
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair qaydalar dəyişib.
Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyev "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında" 2026-cı il 10 sentyabr tarixli fərmanında dəyişiklik edib.
Dövlət başçısının imzaladığı yeni fərmana əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri yalnız həmin təşkilatların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.
Bununla da büdcədənkənar vəsaitlərin sosial müdafiəyə yönəldilməsi ilə bağlı əvvəlki məhdudiyyət, yəni vəsaitlərin yalnız "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərə şamil edilməsi tələbi aradan qaldırılıb.
Bundan başqa, aidiyyəti təkliflərin hazırlanaraq Prezidentə təqdim edilməsi üçün nəzərdə tutulan müddət bir aydan üç aya qədər artırılıb.
Fərmanın müvafiq müddəalarının tətbiq tarixi də dəyişdirilib. Belə ki, əvvəl 2026-cı il sentyabrın 1-dən tətbiqi nəzərdə tutulan 1.1-ci və 1.3-cü bəndlər oktyabrın 10-dan tətbiq ediləcək.
Anar












































