Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkələrimizin sıx əməkdaşlığı, Ermənistanla sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq



Newscenter.az.23.02.2022. 1991-ci ildə SSRİ-n süqutundan sonra bir sıra müttəfiq respublikalarda milli zəmində münaqişələr baş verdi. (yaxud süni şəkildə təşkil edildi). Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ, Gürcüstan-Abxaziya, Gürcüstan-Cənubi Osetiya, Moldova-Dnestryanı region, məhz bu qəbildən olan münaqişələrdir və 30 il keçməsinə baxmayaraq, həllini tapmır.

Rusiya Federasiyası ilə Ukrayna arasında gedən mübarizə isə, yuxarıdakılardan fərqli olaraq, tarixi, ideoloji, coğrafi, ərazi, psixoloji ziddiyyətlərə əsaslanır. Ötən əsrin 90-cı illərində, keçmiş superdövlətin bütün respublikalarında olduğu kimi, Ukraynada, elə də Rusiyada vahid dövlət ideologiyasının olmaması, millətçilərin, populist siyasətçilərin, bir çox hallarda kriminal elementlərin müxtəlif dövlət idarəetmə sistemlərində sirayət etmələri ilə nəticələndi. Məsələn, Ukraynanın şimal-qərb vilayətlərində təbliğ olunan milli ideologiya, tarixi qəhrəmanlar, cənub-şərq üçün düşmən olaraq qəbul olunurdular. Və yaxud tam əksinə. Vahid dövlət ideologiyasının olmaması, cəmiyyətin parçalanmasına, bəzi hallarda düşmənçiliyiə gətirib çıxardı. 30 il ərzində bir ölkədə yaşayan, amma fərqli dəyərlərlə tərbiyə olunmuş milyonlarla insan bir-birinə düşmən kəsildi. Müxtəlif siyasi hakimiyyətlər tərəfindən isə, öz vətəndaşları arasında ayrı-seçkilik siyasəti aparıldı. Növbəliliklə, gah Qərbyönümlü, gah da Rusiyayönümlü dövlət başçılarının praqmatizmdən uzaq, cəmiyyəti birləşdirməkdən daha çox konfrantasiyaya xidmət edən siyasətləri isə, geniş əhali kütlələri arasında çaşqınlıq yaradırdı. Nəticəsi özünü çox gözlətmədi.

2014- cü ildə ideoloji düşmənçilik aktiv fazaya keçdi. Krım yarımadası anneksiya olundu, Donbas və Luqansk vilayətləri Kiyev hökumətini tanımadıqlarını elan etdilər. İki qardaş xalq arasında başlayan müharibə, hər iki tərəfdən minlərlə insanın həlak olmasına səbəb oldu.
Hər zaman olduğu kimi, beynəlxalq təşkilatlar, qlobal güclər müxtəlif formatlarda yığışır, kəskin bəyanatlar verilir, münaqişənin nizamlanması adı altında imitasiya ilə məşğul olurlar. Əslində isə, hər biri , vasitəçilik adı ilə, dövlətlərin qarşıdurmasından öz iqtisadi, geosiyasi maraqlarını təmin etmək, yararlanmaq üçün istifadə edir. Ukrayna-Rusiya qarşıdurmasında da eyni hal təkrar olundu. 1994-cü ildə imzalanmış Budapeşt memorandumuna görə, Ukrayna nüvə silahından imtina etmişdir və ABŞ, Böyük Britaniya, Rusiya isə, əvəzində ölkənin ərazi bütövlüyünə qarant durmuşdular. Çox təəssüflər olsun ki, burada da beynəlxalq hüququn normaları işləmədi. Ukrayna ərazisinin müəyyən hissəsini itirdi.
Bütün bunları xatırlamaqda məqsədim ondan ibarətdir ki, dünən “DXR” və “LXR” ilə RF arasında imzalanmış müqavilələr, beynəlxalq münasibətlər sistemində əməlli-başlı çaxnaşma yaratmış, yeni nizam, reallıqlar gətirmişdir. Təbii olaraq, bu hadisələrin dolayısı ilə, regionumuza aidiyyəti var. Nəzərə almaq lazımdır ki, Ermənistanla sülh müqaviləsi bağlanmamış, Qarabağdakı erməni terrorçuları tərk-silah olunmamışdır. Qardaş Türkiyə ilə tarixi “Şuşa Bəyannaməsi” imzalanmışdır. Bir ay bundan öncə Prezidentimizin məhsuldar Ukrayna səfəri baş tutmuşdur. Azərbaycanın apardığı müstəqil siyasət, ələlxüsus, qardaş ölkənin regiona cəlb olunması, müəyyən dairələr tərəfindən qıcıq doğurduğu heç kim üçün sirr deyil. Bu gün isə, belə bir mürəkkəb vaxtda, RF ilə strateji müttəfiqlik haqqında müqaviləsi imzalanır. Etriraf etməliyik ki, biri-birinə zidd siyasi düşərgələrdə təmsil olunan, hər birisinin özünəməxsus geosiyasi maraqları olan böyük qüvvələri bir araya gətirməklə, milli maraqlarını, ərazi bütövlüyünü təmin etmək, olduqca müşkül bir məsələdir.

Bu gün Azərbaycan və Rusiya Prezidentləri arasında 5 saata qədər davam edən görüş keçirildi və strateji müttəfiqliklə bağlı bəyannamə imzalandı. Hələlik məlum olan odur ki, 43 bənddən ibarət sənəd ölkəmizin milli maraqlarına tam cavab verir.

Ölkə başçımız, mətbuat konfransında, post-münaqişə vəziyyətinə toxunaraq bildirdi ki, Ermənistan əldə olunmuş razılıqlara riayət etməli, əməkdaşlığa başlamalı, Qarabağ ərazisindən erməni silahlılarını çıxarmalıdır. Burada Rusiya ilə əməkdaşlığın müsbət nəticələri olacağına inandığını bildirdi.

Vladimir Putin mətbuatda, sosial şəbəkələrdə hallandırılan, imperiyanın bərpası məsələsi ilə bağlı açıq şəkildə bəyan etdi ki, belə bir fikir yoxdur, biz mövcud geosiyasi reallıqları qəbul edirik.

Yekunda onu da qeyd etmək istərdim ki, dahi Mustafa Kamal Atatürk o dövrün Türkiyə xarici işlər nazirinə etdiyi 5 tövsiyyədən birində qeyd edirdi ki, “ çalışın, ciddi səbəb olmadan Rusiyanı qıcıqlandırmayın”.

Tarixi proseslər sübut edir ki, böyük dövlətlərin qarşıdurmasında, ən çox əziyyət çəkən, zərər görən kiçik dövlətlərdir. Əksər hallarda, kiçik dövlətlər, siyasi bazarlıq predmetinə çevrilir, qurban verilir. Nəticədə milyonlarla insan öz vətənlərindən qaçqın düşür, yüz illərlə qurulmuş dövlətlər dağılır.

Bütün bunların olmaması üçün, dövlət başçılarından yüksək, bilik, intellekt, prosesləri zərgər dəqiqliyi ilə düzgün təhlil etmək və nəticə çıxarmaq tələb olunur. Azərbaycan xalqının bəxti onda gətirdi ki, belə mürəkkəb şəraitdə İlham Əliyev kimi, Lideri var. Böyük siyasətdə buraxılmış cüzi səhv, faciələrə səbəb ola bilər.

Rusiya Federasiyasının atdığı son addımlar, şübhəsiz Qərb dairələrinin bu ölkəyə qarşı təzyiqlərin artacağını, yeni iqtisadi, maliyyə sanksiyaların tətbiq olunacağını şərtləndirir. Bu sanksiyalar şimal qonşumuzun iqtisadiyyatına ciddi zərər vuracaq. Yaxın bir neçə ildə münasibətlərin nizamlanması qeyri-mümkündür. Belə olan halda Azərbaycanın bu ölkə üçün, eyni zamanda region üçün, əhəmiyyəti daha da artacaqdır. Düşünürəm ki, ölkələrimizin sıx əməkdaşlığı, Ermənistanla sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaqdır.

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş