Newscenter.az.7.03.2022. Putin Ukraynaya qarşı işğalçı müharibəni həm də ona görə başlatdı ki:
1. Müharibə ona daxili opponentlərini - ordunu və oliqarxiyanı zəiflətməyə imkan verməli idi.
2. Çinlə sinxronlaşdırılmış hərəkəti imitasiya edərək Qərblə mübadiləyə getmək.
3. Ölkədəki ictimai-siyasi vəziyyəti tam nəzarətə götürmək.
4. Onun "SSRİ-nin bərpası" layihəsinə həvəssis yanaşan postsovet ölkələri təhdid etmək.
5. "Daxili" dənizləri (Qara dənizi və ardınca da Xəzəri) tam nəzarətə götürmək.
Ardıcıllıqdakı 1-ci bənd yeni deyil. Hələ 1999-cu ilin sonunda de facto hakimiyyətə gələn Putin (hələ baş nazir ikən) təxribatlar törədərək qanlı və üzücü İkinci Çeçen Mühribəsinə start verdi.
O zaman bu, müharibə Putinə həm hakimiyyətə gəlmək, həm də möhkəmlənmək üçün lazım idi.
1999-cu ilin avqustunda çeçenlərin Dağıstana hücumu və ardınca da həmin ilin sentyabr ayında 300 dinc sakinin qətli ilə nəticələnən Buynakskda, Volqodonskda və Moskvada yaşayış evlərinin partladılması 10 il davam edəcək müharibəyə başlamaq üçün əsas olmuşdu.
Sonrakı təhqiqatlar göstərəcəkdi ki, çeçenlərin törəddiyi iddia edilən ev partlayışları Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təşkil olunmuşdur. Yəni, Putinin baş nazir təyin olunanadək rəhbərlik etdiyi qurumun. Bunu o zaman Rusiya DİN-nin rəhbəri olmuş Vladimir Ruşaylo şəxsən təsdiq etmişdi.
Rusiya ordusunun İkinci Çeçen Müharibəsinə cəlb olunmuş əsas elit hissələri - Tamansk motoatıcı, Kantemirov tank və Pskov hava-desant diviziyaları, həmçinin də Uzaq Şərq dəniz piyadaları korpusu həmin müharibədə faktiki darmadağın edilmişdi. Eynilə bu gün Ukraynada olduğu kimi, bir o fərqlə ki, 10 gün deyil, 2-3 il ərzində.
Amma məsələ bununla bitmirdi. Bu uğursuz savaşın ardınca Putin 100-dən artıq generalı ordudan kənarlaşdıracaqdı. Eyni zamanda bir-birinin ardınca orduya heç bir aidiyyatı olmayan 3 şəxs nazir təyin olunacaqdı: Sergey İvanov (KGB-FSB), Anatoliy Serdyukov (biznes və vergilər) və Sergey Şoyqu (Fövqəladə hallar).
Situasiya oxşardır, çünki bu gün Rusiya ordusu dirçəlib, təşkilatlanıb və özünün geniş şəbəkəsini qurub. Bura biznes strukturları, beyin mərkəzləri, banklar, ideoloji mərkəzlər, kəşfiyyat, media resursları və s. daxildir. Başqa sozlərlə, siyasi mübarizə aparmaq üçün zəruri olan infrastrukturun bütün institutları artıq yaradılıb.
Bu gün Rusiya ordusu 1999-cu ildə olduğundan daha güclüdür və daha yaxşı təkilatlanıb, ona görə də arxasında dayandığı qurumlar adından siyasi bəyanatlar verməkdən belə çəkinmir. Ondan qorunmağın və ona qalib gəlməyin ən əlverişli yolu isə ordunu yenidən müharibələrə çəkərək zəiflətmək, ardınca da yaradılmış strukturları dağıtmaqdır.
Bu yerdə haşiyə çıxım ki, ordudakı "müxalifətin" rəhbəri nazir Şoyqu olmaya bilər və çox güman ki, deyil də. Nəhəng Rusiya ordusunda bu işlərin arxasında dura biləcək yüzlərlə general və admirallar var. Bu gücün miqyasını təsəvvür etmək üçün Azərbaycandakı kriminal ordu rəhbərliyinin bugünkü müqavimətinə baxmaq kifayət edər.
Amma bu gün Rusiya ordusunu Ukraynadakı işağlçı müharibəyə cəlb etmək təkcə onu zəiflətmək üçün deyildi. Ordu daha azı 3 vəzifəni yerinə yetirməlidir: Ukraynanın sahil zolağını tam işğal etmək, dünyaya rus dövlətinin qəddar müharibə taktikasını nümayiş etdirmək və təbii ki, Putinin hərbi cinayətlərinin şəriki olmaq.
Putin belə davranışın sərt sanksiyalara səbəb olacağını hər kəsdən yaxşı bilirdi, amma onların öz hakimiyyətinə təsirinin az olacağını düşünürdü. İstisna deyil ki, bu məsələdə hədəfdə əsasən ayağa qalxmaqda olan və siyasətə maraq göstərməyə başlayan oliqarxiyanın olacağı təxmin edilirdi. Bu, vəzifə də qismən yerinə yetirildi.
Ukraynaya qarşı dağıdıcı işğalçı müharibə postsovet ölkələrin hakim dairələrində hökm sürən Rusiya xofunu bir qədər də dərinləşdirdi.
Müharibə həm də Rusiya hakimiyyətinə ölkənin daxilində sərt nəzarəti gücləndirmək üçün bəhanə vermiş oldu. İndi Rusiyada ehtiyatsız bir ifadəyə görə asanlıqla həbsxanaya düşmək olar.
Bununla Putinin repressiya maşını post-müharibə dönəmində sanksiyalar səbəbindən yaranacaq və artıq başlayan sosial etirazlara qarşı sərt addımlar atmağa da imkanlar əldə etmiş oldu. Ölkədə aparıcı müstəqil media resursları bloklandı, əsas sosail şəbəkələr məhdudlaşdırıldı və informasiya haqqında yeni qanun qəbul edildi.
Putinin Ukraynaya hərbi təcavüzünün nəticələrində maraqlı olan Çin isə belə görünür ki, Tayvanı işğal etmək planını hələlik təxirə salmalı və Rusiyaya tətbiq olunan ağır sanksiyaların nəticələrini gözləməli olacaq. Həm də onların aradan qaldırılması müddətini və şərtlərini. Tayvan qlobal maraqlar baxımından Ukraynadan dəfələrlə daha əhəmiyyətlidir.
Amma Putinin hesablamalarında ciddi yanlışlıqlar da vardı. Belə ki, Ukraynaya təcavüz Rusiyanın böyük səhvə yol verməsini illərdir gözləyən Qərbə (xüsusilə də ABŞ-a) öz planlarını həyata keçirmək üçün geniş imkanlar yaratdı. ABŞ pərakəndə Avroatlantik düşərgənin konsolidasiyası ilə yanaşı həm də Rusiyanı sanksiyalardan asılı vəziyyətə salmağa müvəffəq oldu.
İndi Moskvanı Vaşinqtonla ağır danışıqlar gözləyir. Putin özünün yaratdığı vəziyyətdən çıxmaq üçün ciddi güzəştlərə getməli olacaq. Qərbin danışıqlara münasibəti isə belədir ki, istənilən ziddiyyətlər, hətta müharibə də danışıqlar masası arxasında çözülür. Sual isə budur ki, ABŞ həmin danışıqları kiminlə paracaq: Putinlə yoxsa onun opponentləri ilə?
Bu sualın cavabı olduqca sadədir: Moskvada (Rusiyada) əsas söz sahibi kim olacaqsa, danışıqlar da onunla aparılacaq. İndi istisna deyil ki, Rusiyadan növbəti sürprizləri ölkədaxili (daha doğrusu, hakimiyyətdaxili) mübarizədən gözləmək lazım olacaq. Amma bunun üçün oncə işğalçı Ukrayna müharibəsi dayandırılmalıdır.
Əsas söz sahibinin müəyyənləşməsi də elə həmin müharibənin hansı şərtlər çərçivəsində dayandırılmasından asılı olacaq. Görünür, buna görə də Putin Vaşinqtona aparan yolları aramaqla məşğuldur. İsrail baş naziri Naftali Bennetin gözlənilməz Moskva səfərini bu kontekstdə şərh edənlər bəlkə də haqlıdırlar.
Amma burda da incə bir məqam var: Bennetin ölkəsinin ABŞ-Rusiya danışıqlarında vasitəçilik təşəbbüsü Vaşinqtonda xüsusi maraq doğurmaya da bilər. Hər halda İsrailə münasibətdə Bayden administrasiyasının mövqeyi Tramp administrasiyası ilə müqayisədə yumşaq desək, xeyli fərqlidir.
Görünür, elə Ukrayna prezidenti Zelenski də Bennetin təşəbbüsünə rədd cavabı verəndə bunu və bir sıra digər səbəbləri əsas götürmüşdü. Onlardan biri də elə İsrail mediasının özündə göstərilib. Dünənki sayında "The Jerusalem Post" qəzeti İsrailin keçmiş müdafiə naziri Moşe Yaalonun etirafını dərc edib (link şərhdə).
Keçmiş nazir etiraf edib ki, İsraillə Rusiya arasında hələ 2015-ci ildə Suriyadakı hərbi fəaliyyətin tənzimlənməsinə dair anlaşma əldə olunub. Moşe Yaalon həmin anlaşmada iştirak edərkən İsrailin Rusiya maraqlarına toxunmadan İrana və Hezbollaha qarşı əməliyyatlar aparacağına, Rusiya isə İsrail hava qüvvələrinin təhlükəsizliyinə təminat verib.
Eks nazir onu da bildirib ki, danışıqlarda müzakirə olunan Rusiya və İsrail pilotları arasında koordinasiya da anlaşmada öz əksini tapıb. Bu cür anlaşmanın mövcud olması Rusiyaya münasibətdə İsrailin tərəfsiz vasitəçi deyil, Moskvanın lobbiçisi olması anlamına gəlir. Görününr, Zelenski də bunu bilməmiş deyil.
İndi Rusiya qarşısında iki ağır vəzifə dayanır: Putinin başlatdığı dağıdıcı işğalçı müharibədən "üzüsulu" çıxmaq və ilkin mərhələdə sanksiyaların heç olmazsa qismən yumşaldılmasına nail olmaq. Bunun isə bədəlinin ağır olacağını artıq bu gün demək mümkündür. Əsas sual budur: Rusiya daxili siyasi sabitliyini qoruya biləcəkmi?
Çünki daxili sabitliyini təmin edə bilməyən ölkə ilə adətən heç bir danışıq aparılmır. Sadə səbəbdən: belə danışılarda əldə olunan anlaşmaya yalnız vəziyyətə nəzarət edən siyasi komanda və yalnız siyasi sabitliyin qorunduğu halda təminat verə bilər.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri