"Ayaz Mütəllibov vertolyotla parlament binasından qaçacaqdı"
Newscenter.az.24.02.2022. Erməni silahlı birləşmələrinin XX əsrin 90-cı illərində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın 30 ili tamam olur. Söhbət 1992-ci ilin fevral ayının 26-da Xocalıda insanlıq əleyhinə törədilən cinayət, soyqırımdan gedir.
Ötən 30 ildə bu istiqamətdə aparılan təhlillər, ortaya çıxan bəzi faktlar onu deməyə əsas verib ki, ermənilərin Xocalıda həyata keçirdikləri vəhişilik, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın dünya ictimaiyyətinə çatdırılmasına elə ilk növbədə o vaxtkı respublika rəhbərliyi mane olub. Xocalıda xırda bir qarşıdurmanın baş verdiyi, cəmi bir neçə nəfərin həlak olduğu barədə rəsmi mətbuatda dərc edilən məlumatlardan əlavə ölkə ictimaiyyətinə hər hansı bir informasiyanın verilməsinə lüzum görməyən Mütəllibov hakimiyyəti ciddi cəhdlə Xocalıda törədilən vəhşilikləri Azərbaycan xalqından gizlətməyə çalışıb. Elə həmin dövrdə ölkənin ictimai-siyasi həyatında fəal rol oynamış, sabiq millət vəkili Cahangir Hüseynov da bu qənaətdədir. Məlumat üçün qeyd edək ki, Cahangir Hüseynov həmin ərəfədə Ağdaş rayonu milis idarəsinin rəisi vəzifəsində çalışmaqla bərabər, həm də Ali Sovetin deputatı olub. Cahangir Hüseynov həmin günləri belə xatırlayır:
"Həmin vaxtlar istər ölkə daxilindəki siyasi vəziyyət, istərsə də Qarabağ cəbhəsindəki durum çox ağır idi. Daxili siyasi mübarizə düşmənlə ön cəbhədə üz-üzə dayanan Azərbaycan Ordusunu köməksiz vəziyyətdə qoymuşdu. Ona görə də biz müntəzəm olaraq Ağdaş rayon milis idarəsinin əməkdaşları olaraq topladığımız vəsait hesabına ön xətdə olan əsgərlərimiz üçün lazım olan ərzaq, eləcə də digər vacib şeylər alaraq Qarabağa səfərlər edirdik. 1992-ci il, fevral ayının əvvəllərində də bir sıra ərzaq məhsulları, silah-sursat toplayaraq Ağdama qərargaha getdik".
Cahangir Hüseynov deyib ki, Ağdama səfər zamanı həm rayonun milis rəisi olan İslam Paşayevlə görüşü və apardığı söhbət, həm də Şuşanın mili rəisi, mərhum Vidadi Bayramovla telefon əlaqəsi vasitəsilə əldə etdiyi bilgilər Şuşa istiqamətində vəziyyətin son dərəcə ağır olduğu qənaətini formalaşdırıb. Sabiq millət vəkili Ağdamdan birbaşa Bakıya gələrək Qarabağ cəbhəsində yaranmış ağır durum barədə respublika rəhbərliyini məlumatlandırmağı düşünür. Lakin o zamankı rəhbərlik bütün bu narahatçılıqları qulaqardına vuraraq xalqda belə bir fikir formalaşdırmağa çalışır ki, Qarabağda hər şey nəzarət altındadır.
Cahangir Hüseynov onu da qeyd edir ki, Bakıdan milis rəisi çalışdığı Ağdaş rayonuna qayıdıb işə çıxan gün respublika Daxili İşlər Nazirliyinin Xocalıda baş verən insdentlə bağlı yaydığı məlumatla tanış olur:
"Fevralın 26-da işə qayıdanda Daxili İşlər Nazirliyinin yaymış olduğu məlumata əsasən öyrəndik ki, ermənilər Xocalıda cinayət törədib və 2 azərbaycanlımı qətlə yetiriblər. Dərhal Ağdam qərargahı ilə telefon əlaqəsi yaratdım və bildirdilər ki, vəziyyət olduqca acınacaqlı və ağırdır. Ancaq ölü sayı, orada baş verən ağır cinayət və vəhşilik barədə ətraflı məlumat verilmədi. Ancaq hiss etdim ki, vəziyyət doğurdan da ağırdır və ətraflı məlumat almaq üçün Daxili İşlər Nazirliyinin növbətçi hissəsi ilə əlaqə saxladım. Oradan da yalnız DİN-in rəsmi məlumatını verdilər və bildirdilər ki, heç bir narahatçılıq yoxdur və cəmi iki nəfər həlak olub. Ancaq Xocalıda ermənilərin törətdikləri vəhşiliklər barədə müəyyən söhbətlər gəzirdi və bir narahatçılıq vardı".
Ali Sovetin 1992-ci il, mart sessiyası barədə danışan sabiq millət vəkili bildirib ki, mart ayının 2-də Ali Sovetin iclası çağırılır. Lakin iclas zamanı ciddi gərginliklər yaşanır. Belə ki, Ali Sovetin iclasında mərhum jurnalist Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrların nümayiş olunması tələb edilsə də, lakin Ali Sovetin rəhbərliyi buna ciddi cəhdlə qarşı çıxdı:
"Lakin səsvermədən sonra çox çətinliklə də olsa qərar qəbul edildi ki, həmin kadrlar nümayiş olunsun. Həmin kadrların nümayiş etdirilməsindən deputatlar hədsiz dərəcədə dəhşətə gəldilər. Kadrlardan hiss olunurdu ki ermənilər Xocalıda əsl cinayət törədib və xalqımıza qarşı soyqırım həyata keçiriblər. Hətta qətlə yetirdikləri insanların meyitlərinə qarşı da qeyri-insani hərəkət edərək onları tanınmaz hala salmışdılar".
Cahangir Hüseynov onu da deyib ki, Ali Sovetin iclası keçirilən ərəfədə on minlərlə insan binanın ətrafına toplaşaraq parlamenti mühasirəyə alıb, deputatların binadan çıxmasına imkan verməyib, həyəcanla baş verənləri, Ali Sovetin çıxaracağı qərarları gözləyirdi:
"O zamankı respublika rəhbərliyi ciddi cəhdlə çalışırdı ki, bu hadisələri ört-basdır etsin və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri xalqdan gizlətsin. Respublika rəhbərliyinin o zaman hansı səbəbdən belə bir mövqe nümayiş etdirdiyi bizim üçün qaranlıq qalırdı. Ali Sovetin iclası zamanı mən tribunaya çıxaraq nədən belə bir mövqe ortaya qoyulduğunu soruşdum. Ayaz Mütəllibov özü də həmin iclasda iştirak edirdi. Çıxışım zamanı Qarabağda vəziyyətin doğrudan da acınacaqlı olduğunu bildirdim. Həmçinin telefon danışığı etdiyim şəxslərin narahatçılıqlarını Ali Sovet rəhbərliyinin diqqətinə çatdırdım. Onu da qeyd etdim ki, vəziyyət belə davam etsə, tədricən Şuşa və digər ərazilərimiz da ermənilər tərəfindən işğal ediləcək. Ona görə də təklif etdim ki, iqtidar və müxalifətdən asılı olmayaraq hər kəs bir vahid cəbhədə birləşib Dağlıq Qarabağı müdafiə etməliyik. Çıxışım zamanı onu da vurğuladım ki, Heydər Əliyev belə bir vaxtda hakimiyyətə dəvət edilıməli, onun siyasi təcrübəsi, zəkası, idarəetmə bacarığından istifadə olunmalıdır. Həmin çıxışım o vaxt respublikada işıq üzü görən bir sıra qəzetlərdə, eləcə də dövlət televiziyasında yayımlandı".
Cahangir Hüseynov bir maraqlı faktı da açıqlayıb. Bildirib ki, Ali Sovetin gərgin iclasları keçirilən zaman parlament binası xalq kütlələri tərəfindən mühasirəyə alındığı üçün respublika rəhbərliyi, konkret olaraq Ayaz Mütəllibov binanı tərk edə bilməyib. Belə olan vəziyyətdə Mütəllibovu vertolyotla parlament binasından uzaqlaşdırmaq qərara alınıb:
"O vaxt Bakı Şəhər Baş Polis İdarəsinin rəisi və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirdi ki, Ali Sovetin binasının üstünə vertolyot enəcək və Ayaz Mütəllibov vertolyot vasitəsilə binanı tərk edəcək. Yəni, Ayaz Mütəllibov vertolyotla parlament binasından qaçacaqdı. Onda mən ciddi cəhdlə bu plana qarşı çıxdım və hər iki şəxsi həmin qərardan döndərə bildim. Fikrimi onunla əsaslandırdım ki, onsuz da hiddətlənmiş xalq kütlələri Ayaz Mütəllibovun binanı tərk etməsindən sonra daha da aqressivləşər və binadan bir nəfərin sağ çıxmasına imkan verməzlər. Ona görə də ən yaxşı variant müzakirələr aparıb müəyyən qərarlar qəbul etmək və həmin qərarlar barədə xalqı məlumatlandırmaqdır".
Cahangir Hüseynov onu da deyib ki, həmin fövqəladə iclas zamanı Ali Sovetdəki çıxışı respublika rəhbərliyi tərəfindın nəzərə alınsa və ümummilli lider Heydər Əliyev həmin ərəfədə siyasi hakimiyyətə dəvət edilsəydi, bu qədər də böyük bəlalarımız, itkilərimiz, ərazilərimizin işğal olunması kimi mənfi tendensiyalar baş verməzdi:
"Düzdür, mənin həmin sessiyadakı çıxışım əksəriyyət tərəfindən bəyənilsə də, lakin o zamankı respublika rəhbərliyini qane etməmişdi. Çünki Heydər Əliyev şəxsiyyəti, fenomeni o zaman Mütəllibov hakimiyyəti üçün ciddi təhlükə hesab edilirdi. Ona görə də Mütəllibov hakimiyyəti hər vəchlə Heydər Əliyevin Bakıya yolunu bağlamağa çalışırdı".