Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan yeni siyasi mərhələyə qədəm qoyub

Azərbaycan yeni siyasi mərhələyə qədəm qoyub


"Azərbaycan son illərdə əldə etdiyi tarixi nəticələrin fonunda yeni ictimai-siyasi və geosiyasi mərhələyə daxil olub. Bu mərhələnin əsas fərqi ondan ibarətdir ki, dövlətin qarşısında artıq əvvəlki dövrlərdə olduğu kimi ərazi bütövlüyünün və suverenliyin bərpası məsələsi deyil, əldə olunmuş nəticələrin qorunması, ölkənin uzunmüddətli inkişafının təmin edilməsi və yeni strateji hədəflərin reallaşdırılması vəzifələri dayanır".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, bu günlırdə keçirilmiş YAP-ın VIII Qurultayı əslində bu mərhələnin başlanğıcının anonsu idi:

"Prezident İlham Əliyevin qurultaydakı çıxışında Azərbaycanın keçdiyi yolun siyasi yekunları ilə yanaşı, yeni şəraitin yaratdığı vəzifələrə də diqqət yönəldilib. Dövlət başçısının sözlərinə görə, qurultay yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir və bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonrakı ilk YAP qurultayıdır. Bu fakt siyasi mərhələ dəyişikliyinin mühüm göstəricilərindən biri kimi nəzərdən keçirilə bilər. Çünki Azərbaycanın son üç onillikdəki siyasi tarixində dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, ordu quruculuğu, beynəlxalq mövqelərin gücləndirilməsi və ərazi bütövlüyünün bərpası bir-birini tamamlayan proseslər olub. Prezidentin qurultaydakı çıxışında da YAP-ın 1992-ci ildə yaranmasından başlayaraq bu siyasi xəttin tarixi inkişafı xüsusi kontekstdə təqdim edilib".

Arzuman Muradlının sözlərinə görə, yeni mərhələnin mühüm xüsusiyyəti ondan ibarətdir ki, siyasi gündəmin ağırlıq mərkəzi dəyişir:

"Ərazi bütövlüyünün bərpası ilə Azərbaycan qarşısında yeni prioritetlər meydana çıxıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkişafı, sosial rifahın yüksəldilməsi və ölkənin rəqabətqabiliyyətinin daha da artırılması.

Bu baxımdan yeni siyasi mərhələni yalnız siyasi idarəçilikdə dəyişiklik kimi deyil, dövlətin qarşısında duran strateji vəzifələrin mahiyyətinin dəyişməsi kimi xarakterizə etmək daha düzgün olar".

Süleyman
Xəbəri paylaş