Newscenter.az.11.03.2022. Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji kursu islahatlar və inkişafın bir-birini şərtləndirməsi ilə səciyyələnir. Dövlətimizin başçısı davamlı inkişafı islahat yolu ilə təmin edir. Dayanıqlı inkişaf isə zamanın çağırışlarına uyğun olaraq yeni islahatlar zərurəti meydana çıxarır. Ölkəmizdə islahatlar ardıcıl xarakter daşıyır, bütün sahələri əhatə etməklə Azərbaycanın milli gücünün artmasını şərtləndirir.
2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinə uyğun olaraq Milli Məclisin yeni tərkibdə formalaşması da islahatlar kursunun mühüm tərkib hissəsidir. Bu, eyni zamanda, çoxpartiyalı sistemin inkişafına yeni töhfədir. 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev çıxış etdi, Milli Məclisin sədri və sədrin müavinləri, parlament komitələrinin sədrləri seçildi, eyni zamanda, komitə sədrlərinin müavinləri təsdiq olundu. Dövlət başçısı iclasda dərinməzmunlu çıxışında qeyd etdi ki, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır.
Dövlətimizin başçısının siyasi iradəsi əsasında hakimiyyət tərəfindən siyasi dialoq təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsi də yeni siyasi münasibətlərin formalaşması, inkişafı baxımından xüsusi önəm kəsb edir. Təbii ki, siyasi dialoq prosesi ümummilli məsələdir, yəni daxili və xarici müstəvidə dövlətin maraqlarının qorunması baxımından vacib amildir. Eyni zamanda, siyasi dialoq genişmiqyaslı və dərinməzmunlu prosesdir. Bu, iqtidarın digər siyasi partiyalarla formal təmaslarını, yaxud hansısa konyuktur məsələlər ətrafında danışıqlarını əks etdirmir. Burada iki başlıca məqsəd müəyyənləşdirilib: siyasi sistemin daimi inkişafına nail olmaq və dövlətçilik maraqlarını müdafiə etmək. Azərbaycan iqtidarının dialoq fəlsəfəsinin əsasında bu tezis dayanır – hakimiyyət bu prosesə dövlətçilik maraqlarının qorunması naminə start verib. Təbii ki, öz fəaliyyətində milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr bu dialoq təklifinə müsbət yanaşırlar. Başqa sözlə, milli maraqları rəhbər tutan müxalifət partiyaları hakimiyyətin islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə edirlər. Azərbaycan Prezidenti “Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var” ,- deyə qeyd edib.
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar çərçivəsində start verilmiş siyasi dialoq prosesinin təkmilləşdirilməsi, bu istiqamətdə münasibətlərin sağlam zəmində qurulması və inkişafı baxımından çox əhəmiyyətlidir. Artıq ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb. Bu gün ən müxtəlif mövzular ətrafında siyasi partiyalarla açıq, şəffaf, fikir plüralizmi şəraitində müzakirələr aparılır. Bu amil son dərəcədə əhəmiyyətlidir, siyasi islahatların və əməkdaşlığın tərkib hissəsidir. Siyasi dialoqun önəmini biz Vətən müharibəsi zamanı da aydın şəkildə gördük. Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində iqtidarı, müxalifəti təmsil etməsindən asılı olmayaraq, 50 siyasi partiya birgə bəyanat imzalayaraq Ali Baş Komandanla, Ordumuzla birlik nümayiş etdirdi. Məhz bu birlik sayəsində yaranmış vahid mövqe, möhtəşəm Qələbəmizi şərtləndirən amillərdən biri oldu.
Ən əsas amillərdən biri bundan ibarətdir ki, etimad və inkişaf mühiti olan yeni siyasi konfiqurasiya şəraitində dialoq prosesi ölkəmizdə siyasi sistemin inkişafını və milli birliyin güclənməsini təmin edir. Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi birlik - həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar. Beləliklə, yeni mərhələdə də siyasi qüvvələrin ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri olduqca müsbət və təqdirəlayiq hal olmaqla mühüm əhəmiyyətə malikdir!
Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri