə ilə bundan sonra da davam edəcək. Və eyni zamanda biz hər bir postsovet ölkəsi kimi Ukraynanın da suverenliyini tanıyırıq, onun ərazi bütövlüyünü dəstəkləyirik. Bizim Rusiya ilə müttəfiqliyimiz heç bir halda üçüncü ölkənin əleyhinə yönələ bilməz. Çünki biz müstəqil ölkəyik. Müstəqil siyasət yürütməyimizdən heç bir halda vaz keçmirik və keçmərik. Biz hər hansı bir ölkə ilə digər ölkənin və ya ölkələrin ziddinə, zərərinə işbirliyi qurmur, addımlar atmırıq.
Həmçinin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalanmasına Azərbaycanın özünün müstəqilliyinə qarşı təhdid kimi yanaşmaq da tamamilə əsassızdır. Azərbaycan öz müstəqil, suveren xarici siyasətini bundan sonra da əvəlki prinsipiallıqla davam etdirəcək. Rusiya da, Azərbaycan da qarşılıqlı şəkildə bir-birinin mövqeyinə, kursuna hörmətlə yanaşmağa davam edəcək, tərəflərdən biri digərinin müstəqil sityasət yürütmək hüququna maneçilik törətməyə çalışmayacaq. Əgər Şuşa Bəyannaməsi bizim müstəqilliyimizi zərrə qədər də azaltmayıbsa, deməli, Rusiya ilə müttəfiqlik sənədi də müstəqilliyimizin hər hansı formada məhdudlaşdırılmasına şərait yaratmayacaq. Odur ki, belə bir bəyannamənin imzalanmasına görə narahatlıq keçirməyə əsas görmürəm. Biz balanslı xarici siyasət kursumuzu bundan sonra da davam etdirəcəyik. Hesab edirəm ki, hazırkı kritik situasiyada bu ən düzgün, rasional mövqedir.
Azərbaycan ilə Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin qardaş Türkiyə ilə münasibətlərimizə xələl gətirəcəyini düşünənlər də zənnimcə yanılırlar. İki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmağı nəzərdə tutan bu bəyannamə 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa bəyannaməsi”nin alternativi deyil. Bu bəyannamələrin biri digərini inkar etmir. Azərbaycanın Türkiyə ilə ayrı münasibətləri, Rusiya ilə də bir ayrı münasibətləri var. Biz Türkiyə ilə təbii müttəıfiqik. Bu münasibətlərimiz alternativsizdir. Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərini heç bir ölkə ilə strateji müttəfiqlik münasibətləri əvəzləyə bilməz. Odur ki, Rusiya ilə müttəfiqlik haqqında bəyannamədən kimsə əndişələnməsin, narahat olmasın.
Bu bəyannaməyə sadəcə çevik siyasət nümunəsi kimi baxmaq lazımdır. Biz bölgədəki və dünyadakı mövcud geosiyasi vəziyyəti, siyasi reallıqları nəzərə alaraq belə bir addımı atırıq. Bu da ilk növbədə Azərbaycanın öz maraq və mənafelərinə xidmət edir. Onsuz da iki ölkə arasında əvvəllər də tərəfdaşlıq münasibətləri vardı. Sözügedən bəyannamə isə bu münasibətləri daha da sistemli hala gətirəcək və qarşılıqlı əməkdaşlıq, müttəfiqlik münasibətlərimizdə tam aydınlıq yaradacaq. Şuşa Bəyannaməsindən sonra Rusiya ilə müttəfiqlik barəsində sənədin imzalanması Azərbaycana iki ən böyük qonşu ölkə ilə müttəfiqlik sayəsində öz təhlükəsizliyini maksimum etibarlı zəmanət altına almasına imkan verir. Odur ki, Moskva bəyannaməsi ilə Şuşa Bəyannaməsinə bir-birinə zidd olan sənədlər kimi yox, bir-birinin davamı kimi baxmağımızda fayda var. Bəyannamənin imzalanmasından sonra Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonası hesab edilən hissəsində separatçı, terrorçu qüvvələrlə bağlı yığılıb qalmış bir sıra məsələlər də tezliklə öz müsbət həllini tapacaq. Bir sözlə, 40-a qədər bəndin yer aldığı bu sənəd qarşılıqlı fəaliyyətin geniş aspektlərini əhatə edir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri