Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarşılıqlı etimad BƏYANNAMƏSİ



Newscenter.az.24.02.2022. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən fevralın 22-də Moskvada izlalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə haqqında ictimaiyyətin kifayət qədər geniş məlumatı vardır, ona görə də, bu tarixi sazişin bəndləri barədə uzun-uzadı şərh verməyə ehtiyac duymuram. Ancaq bəzi şəxslərin sazişin siyasi-iqtisadi-humanitar məzmununu məqsədli şəkildə təhrif etməsi və cəmiyyətdə süni şəkildə ajiotaj yaratmaq cəhdlərini nəzərə alaraq Bəyannamədə Azərbaycan üçün fundamental əhəmiyyət kəsb edən bir sıra strateji məqamlara toxunmağı vacib hesab edirəm.

İlk öncə, onu xüsusi olaraq vurğulamaq lazımdır ki, Müttəfiqlik Bəyannaməsi Azərbaycan və Rusiya arasında ən yaxın dostluğun və səmimi münasibətlərin nümunəsidir. Sənəd hər iki ölkənin qarşılıqlı dövlət maraqlarını tam şəkildə ifadə edir və tərəflərin bərabərhüquqlu siyasi mövqeyinə uyğundur. Sənəddə də bəyan edildiyi ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Bəyannamənin 1-5-ci bəndləri Azərbaycanın öz suverneliyini daha da möhkəmləndirmək, ərazi bütövlüyünə qarşı təhdidləri tamamilə neytrallaşdırmaq baxımındam mükəmməl hüquqi zəmin yaradır.

Bəyannamənin 9-cu bəndi çox mühüm strateji maraqlarımızı ifadə edir. Həmin bənddə qeyd olunub ki, Moskva və Bakı imzalanmış üçtərəfli razılaşmaların – 10 noyabr, 11 yanvar və 26 noyabr sazişlərinin icrasına dəstək verəcəklər. Bu, Azərbaycanın bölgədə yeni geosiyasi reallıqlar yaratmaq planlarına, Zəngəzur dəhlizinin açılması istiqamətində yürütdüyü qətiyyətli siyasətə tam dəstəyin ifadəsidir.

Bəyannamənin 10-ci bəndində qeyd edilir ki, tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər. Bu, ona əsas verir ki, Azərbaycan erməni qoşunların Qarabağdan çıxarılmasına, kommunikasiyaların açılmasına, sərhədin delimitasiya-demarkasiyasının yekunlaşmasına və yekun sülh sazişinin imzalanmasına Rusiyadan bütün siyasi dəstəyi əldə edir. Bu, çox mühüm strateji siyasi divident deməkdir

Yaxud, 11-ci və 16-cı bənddə vurğulandığı kimi tərəflər sülhün və sabitliyin qorunub saxlanması məqsədilə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında bir-birinə hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər. Bu revanşist ermənilərin Azərbaycanın milli maraqlarına, suverenliyinə qarşı təxribatların qarçısını almağa, Ermənistanın hansısa işğalçılıq niyyətləri olduğu zaman dərhal ən qətiyyətli tədbir görməkdə Rusiyanın hərbi dəstəyinin əldə edilməsi demıəkdir.

Həmçinin, Bəyannamənin 18-ci bəndində əks olunmuş (Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə və s. mübarizədə səylərini birləşdirirlər) hüquqi istinad Rusiyanın bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığına hörmət edərək Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycanın daxili məsələsi olduğu faktını qəbul etidiyini və bununla da ölkəmizin ekstremistlərin yerləşdiyi ərazilərdə anti-terror əməliyyatları aparmasına razılığını ifadə edir. Bu, həm də Azərbaycanın doğma Qarabağ üzərində öz legitimliyinə sahib çıxmağı daha da möhkəmləndirir.

Yeri gəlmişkən, Cənab İlham Əliyev Kremldə mətbuata açıqlamasında qətiyyətli bəyant verərək bildirdi ki, “Biz Ermənistan tərəfinin 10 noyabr bəyannaməsinin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndini yerinə yetirəcəyini gözləyirik”.
Beləliklə, Azərbaycan Prezidenti Müttəfiqlik Bəyannəməsini imzalamaqla müdrik və ağıllı siyasət yürüddüyünü və mürəkkəb geosiyasi güclərin qütbləşməsinin dərinləşdiyi dövrlərdə balansı tam qorumağa nail olmuş olur.

Müttəfiqlik sazişinin imzalanması Ermənistan üçün də zərbə deməkdir. İndiyə qədər Rusiya ilə müttəfiqlik münasibətlərində olan Ermənistan belə bir sənədin Azərbaycanla imzalanmasını heç də istəməzdi. Çünki, Rusiyanın regional hərbi məsələlərdə Azərbaycanın maraqlarına cavab vedrən mövqe sərgiləməsi Yerevan üçün arzuolunan deyil. Bunu Vətən müharibəsi zamanı Rusiyanın mövqeyi zamanı gördük, Moskva əməliyyatların Azərbaycan ərazilərində getdiyini bəyan edərək ermənilərin gözləntilərinin üstündən xətt çəkdi, digər həmsədr ölkə olan Fransa kimi açıq ermənipərəst mövqe tutmadı. Rəsmi Moskva münaqişədə neytral mövqe tutdu və Azərbaycanın haqq işinə maneçilik törətmədi, ərazi bütövlüyümüzə xələl gətirən siyasi xətt yürütmədi. İndi bu siyasət daha uzunömürülü və daha möhkəm olacaq.
Bütün bunların baş verməməsinin ən başlıca səbəbləri isə dediyimiz kimi, Rusiya ilə qurulmuş strateji tərəfdaşlıq əlaqələri, iki ölkə başçısı arasında səmimi dostluq münasibətləridir.

Beləliklə, Rusiya ilə imzalanan Müttəfiqlik Bəyannmaəsinin 43 bəndinin hər biri Azərbaycanın milli maraqlarına və gələcək strateji hədəflərinə tamamilə uyğundur.

Onu da nəzərə almaq lazımdır ki, Bəyannamədə Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərindəki yüksək dinamizmin ruhuna hər hansı bir tərzdə təsir edə biləcək heç bir hüquqi istinadlar yoxdur. Ona görə də, ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin gələcək icrasından narahatlıq keçirməyə əsas yoxdur və Azərbaycan-Türkiyə sarsılma qardaşlığı tamamilə başqa siyasi məzmun daşıyır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş