Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyətinin inkişafı

Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyətinin inkişafı


Newscenter.az.26.02.2022. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə” imzalanmışdır. Bəyannamə Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri, dəyişən dünya siyasi arenasındakı yeniliklərin qiymətləndirilməsi istiqamətində xüsusi əhəmiyyət daşıyır. Bəyannamənin imzalanması cəmiyyət tərəfindən müxtəlif fikirlərin səsləndirilməsinə əsas versə də, bu vəziyyətdə düzgün fikir yürütmək üçün Azərbaycan Respublikasının yürütdüyü xarici siyasətini dərindən analiz etməliyik.

Bugün Azərbaycan öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktik addımlar bunu təsdiq edir. Bu istiqamətdə qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsi və daha uğurlu istiqamətdə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amilin böyük rol oynamasının canlı şahidi olduq. Prezident 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq demişdir: “ Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edər?” Müasir dövrün tarixi hadisələrinə nəzər yetirsək, görərik ki, qonşu dövlətlərlə münasibətlərin əhəmiyyəti bir dövlətin həm daxili, həm də xarici inkişafını təmin edən əsas faktor kimi özünü göstərir. Azərbaycan qonşuluğunda mövcud olan bütün dövlətlərlə qarşılıqlı inam, sülh şəraitində yaşama siyasəti yürüdür.

2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ni imzalamışdır. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə və Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri də yüksək səviyyədədir. Çoxşahəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xəttlə inkişaf edir. Azərbaycanın Avropa enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. NATO ilə münasibətlər uğurla inkişaf etdirilir. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verir.

Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Xüsusilə qeyd etməliyik ki, Cənubi Qafqaz münasibətlərində Azərbaycanın siyasi arenada çəkisinin artması, digər dövlətlərin Azərbaycanla münasibətinə güclü təsir göstərir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edən əsas məsələdir. Azərbaycan digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün səylərini bu istiqamətdə davam etdirəcək.

Ümumilikdə 43 maddəni əhatə edən bəyannamə əsasən Rusiya-Azərbaycan münasibətlərini yüksələn istiqamətdə daha da inkişaf etməsini təmin edəcək. Bəyannamənin birinci bəndinə diqqət etsək görərik ki, dövlət suverenliyinin qorunması, ərazi bütövlüyünün toxunulmazlığı məsələsi qeyd edilmişdir. Bu yaranan əsassız fikirlərin əhəmiyyətini itirir. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür.

Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Ümumilikdə Moskva Bəyannaməsinin əhəmiyyəti Azərbaycan üçün böyükdür. Rusiya Federasiyası dünyanın ən böyük güc mərkəzlərindən biri hesab edilir. Dünya dövlətləri beynəlxlaq münasibətlərin inkişafında Rusiya Federasiyası ilə həmişə hesablaşmışdır. Məsələyə bu istiqamətdən baxdıqda Rusiya Federasiyası ilə münasibətlərin müttəfiqlik istiqamətində irəliləməsi, rəsmi Moskvanın Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü məsələsini dəstəkləməsi, bunu yeni bir sənədlə təsdiq etməsi Azərbaycan Respublikasının xarici siyasətində böyük uğur kimi qiymətləndirə bilərik.

Bakı şəhəri 156 nömrəli tam orta məktəbin direktoru:
Gülər İsmayılova
Xəbəri paylaş