Newscenter.az.15.03.2022. Müharibə aparan bir ölkənin başında duran şəxsin özünün, eləcə də millətinin xarakterini dərindən araşdırıb öyrənmədən, bilmədən onların addımları, reaksiya və qərarları haqda öncəgörənlik etmək doğru deyil. Doğru hesab üçün qarşındakının kimliyini, xüsusən də kritik situasiyalarda ata biləcəyi addımları mütləq bilməli, təxmin etməlisən.
Bu gün bütün dünyanın diqqətinin cəmləndiyi, ən ağılagəlməz ittihamların hədəfinə çevrilmiş şəxs – Rusiya prezidenti Vladimir Putin və onun idarə etdiyi rus xalqı da amerikalılar üçün naməlum siyasi fiqur və öyrənilməmiş millətlər sırasında deyil.
Əksinə, belə görünür ki, Ukrayna savaşını Rusiyanı diz üstə çökdürmək üçün bir fürsətə çevirməyə çalışan ABŞ da elə hər şeyi Putinin geriçəkilməz xarakterinə hesablayıb.
“Leninqrad küçələri mənə öyrətmişdi ki, savaş qaçılmazdırsa, ilk zərbəni sən endirməlisən” düşüncəsində olan adamı ABŞ çox məharətlə Ukraynada öz qardaşına ilk zərbə endirən tərəfə çevirməyi bacardı artıq! İndi də yəhudi Zelenskinin dirənişini daha bir neçə gün uzatmaqla, ona çalışırlar ki, qoca demokrat Baydenin “Qatil” adlandırdığı Putin slavyan qardaşlarının inadlı müqavimətini sındırmaq üçün gənc demokrat Klintonun dövründəki “Çeçen ssenarisi”ni Ukraynada yenidən təkrarlasın və beləcə, Corc Oruellin hər şeyi izləyən “Göz”ü önündəcə ilgəyi öz boğazına keçirib, gilyotin altına uzansın...
ABŞ demokratları hələ də unuda bilmirlər ki, Putin məhz onların hakimiyyəti dönəmindəki yanlış hesablamalarının nəticəsi olaraq siyasi səhnəyə çıxıb və çıxan kimi də ilk addımı ABŞ-ın Şimali Qafqazda Rusiyaya qarşı çeçenlərin əliylə yeni bir “Şeyx Şamil hərəkatı” yaratmaq cəhdinin qarşısını almaq olub.
ABŞ demokratları Bill Klinton dönəmində Çeçenistanda (1999), Barak Obama dönəmində Krımda (2014), 2016-cı il seçkilərində isə ABŞ-ın düz ortasındaca Putinə uduzmalarını, hərbi və siyasi əməliyyatlarının puça çıxmalarını heç cürə həzm edə bilmirlər və indi qoca Baydenin 4 illik prezidentliyinin qarşıdakı 2 ilinə də Putindən qisas ala biləcəkləri son şans, son fürsət kimi baxırlar.
Ona görə də Bayden hakimiyyətə gələn kimi, dərhal Çin lideri Si Cin Pinin deyil, Rusiya prezidenti Putinin adını əməliyyat masasına, hədəf taxtasına çıxardı. İlk gündən hər şey etdilər və hər şey də edəcəklər ki, Putin çəkilib salındığı Ukrayna bataqlığındaca batsın, boğulsun: ya könüllü hakimiyyətdən əl çəksin, ya devrilsin, ya da öldürülsün...
Şübhəsiz, bunu Putin də öncədən bilir və hansı tələyə sürükləndiyini də görürdü, ancaq bununla belə, tələyə sarı qaça-qaça getdi... Biri tələ qurulduğunu bilə-bilə tələyə doğru gedirsə, ağlını itirməyibsə, demək ki, o tələdən çıxış üçün alternativi də var, tədbirini də öncədən görüb... Putinsə axmaq adam deyil!
İndi Ukraynadakı əməliyyat uzandıqca, Rusiyanın itkilərinin sayı artdıqca və sanksiyaların əzici təzyiqi gücləndikcə, Putinin geri çəkilməyə məcbur qalacağı, məqsədinə çatmadan Zelenskidən əl götürəcəyi və beləcə, Rusiyanın son 23 ildəki yeni Çarının Ukraynada dişinin qırılaraq, Rusiyanın imperiya siyasətində çöküş erasının başlayacağını düşünənlərin sayı durmadan artır və bütün Qərb mediası da yeni texnologiyanın köməyindən yararlanmaqla hər şey edir ki, bu cür düşünənlərin sayı daha çox olsun, hüdudsuz, vahiməli Amerika gücü və əzəməti bütün dünyaya yayılsın. Görün, iş nə yerə çatıb ki, hətta dünyanın ən ağıllı başlarından biri - “Tarixin sonu və sonuncu insan”dan bəhs edən yapon əsilli amerikalı alim Fukuyama belə, Putin üçün artıq yolun sonunun gəlib çatdığı və onun daha sağ qalmayacağı qənaətindədir...
Ancaq İslam düşüncəsinə görə, taleni və ömrün müddətini insan yox, onu yaradan Allah yazır və biz Putinə indi Allahın nə qədər, nə tale və nə qədər də ömür yazdığını hələ bilə bilmərik. Biz indilikdə yalnız Putinin taleyinə çevriləcək xarakterindən danışa bilərik ki, bu haqda da ən yaxşı təqdimatlardan birini elə amerikalı demokratların özləri ediblər.
Məsələn, ABŞ prezidenti Bill Klintonun həyat yoldaşı, Obama dövründə dövlət ktibi işləmiş və 2016-cı il seçkilərində də Trampa məğlub olmuş xanım Hillari Klintonun hələ 2014-cü ildə yazdığı və özünün də əsas seçki təbliğatına çevirdiyi “Çətin seçimlər” adlı kitabında Putinin xarakterini, düşüncə sistemini, onun psixoloji portretini açan hədsiz maraqlı detallar yer alıb.
“Mən illər uzunu vaxtımı Putini başa düşmək, anlamaq yolları haqqında düşünməklə keçirdim”, - deyən xanım Klinton Rusiya prezidentini bütün Qərbi təbii olaraq özünə və ölkəsinə düşmən görən həddən artıq çətin, inadkar və geriçəkilməz, yalnz güc və qətiyyətlə hesablaşan, insanı hər zaman sınaqdan keçirməyi xoşlayan və tez-tez də həddini aşan bir insan kimi xarakterizə edir, dünyagörüşü haqda isə bunları vurğulayır: “Putinin dünyagörüşü onun Rusiya tarixinin qüdrətli çarlarına heyranlığı, Rusiyanın öz sərhədlərindəki dövlətlərə nəzarət etməkdəki çoxdankı marağı və ökəsinin heç vaxt bir daha zəif olmayacağına və Qərbin insafına qalmayacağına dair şəxsi qətiyyəti ilə təyin olunurdu”.
Xanım Klinton kitabında Putinin öz valideynləri barədə ona danışdığı hekayəni isə onun şəxsiyyətinə və idarə etdiyi ölkəyə işıq salan ən əhəmiyyətli detal olaraq anladır.
Xanım Klinton yazır: “...Mən Putinə Sankt-Peterburqa şəhərin 1941-ci ildən 1944-cü ilə qədər davam etmiş və 600 mindən çox insanın həlak olması ilə nəticələnən nasist mühasirəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmək üçün bu yaxınlarda baş tutmuş səfərim haqqında danışdım. Bu, Rusiyanın tarixə bağlı olan liderinə müəyyən şeyləri xatırlatdı. O, öz valideynlərinin mənim heç vaxt eşitmədiyim və haqqında heç vaxt oxumadığım hekayəsini danışmağa başladı. Müharibə zamanı Putinin atası cəbhə xəttindən qısa müddətə evə gəlmişdi. O, yaşadığı mənzilə yaxınlaşanda, küçədə qalaqlanmış insan cəsədləri və onları uzun bir yük maşınına yükləyən adamları görmüşdü. Maşına yaxınlaşdıqca, bir qadının kəsilmiş ayaqları diqqətini cəlb etmişdi. Ayaqlardakı ayaqqabılar onun həyat yoldaşının idi. O, oraya qaçmış və həyat yoldaşının cəsədini tələb etmişdi. Uzun mübahisədən sonra adamlar təslim olmuşdular və Putinin atası həyat yoldaşını qolları üstünə alaraq onun nəfəs alıb-almadığını yoxlayanda, onun hələ sağ olduğunu görmüşdü. Atası həyat yoldaşını pilləkənlərlə yuxarı mənzillərinə qaldırmış və ona qulluq göstərib, sağaltmışdı. 8 il sonra – 1952-ci ildə isə onların oğlu Vladimir anadan olmuşdu...”.
Təkrar edirəm: bu hekayəti xanım Klinton məhz Putinin şəxsiyyətini və idarə etdiyi ölkəsini tanımaq üçün üzərində durduğunu xüsusi vurğulayır!
Bu isə o deməkdir ki, amerikalıların çox yaxşı tanıdığı və bu gün dünyaya Hitler sifətində tanıtdırmaq istədikləri Putin özü Ukraynaya hücumuna “Ukrayna əhalisini faşizmdən xilas etmək əməliyyatı” adı veribsə, o, Zelenskiyə və onun arxasında duran ABŞ demokratlarına da vaxtilə öz anasının ayaqlarını doğrayıb küçəyə atdıqları nasistlər kimi baxır və onu cəzlandırmamış da qətiyyən geri çəkilməyəcək!
Rusiya bu savaşda uduzacaqsa, Putin ya Krımda vaxtilə məğlub olmuş Çar I Nikolayın oxşar acı taleyini yaşayacaq, ya da Almaniyada düşmən əlinə keçməmək üçün özünü hər an güllələməyə hazır bir KQB zabiti kimi davranacaq – özünü öldürəcək, ancaq ölkəsini ABŞ-a təslim etməyəcək!
Mənim təxminlərimə görə, Putin, eynilə çox sevdiyi Stalin kimi, Ukrayna cəbhəsində geri çəkilməyəcək və bu savaşı çoxsaylı əsgər itkisi və kütləvi qırğın hesabına da olsa, sonda qazanacaq; vaxtilə atası Vladimir anasını meyidlər arasından çıxarıb sağaltdığı kimi, rus xalqı da ölümcül yaralarını sağaltmağı bacaracaq, dirçələcək, inkişaf edəcək və bundan sonra daha bir də köhnə sovetlər ailəsinə mənsub qonşularından kiməsə saldırmaq fikrinə düşməyəcək, onlarla daha mehriban qonşular kimi yaşamağa alışacaq! Axı Putin özü demişdi ki, kim SSRİ-nin dağılmasına heyfslənmirsə - ürəyi, kim də yenidən bərpa etmək istəyirsə - başı yoxdur. Putinin isə həm cəsarətli ürəyi, həm də çox ağıllı başı var – son 23 ildə bunu hər kəs görüb, bilir!
Və bunu təkcə Ukraynada rus kəşfiyyatının qarmağına keçmiş avara oğlu Hanterin yox, həm də ən sevimli dostları Bill və Hillari Klintonların da qisasını almağa and içmiş Qoca Bayden bizim hamımızdan daha yaxşı bilir...
Ukrayna uğrunda ABŞ-Rusiya savaşının artıq 20-ci günü, bizdəsə 2022-ci ilin ilin “axır çərşənbə”sidir... Baharın gəlişinə az, lap az qalıb!
Elxan Şükürlü-politoloq