Newscenter.az.11.03.2022. Verilən açıqlamalardan belə məlum olur ki, dünən Antalyada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiya və Ukraynadan olan həmkarları- Sergey Lavrov və Dmitri Kulebanın iştirakı ilə keçirilən üçtərəfli görüş uğursuz olub. Həm Lavrov, həm də Kuleba atəşkəsin gündəmdə olmadığını bildirib. Və təbii ki, hər iki tərəf digərini ittiham edib.
Əlbəttə, Çavuşoğlu da bu nəticədən razı qalmayıb. Çünki o, vasitəçidir və bu görüşə böyük ümidlər var idi. Təsadüfi deyil ki, keçirilən mətbuat konfransında Türkiyə XİN başçısı növbəti oxşar görüşlərə də hazır olduğunu və vasitəçilik təşəbbüslərinin davam edəcəyini deyib.
Görünür, döyüşlər daha bir neçə gün davam edəcək. Amma bəzilərinin düşündüyü kimi, müharibənin uzun müddət çəkəcəyini ehtimal etmirəm. İndi ən kritik günlər, belə demək mümkünsə, pik həddir. İki ssenari mümkündür. Əgər Rusiya, həqiqətən, Ukraynanı işğal etmək istəyirsə, qarşıdakı günlərdə mümkün qədər sürətli davranmağa çalışacaq. Bunun üçün ən təhlükəli silahlardan, ən mənfur ritorikadan istifadə istisna deyil. Çünki zaman Kremlin əleyhinə işləyir. Qərbin tətbiq etdiyi sanksiyalar rəsmi Moskvanı getdikcə zəiflədir, işini çətinləşdirir. Kiyevin isə Avropa Birliyinə üzv olmaq məsələsi gündəmdədir. Ən vacibi: Ukraynada NATO canlı qüvvəsinin olub-olmamasından asılı olmayaraq Rusiya gördü ki, "bu həna o hənadan deyil". Rusiya, bəlkə də, tarixdə ilk dəfə məğlub olmaq təhlükəsi ilə üz- üzədir. Bu baxımdan da, ikinci variant gündəmə gəlir: tərəflərin ən qısa zamanda konsesusa gəlməsi. Moskva və Kiyev ikitərəfli danışıqların növbəti raundlarında razılıq əldə bilərlər. Və ya, ola bilsin, Türkiyədə yenə üçtərəfli danışıqlar keçirilsin. Çavuşoğlunun dünən dediyi kimi, bunun liderlər səviyyəsində olması da mümkündür.
İstənilən halda qarşıdakı 10 gündə ciddi proseslər baş verəcək. Nə Rusiyanın, nə də Ukraynanın savaşı daha uzun müddət davam etdirməyə taqəti qalıb. Müharibə yalnız bir halda: hər iki tərəfə açıq dəstəyin göstəriləcəyi, başqa sözlə, münaqişə iştirakçılarının sayının artması şərti ilə mümkündür ki, bu da üçüncü dünya savaşı deməkdir.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları mərkəzinin eksperti