Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin sanksiyaları daha çox kimə ziyan verir?



Newscenter.az.7.03.2022. Xəbər saytlarının məlumatına görə, bu gün təbii qazın qiyməti 4000, neftin dəyəri isə 130 dollar olub. Şübhəsiz, bu qiymətlərin son hədd olmadığı aydın məsələdir. Əslində, hər gün belə xəbərlər yayımlansa da, indiki məqamda diqqət çəkməsinin əsas səbəbi Rusiya-Ukrayna münaqişəsi və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsi ilə əlaqədardır.

Sosial şəbəkələrdə bir çoxları, xüsusilə də radikal müxalifət sevinə-sevinə Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsindən, Rusiyada iqtisadi vəziyyətin ağırlaşmasından yazırlar, sevinc göz yaşları içində rusların aclıq çəkməsindən danışırlar. Amma sanksiyaların bumeranq effektindən, onları maliyyələşdirən Qərbin özünə mənfi təsirindən heç yazmırlar. Yəqin ki, sərf etmir? Amma bu barədə də danışmaq lazımdır...

Bir daha xatırladım ki, bu gün təbii qazın qiyməti 4000, neftin dəyəri isə 130 dollar olub. Avrasiya məkanında da ən böyük neft və qaz hasilatçılarından, ixracatçılarından Rusiyadır. Rusiyanın da ən böyük alıcısı elə ona sanksiya tətbiq edən Avropa Birliyi ölkələridir. Məsələn, Avropa ölkələri il ərzində 400 milyard kubmetr qaz idxal edirlər. Bunun təxminən 200 milyard kubmetri Rusiya qazıdır. Eyni zamanda, Avropa ölkələri gündəlik olaraq Rusiyadan 3.5 milyon barrel neft alırlar.

Bu gün əgər Avropa İttifaqında Rusiya qazından asılılıq ortalama 40 faizdirsə, Latviya, Estoniya, Çexiya, Finlandiya, Macarıstan, Slovakiya, Bolqarıstan kimi ölkələrdə bu rəqəm 100 faizdir. Ona görə də, yaxın zamanlarda Avropa ölkələrinin Rusiyanın enerji komponentlərini əvəzləyəcək mənbə tapması da real görünmür. Çünki hazırda Avropa ölkələri üçün Rusiyadan sonra ən böyük ixracatçı Norveçdir. Norveç Avropa ölkələrinin qaza olan tələbatının 22 faizini təchiz edir. Amma bu rəqəm yaxın illərdə 10 faizə düşəcək. Avropa bazarına 10 milyard kubmetr (bu rəqəm artacaq) qaz təminatı ilə daxil olan Azərbaycanın da bu məsələdə öz payı var. Lakin reallıq odur ki, ən böyük təchizatçı Rusiyadır.

Başqa bir məqam da ondan ibarətdir ki, Avropada qaz və neft ehtiyatları tükənmək üzrədir. Hazırda Aİ-nin 27 ölkəsi üzrə 30 milyondan çox insan evində normal istilik ala bilmir. Lakin bir sıra ekspertlərin təxmininə görə hazırda Avropada 50 milyondan 125 milyona qədər insan “enerji yoxsulluğu” içərisindədir.

Bütün deyilən məqamları təhlil edərkən bir neçə sual aktuallaşmağa başlayır:

1. Qərbin sanksiyaları daha çox kimə ziyan verir?
2. Sanksiyalar mühitinin Rusiyadan aldığı, yoxsa qazandırdığı çoxdur?

Heç şübhəsiz ki, ilkin mərhələdə sanksiyalar Rusiyaya zərbə vura bilər. Lakin enerji komponentlərinin qiymətinin belə sürətlə bahalaşması Rusiyanın gəlirlərini artıracaq ki, bu da itirilənlərin kompensasiyasına şərait yaradacaq. Bəs, o zaman Avropa İttifaqı bundan nə qazanacaq? Halbuki, Avropa İttifaqı ölkələri Rusiyaya kobud hesablamalarla neftin alışına görə gündəlik 455 milyon dollar, qazın idxalına görə isə 2.2 milyard dollar ödəyir. Ukraynada müharibənin başlandığı 13 gün ərzində Rusiyanın gəlirləri təxminən 33 milyard dollar olub.

Bu rəqəmlər ətrafında kimlərsə mübahisə edə bilərlər. Amma bu reallıqdır və başqa məqam da odur ki, sanksiyalar nəticəsində ABŞ protektoratlığı altında olan şirkətlər Rusiya kimi böyük bazarı itiriblər. Bu məsələdə də itirən elə həmin şirkətlər olublar. Çünki çox çəkməyəcək həmin şirkətlərin yerini Çin, Hindistan kimi ölkələrin şirkətləri tutacaq.

Bir sözlə, bu yazı da Rusiya-Ukrayna münaqişəsindən irəli gələn mövzulara həsr olunub. Məqsəd də insanları sosial şəbəkələr vasitəsilə aldadan Əli Kərimli, Tofiq Yaqublu kimi radikal müxalifəti ifşa etməkdir, onların təbliğatının yalan olduğunu nümayiş etdirməkdir. O ki qaldı sabit düşüncəli insanlara, onlar özləri yazını oxuyub, təhlillər aparıb fikir bildirməsi daha xoş qarşılanan hal olardı...

Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri
Xəbəri paylaş